Rusiya Paşinyanın Azərbaycan və Türkiyə sərhədinədək dəmir yolunun bərpası ilə bağlı çağırışına reaksiya verib

2021/09/overc-1632121557.jpg
Oxunub: 481     10:25     02 Aprel 2026    
“Rusiya mütəxəssisləri Ermənistanın qonşu ölkələrlə əlaqə qurması üçün dəmir yolu xətlərinin hissələrini qısa müddətdə bərpa edə bilərlər”.

Ordu.az xəbər verir ki, bu barədə TASS agentliyinə müsahibəsində Rusiyanın baş nazirinin müavini Aleksey Overçuk bildirib.

Baş nazirin müavini xatırladıb ki, 2025-ci il dekabrın ayında Ermənistan tərəfi “ən yüksək səviyyədə” Rusiyadan Azərbaycan və Türkiyə sərhədlərinə yaxın yerləşən iki qısa dəmir yolu hissəsinin bərpasını xahiş edib. Həmin hissələrin ümumi uzunluğu 12-13 km təşkil edir.

“Bu müraciət Rusiyada ən yüksək səviyyədə müzakirə olunub və müsbət cavab verilib. Biz Ermənistanın dost xalqını dəstəkləyirik. Bu iki hissənin bərpası ölkəmizin maraqlarına uyğundur və, əlbəttə, müvafiq danışıqlara hazırıq”, - deyə Overçuk bildirib.

Onun sözlərinə görə, Rusiyanın bu marşrutların bərpasına kömək təklifinə cavab olaraq, Ermənistanın baş naziri Nikol Paşinyan “rusiyalıların konsessiyası Ermənistanın inkişafı üçün maneələr yaradır: rus nəzarəti səbəbindən heç kim bu marşrutdan istifadə etməyəcək” deyə bildirib və Rusiyaya konsessiyanı həm Rusiya, həm də Ermənistan üçün dost olan başqa bir ölkəyə satmağı təklif edib.

“Əgər Rusiyanın regionda nəqliyyat əlaqələrinin inkişafında davamlı iştirakını görmürsünüzsə, bəs nə üçün bu marşrutların bərpası üçün Rusiyanı dəvət etmisiniz? Bir şeyi deyib, başqa cür davranmaq, razılaşarsınız ki, münasibətlərin inkişafı üçün ən yaxşı yol deyil”, - deyə baş nazirin müavini qeyd edib.

Onun fikrincə, Paşinyanın müsahibəsi göstərib ki, “Rusiyanın dəmir yolu şirkətinin Ermənistandakı mövcudluğu ölkənin rəqabət üstünlüklərindən istifadə etməsinə mane olur, çünki bəzi digər ölkələr orada rus şirkətinin olmasını istəmirlər”. “Ehtimal olunur ki, Rusiya kimlərisə qorxudur və bu da ona gətirib çıxaracaq ki, Azərbaycanın Naxçıvanından yüklər birbaşa Türkiyəyə gedəcək, Ermənistan üzərindən keçməyəcək”, - deyə Overçuk izah edib.

Baş nazirin müavini vurğulayıb ki, rus dəmir yolu mütəxəssisləri dəmir yollarının tikintisi və bərpasını yaxşı bacarırlar və bunu peşəkar, sürətli və effektiv şəkildə həyata keçirirlər. Onun sözlərinə görə, Ermənistan bunu 2024-cü il may-iyun aylarında baş verən təbii fəlakət zamanı görüb, həmin vaxt ölkəni xarici dünya ilə birləşdirən yeganə dəmir yolunun bir hissəsi dağılıb.

Overçuk qeyd edib ki, o zaman Ermənistan çətin vəziyyətdə idi və Vladimir Putinin qərarından sonra Rusiya dərhal köməyə gəlib. Dəmir yolu əlaqəsi üç həftə ərzində bərpa olunub. “Beləliklə, bu 10-15 kilometrlik hissə də çox tez bərpa edilə bilər”, - deyə o əlavə edib.

Onun sözlərinə görə, Ermənistanın bərpa etmək istədiyi dəmir yolu hissələrinin perspektivləri kifayət qədər məhduddur. O bildirib ki, yaxın vaxtlarda Rusiyanın nümayəndə heyəti İrəvandan qayıdıb və orada “bu iki hissənin bərpası üçün vəsaitin cəlb edilməsi və geri qaytarılması şərtlərini” müzakirə edib.

Overçuk vurğulayıb ki, rus mütəxəssislərin qiymətləndirməsinə görə, bu qısa hissələrin bərpası kommersiya layihəsidir. “Biz fikir mübadiləsi apardıq, rus təkliflərini erməni tərəfdaşlarımıza təqdim etdik və danışıqlar davam edir”, - deyə o bildirib.

“Bu hissələrin istifadəsi və hətta bu kiçik investisiyanın geri qaytarılması üçün maliyyə axınının formalaşdırılması ilə bağlı kifayət qədər məhdud perspektivlər görürük”.

Baş nazirin müavini əlavə edib ki, bu vəziyyət Ermənistan dəmir yollarının Rusiyanın konsessiyası altında olması ilə bağlı deyil, daha çox obyektiv səbəblərlə, Gürcüstan, İran və ya Rusiya üzərindən alternativ marşrutların mövcudluğu, eləcə də Xəzər dənizinin vəziyyəti ilə əlaqədardır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Overçuk   Paşinyan  


Bizi "telegram"da izləyin