Ordu.az xəbər verir ki, bunu iranlı ekspert, doktor Ehsan Movahedian öz məqaləsində bildirib.
“Təəccüblüdür ki, Ermənistanda bəzi məhdud sayda ekspertlər, o cümlədən “Respublika” partiyasının rəhbəri Aram Sarkisyan 44 günlük müharibə zamanı İsrailin Azərbaycanla hərbi əməkdaşlığını əsaslandırmağa çalışır və erməni KİV-lərində reallıqdan uzaq iddialar irəli sürərək Ermənistan ilə İsrail arasında münasibətlərin bərpasına zəmin yaradırlar.
O, son müsahibəsində Ermənistana İsraildən silah almağa çağırış edib. Təəccüblüdür ki, bir erməni İsrailin Bakıya genişmiqyaslı silah tədarük etdiyini və bunun minlərlə erməninin ölümünə səbəb olduğunu nəzərə almadan belə bir fikir irəli sürə bilir və anlamır ki, heç bir ölkə öz qatı düşmənindən silah almır”, - deyə o qeyd edib.
Movahedian sual verib ki, Ermənistan rəsmiləri bu cür addımlarla İranın özlərinə qarşı təhlükəsizlik yanaşmasının formalaşmasına səbəb olmaq istəyirlərmi?
“Bu yol müstəqilliyin itirilməsi, İsrailin “koloniyası”na çevrilmək, ölkənin bütün resurslarını İsrailə vermək və öz xalqını bundan məhrum etmək deməkdir.
İsrailin daim (qondarma-red.) “erməni soyqırımı” ilə bağlı tarixi narrativi senzura etməsi və media məkanında Holokost ideyasının üstünlük təşkil etməsinə çalışması fonunda Ermənistan ilə İsrail arasında münasibətlərin dərinləşdirilməsi nə dərəcədə düzgündür?
Ermənistan öz kimliyini və sivilizasiya əsaslarını sarsıtmağa çalışan, erməni xalqının 3000 illik sivilizasiyasını məhv etmək məqsədilə Ermənistanın türk dünyasına qoşulmasını təşviq edən dövlətlərlə üz-üzə qaldığı bir şəraitdə İsraillə əməkdaşlıq edə bilməz. Çünki məhz İsrail bu ideologiyanı bölüşür və İranla Ermənistanın geosiyasi mühasirəyə alınması məqsədilə türk dünyasının güclənməsini dəstəkləyir. Bu proses Ermənistan üçün ağır zərbə olacaq, çünki İsraillə mümkün əməkdaşlıq nəticəsində Ermənistan xarici dünya ilə yeganə təhlükəsiz quru sərhədini, İranla sərhədini itirə bilər”, - deyə iranlı ekspert yazıb.
Onun sözlərinə görə, İran müxtəlif sahələrdə Ermənistana ən qabaqcıl texnologiyalar təqdim etmək imkanına malikdir.
“Yol tikintisi, texniki və mühəndislik xidmətləri və digər sahələrdə İran şirkətlərinin nailiyyətləri buna sübutdur.
Ermənistanda milli kimliyin və sivilizasiya komponentlərinin möhkəmləndirilməsi ciddi diqqət tələb edir. Ermənistanın iqtisadi, ticarət və təhlükəsizlik tərəfdaşları arasında müxtəliflik yaratmaq istəyi məntiqli olsa da, bu məqsədlə İsrail kimi ölkələri seçmək məntiqli deyil, çünki belə ölkələr imkan tapdıqda həmin dövlətin müstəqil kimliyini məhv etməkdən çəkinməzlər.
Ermənilər “3000 illik tarixləri, milli qəhrəmanları, dili və yazısı, həmçinin müstəqil erməni kilsəsi” ilə fəxr etməli, bu tarixi və sivilizasiya irsini gənc nəsilə ötürmək üçün səy göstərməlidirlər və İsrail və Qərb tərəfindən verilən müvəqqəti rifah vədlərinin daimi olacağını düşünməməlidirlər.
