İran ABŞ-nin uçan komanda mərkəzini məhv etdi: E-3 “Sentry” nədir, niyə vacibdir? (FOTOLAR)

2026/03/1774886235.jpg
Oxunub: 1987     19:56     30 Mart 2026    
İran hücumu nəticəsində ABŞ-nə məxsus E-3 “Sentry” təyyarəsi məhv edilib. Bəs bu ABŞ üçün nə deməkdir? E-3 “Sentry” AWACS təyyarəsi nədir, niyə bu qədər vacibdir və dəyəri nə qədərdir?

Yaxın Şərqdə gərginlik artdığı bir vaxtda, martın 27-də Səudiyyə Ərəbistanındakı “Şahzadə Sultan” Hərbi Hava Bazasına təşkil edilən İran hücumunun nəticələri getdikcə aydınlaşır. İlk məlumatlarda yalnız ziyanın müəyyənləşdirilməsinə diqqət yetirilsə də, ortaya çıxan yeni görüntülər hücumun miqyasının gözləniləndən daha ciddi olduğunu göstərir. Xüsusilə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus E-3 “Sentry” Havadan Erkən Xəbərdarlıq və İdarəetmə (AWACS) təyyarəsinin tamamilə məhv edildiyi ilə bağlı məlumatlar diqqət çəkir.

Hücum zamanı ABŞ personalından ən azı 10 nəfərin yaralandığı, bəzi yaralıların vəziyyətinin ağır olduğu bildirilir. Bölgədən yüksək keyfiyyətli kommersiya peyk görüntülərinin gec paylaşılması səbəbindən ziyanın miqyası uzun müddət dəqiq müəyyən edilə bilməmişdi. Lakin sosial şəbəkələrdə yayılan yer səviyyəsindən çəkilmiş fotolar kritik itkini üzə çıxardı.

E-3 “Sentry”nin qalıqları üzə çıxıb

Yayılan görüntülərdə seriya nömrəsi 81-0005 olan E-3 “Sentry” təyyarəsinin arxa gövdəsinin tamamilə yanaraq yararsız hala düşdüyü görünür.


Hücumda uzaq mənzilli kamikadze pilotsuz uçuş aparatları və ballistik raketlərin istifadə olunduğu ehtimal edilir. E-3 “Sentry”-dən başqa bir neçə hərbi reaktiv təyyarənin də zədələndiyi bildirilir. Bu, eyni zamanda E-3 “Sentry”nin məlum olan ilk döyüş itkisi hesab olunur.

Daha əvvəl eyni bazaya edilən hücumlarda ən azı beş yanacaq doldurma təyyarəsinin də zədələndiyi məlumdur. Ər-Riyad yaxınlığında yerləşən bu baza ABŞ-nin bölgədəki əməliyyatları üçün kritik mərkəz sayılır və tez-tez hədəf alınır.

ABŞ-nin AWACS qabiliyyəti sual doğurur

E-3 “Sentry”nin itkisi yalnız bir platformanın məhv edilməsi demək deyil. Bu təyyarələr hava məkanını izləmək, raket təhdidlərini erkən aşkar etmək və hava əməliyyatlarını koordinasiya etmək kimi həyati vəzifələr yerinə yetirir. ABŞ-nin inventarında hazırda cəmi 16 ədəd E-3 mövcuddur və bu parkın böyük hissəsi artıq köhnəlib.


Aşağı əməliyyat hazırlığı səviyyəsinə görə bu təyyarələrin hamısı eyni anda istifadə oluna bilmir. Bu da aktiv istifadədə olan platformaların sayını daha da azaldır. Müharibədən əvvəl bölgəyə altı ədəd E-3 yerləşdirilmişdi, lakin bu itki mövcud qabiliyyəti daha da zəiflədir.

Bəs ABŞ-nin bu E-3 “Sentry” təyyarəsi konkret olaraq nə edir, niyə bu qədər vacibdir və dəyəri nə qədərdir?

E-3 “Sentry” nədir?

E-3 “Sentry” AWACS, yəni Havadan Erkən Xəbərdarlıq və İdarəetmə Sistemi kimi tanınan platformadır. Onun əsas vəzifəsi yalnız radar müşahidəsi aparmaq deyil, eyni zamanda döyüş meydanını real vaxtda izləmək və idarə etməkdir.

Təyyarənin ən diqqətçəkən xüsusiyyəti gövdəsinin üzərində yerləşən təxminən 9 metr diametrli fırlanan radar günbəzidir. Bu sistem sayəsində E-3 eyni anda hava, quru və dəniz hədəflərini geniş ərazidə aşkar edə bilir. Təyyarə sanki səmada fəaliyyət göstərən komanda mərkəzi kimi işləyir.

