Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “News.am” nəşri yazıb.
Nəşrə görə, 2026-cı ilin əvvəlində tətbiq edilən yeni metodologiya sayəsində Ermənistanda ilk dəfə olaraq cinayət göstəriciləri cinayətlərin qeydiyyata alındığı il və onların faktiki törədilmə vaxtı ayrılıqda nəzərə alınmaqla ümumiləşdirilib ki, bu da kriminogen vəziyyətin yaxşılaşması təəssüratını yaradıb.
“Cinayətlərin ümumi sayından əvvəlki illərə aid hadisələri çıxmaqla, nazirlik faktiki olaraq hesablamanın əsasını kiçildib və nəticədə açılma faizi kəskin artım göstərib.
Belə ki, rəsmi statistikaya əsasən, 2024-cü ildə 40 232 cinayət, 2025-ci ildə isə 46 337 cinayət qeydə alınıb. Yəni əvvəlki metodologiya ilə hesablanarsa, nazirlik 2025-ci ildə cinayətlərin sayının 2024-cü illə müqayisədə 6 105 hadisə və ya 15.17% artdığını etiraf etməli idi.
Lakin yeni metodologiya tətbiq olunaraq cinayətlərin faktiki törədilmə vaxtı nəzərə alındıqda tam fərqli mənzərə yaranıb: 2024-cü ildə faktiki olaraq 42 057, 2025-ci ildə isə 40 722 cinayət törədilib. Nəticədə nazirlik 2025-ci ildə cinayətlərin sayının əvvəlki illə müqayisədə 1 335 hadisə və ya 3.2% azaldığını bildirib. Bu statistika öz növbəsində Baş Prokurorluq tərəfindən 2025-ci il üzrə illik hesabatda da istifadə edilərək cinayətlərin azalması kimi təqdim olunub”, - deyə müəllif bildirib.
Nəşrə görə, diqqət çəkən məqam odur ki, əvvəlki dövrlərdə cinayət göstəriciləri sabit olduqda və ya azalma tendensiyası müşahidə edildikdə, nazirlik heç vaxt hesablamaların “yanlış” və ya natamam metodologiya ilə aparıldığını bildirməyib, prokurorluq isə öz təhlillərində və hesabatlarında metodologiyanın təkmilləşdirilməsi məsələsinə toxunmayıb.
“Hərçənd yeni metodologiyanın tətbiqi peşəkar baxımdan əsaslandırıla bilər, lakin sual yaranır: niyə bu, daha əvvəl tətbiq olunmayıb və niyə məhz seçki ilində cinayətlərin kəskin artımını “yumşaltmaq” zərurəti ilə üst-üstə düşüb?”, - deyə nəşr vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az