Müstəqillik bir və ya bir neçə xarici gücə tam bağlılıqla qarışdırılmamalıdır. Bu səhv yanaşma əvvəllər Rusiyaya münasibətdə də olub və əgər bu, ABŞ-nin və onun müttəfiqləri, yəni İsrail və Türkiyə ilə bağlı təkrarlansa, nəticələri dağıdıcı olacaq. Ermənistan nə türk dünyasına, nə rusyönlü Avrasiya məkanına, nə də NATO-ya tam şəkildə daxil olmamalıdır”, - deyə Movahedian vurğulayıb.
O qeyd edib ki, digər tərəfdən, İran da Ermənistanla iqtisadi bağlılığın dərinləşdirilməsi və həmin ölkənin ehtiyaclarının ödənilməsi istiqamətində daha ciddi addımlar atmalıdır.
“Qafqaz üzrə mütəxəssislər sabit yanacaq təchizatı və digər diqqətdən kənarda qalan iqtisadi sahələrdə əməkdaşlığın vacibliyini dəfələrlə vurğulayıblar. İnformasiya texnologiyaları sahəsində əməkdaşlıq və Oman körfəzindən Gürcüstana qədər uzanan vahid dəhliz şəbəkəsinin yaradılması hər iki ölkənin maraqlarını təmin edə bilər.
İran-Ermənistan strateji münasibətlərinin yenidən qurulması və iki ölkə arasında hərtərəfli strateji sazişin imzalanması mühüm əhəmiyyət daşıyır. İran Ermənistanın yeganə qonşusudur ki, erməni kimliyinin məhvini hədəfləmir və İran ilə Ermənistan arasında birbaşa quru əlaqəsini dəstəkləyir.
Müstəqilliyini qorumaq üçün Ermənistan enerji, tranzit və sərhəd təhlükəsizliyi sahələrində İranla əməkdaşlığı dərinləşdirməli və Qərbin Tehranla münasibətlərin azaldılması istiqamətindəki təzyiqlərinə qarşı durmalıdır. Çünki quru sərhədin itirilməsi və ya İranla əlaqələrin zəifləməsi Ermənistanın türk dünyası və onun dəstəkçiləri, o cümlədən İsrail tərəfindən ölümcül mühasirəyə alınması deməkdir”, - deyə Movahedian bildirib.
İranlı ekspert vurğulayıb ki, Ermənistanın siyasətçiləri milli təhlükəsizliklərini vasitəçilər üzərindən deyil, müstəqil şəkildə müəyyən etməlidirlər və onu Donald Tramp və Benyamin Netanyahu kimi “qeyri-sabit” fiqurlarla əlaqələndirməməlidirlər.
“Ermənistan öz ordusunu İsrailin və ya Qərbin təhlükəsizlik podratçısına çevirməməli, təhlükəsizliyini Trampın şifahi zəmanətlərinə və ya Netanyahunun boş vədlərinə etibar etməməlidir.
Bu məsələdə İran həmişə olduğu kimi effektiv rol oynaya bilər və Ermənistana öz müdafiə çəkindirmə sistemini qurmağa kömək edə bilər. Unudulmamalıdır ki, İran Ermənistanla ayrı-ayrı və birgə təlimlər keçirərək, dəfələrlə iki ölkə sərhədlərinin qorunmasının vacibliyini vurğulayaraq bu məsələdə ciddi olduğunu göstərib.
Həmçinin yadda saxlamaq lazımdır ki, özünü müdafiə edə bilməyən dövlət sonda öz kimliyini güzəştə getməyə məcbur olur.
Bu şəraitdə erməni narrativi müdafiə xarakterli, emosional və yalnız keçmişə bağlı olmamalıdır. Qafqazı, Aralıq dənizi hövzəsini və İranı birləşdirən körpü kimi erməni sivilizasiyası yenidən düşünülməli və İran, Ermənistan və Qərb universitetlərində, analitik mərkəzlərdə və media platformalarında fəal şəkildə təqdim olunmalıdır.
Hər iki ölkə yeni nəsil diplomatlar və narrativ formalaşdıran mütəxəssislər yetişdirməlidir ki, onlar İran və Ermənistan arasında əməkdaşlığın və dostluğun daha da möhkəmlənməsi ümidi ilə “yumşaq güc”ün avanqardına çevrilsinlər”, - deyə Movahedian bildirib.
Alpər Mövludoğlu
Ordu.az