Ermənistan rəsmisi: “İran üzərindən Ermənistana daşınan yüklərin bir hissəsi itib”

2026/04/Ekran-1775114834.jpg
Oxunub: 421     11:22     02 Aprel 2026    
“İranın Bəndər-Abbas limanında yaranmış vəziyyət səbəbindən Ermənistana göndərilən çoxsaylı konteynerlər sadəcə itib. Onların yerləşdiyi yer barədə hazırda heç bir məlumat əldə etmək mümkün deyil”.

Ordu.az xəbər verir ki, bu barədə “News.am” nəşrinə açıqlamasında Ermənistan Ticarət-Sənaye Palatasının vitse-prezidenti Karen İvanov bildirib.

Onun sözlərinə görə, bu cür problemlərlə bağlı palataya çoxsaylı müraciətlər daxil olur.

“Problem həqiqətən ciddidir. Elə konteynerlər var ki, sadəcə itib, onların harada olduğunu belə bilmirik, ümumiyyətlə heç bir informasiya yoxdur. Bu, kommunikasiya problemidir. Ola bilər ki, hər şey qaydasındadır və konteynerlər, məsələn, Bəndər-Abbasdadır və sakit vaxtı gözləyirlər ki, Ermənistana çatdırılsın. Amma mümkündür ki, həmin konteynerlər artıq mövcud deyil. İranla əlaqə qurmaq demək olar ki, mümkün deyil”, - deyə Karen İvanov qeyd edib.

O bildirib ki, şəxsən özü bu cür onlarla hadisə barədə məlumatlıdır, lakin real say daha çox ola bilər. Onun sözlərinə görə, problem yalnız itən yüklərlə məhdudlaşmır. Hətta məhsul yerində olsa və sonradan tapılsa belə, onun daşınma xərcləri sürətlə artır. Beynəlxalq bazarda gəmilərin icarə qiymətləri artıq təxminən 30% artıb. Logistika xərclərinin artması isə təbii olaraq qiymət artımına səbəb olacaq. Lakin bahalaşmanı istehlakçılar 1-2 ay sonra hiss edəcəklər, çünki sahibkarlar əvvəlcə ehtiyatlarını istifadə edəcəklər.

Yüklərin daşınma müddəti kifayət qədər uzundur və marşrut dəyişdirildiyi halda bu müddət 3 aya qədər çata bilər.

“Yollar həm vaxt, həm də qiymət baxımından uzanır. Nəticədə qiymət artımı olacaq. Bahalaşmanın nə qədər olacağını indidən qiymətləndirmək çətindir. Biz artıq bu problemləri görürük, lakin istehlakçılar hələ bunu hiss etməyiblər. Hesab edirəm ki, yaxın bir-iki ay ərzində bu hiss olunmayacaq. Bütün dünyada logistika zəncirləri pozulub. Optimal həllər tapılana qədər hər halda vaxt lazımdır”, - deyə o əlavə edib.

Karen İvanovun sözlərinə görə, yaranmış problemlər ciddi, risklər isə böyükdür. Zərərlərin kompensasiyası baxımından əsas təminat ondan ibarətdir ki, dəniz daşımalarının böyük hissəsi sığortalanıb. Bu isə o deməkdir ki, yük itirildiyi halda maliyyə zərərləri ödəniləcək. Əsas narahatlıq isə xammalın gecikməsi səbəbindən istehsal proseslərinin dayanmasıdır.

Sığorta maliyyə itkilərini kompensasiya edə bilər, lakin mağazalarda boşalan rəfləri doldura və ya istehsal zəncirlərindəki fasilələri aradan qaldıra bilməz. Mütəxəssislərin proqnozlarına görə, əgər vəziyyət qısa müddətdə həll olunmasa, 1-2 ay sonra təkcə bahalaşma deyil, həm də bəzi məhsulların çatışmazlığı ilə üzləşmək mümkün olacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Ermənistan  


Bizi "telegram"da izləyin