Ordu.az xəbər verir ki, bu barədə TASS-a müsahibəsində Rusiyanın baş nazirinin müavini Aleksey Overçuk bildirib.
“Reallıq ondan ibarətdir ki, Ermənistan dəmir yolu, əgər mövcudluğunu qoruyub saxlasa, öz iqtisadiyyatının ehtiyaclarına xidmət edən xətt olaraq qalacaq və onun real perspektivləri AİB ilə bağlıdır. Bizim marağımız Ermənistanla, eləcə də regionun bütün dövlətləri ilə ticarəti artırmaqdır, lakin əgər bizə desələr ki, rus şirkətlərinin Ermənistandakı mövcudluğu Ermənistanın maraqlarına xidmət etmir, onda qarşılıqlılıq prinsipi əsasında haqlıdır ki, sual verək: əgər rus şirkətləri və sahibkarları Ermənistanda fəaliyyət göstərə və pul qazana bilmirlərsə, niyə erməni şirkətləri və sahibkarları Rusiyada fəaliyyət göstərə və pul qazana bilirlər?”, - deyə o qeyd edib.
Overçuk vurğulayıb ki, xarici iqtisadi münasibətlər “ikitərəfli küçə”dir. “Qarşılıqlı ticarət olmadan yük daşımaları yoxdur və Ermənistan dəmir yolunun buraxıcılıq qabiliyyəti də bundan asılıdır. Rusiyada bizneslə məşğul olan erməni biznes nümayəndələri buna diqqət yetirməlidir. Nəhayət, biz məsələni məhz bu kontekstdə nəzərdən keçiririk və bu, açıq şəkildə müzakirə olunmalıdır”, - deyə Rusiyanın baş nazirinin müavini bildirib.
Overçuk qeyd edib ki, erməni biznes nümayəndələri Aİ-yə məhsul satmaq perspektivlərini ayıq şəkildə qiymətləndirməlidirlər.
“Mən əminəm ki, erməni biznesi erməni meyvə və tərəvəzlərinin, erməni mineral suyunun və erməni alkoqolunun Avropa bazarında satış perspektivlərini ayıq şəkildə qiymətləndirir. Bu sahələrdə çalışanlar, eləcə də həmin məhsulların daşıyıcıları da bunu nəzərə almalıdır. Əlbəttə, bəziləri iddia edəcək ki, Ermənistanın Avropa perspektivləri var və AİB ilə əlaqələri yalnız Aİ ilə ticarət AİB ilə ticarəti əvəz edənədək lazım olacaq. Lakin avropalıların marağı artıq erməni məhsullarının Avropa bazarına daxil olmasına icazə verilməsi məsələsində ifadə olunub”, - deyə o əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az