Bu platformalar döyüş zamanı düşmən təyyarələrini və raketləri erkən mərhələdə aşkar edir, döyüş təyyarələrini yönləndirir, hava məkanındakı bütün elementləri koordinasiya edir və real vaxt kəşfiyyat məlumatı təqdim edir. Buna görə E-3-lər tez-tez “müharibənin şahmat ustaları” kimi təsvir olunur.

E-3 “Sentry” əslində yeni təyyarə deyil. Bu platforma “Boeing 707” sərnişin təyyarəsi əsasında hazırlanıb və istehsalı 1992-ci ildə dayandırılıb. ABŞ keçmişdə 30-dan çox E-3-ə sahib olsa da, bu say zamanla ciddi şəkildə azalıb. Platforma indiyə qədər Körfəz müharibəsi, Kosovo əməliyyatları, İraq və Əfqanıstan müharibələri və İŞİD-ə qarşı əməliyyatlar daxil olmaqla bir çox iri hərbi əməliyyatda fəal istifadə olunub.

E-3 “Sentry” niyə bu qədər vacibdir?

E-3 “Sentry”nin əhəmiyyəti təmin etdiyi “böyük mənzərə” üstünlüyündən irəli gəlir. Müasir hava müharibəsində pilotların yalnız öz radarlarına güvənməsi kifayət etmir. Geniş döyüş sahəsində təhdidləri əvvəlcədən görmək və düzgün zamanda düzgün qərar vermək həyati əhəmiyyət daşıyır.

Mütəxəssislərə görə bir E-3-ün itkisi hava məkanında məlumat boşluğu yaradır, raket və hücumların aşkarlanmasında gecikmələrə səbəb olur, döyüş təyyarələrinin effektivliyini azaldır və əməliyyatların koordinasiyasını çətinləşdirir.

ABŞ Hərbi Hava Qüvvələrinin inventarında cəmi 16 ədəd E-3 qalması bu itkini daha da kritik edir. Üstəlik, bu təyyarələrin hamısı istənilən anda istifadəyə hazır deyil, əməliyyat hazırlıq səviyyəsi təxminən 56 faiz təşkil edir.

E-3 “Sentry”nin dəyəri nə qədərdir?

E-3 “Sentry”nin dəyəri mənbələrə görə dəyişsə də, bir təyyarənin qiyməti təxminən 270-300 milyon dollar səviyyəsindədir. Lakin bu yalnız platformanın öz qiymətidir.

Onun yerini alması planlaşdırılan yeni nəsil E-7 “Wedgetail” təyyarələrinin bir ədədinin qiymətinin 700 milyon dollardan artıq olacağı bildirilir. Bu da erkən xəbərdarlıq təyyarələrinin nə qədər bahalı və strateji əhəmiyyətli olduğunu göstərir.

E-3 “Sentry” xüsusiyyətləri

Uzunluq: 46,6 metr
Qanad açılımı: 44,4 metr
Hündürlük: 12,6 metr
Mühərriklər: 4 ədəd “Pratt & Whitney” TF33 turbofan (bəzi versiyalarda CFM56)
Maksimal sürət: təxminən 580 km/saat (Mach 0.48)
Maksimal hündürlük: 10.600 metr və daha yüksək
Uçuş məsafəsi: 9.200 kilometrdən artıq
Havada qalma müddəti: təxminən 8 saat (havada yanacaq doldurma ilə daha uzun)
Radar məsafəsi: aşağı hündürlükdə 400 km+, yüksək hündürlükdə 650 km+
Radar sistemi: AN/APY-1 və ya AN/APY-2 “Pulse-Doppler”
Ekipaj: 4 uçuş heyəti + 13-19 missiya mütəxəssisi
Maksimal qalxma çəkisi: 151.953 kiloqram


Onun yerinə yeni nəsil E-7 “Wedgetail” gəlir

ABŞ E-3 parkını əvəz etmək üçün E-7 “Wedgetail” platformasını istifadəyə verməyi planlaşdırır. “Boeing 737” bazasında hazırlanmış bu yeni təyyarə AESA əsaslı MESA radarı ilə daha inkişaf etmiş aşkarlama qabiliyyəti təqdim edir.


E-7 “Wedgetail”in əsas xüsusiyyətləri bunlardır:

600 km-dən artıq hava məkanı müşahidə qabiliyyəti,
370 km-dən artıq döyüş təyyarəsi aşkarlama məsafəsi,
240 km-dən artıq dəniz hədəfi aşkarlama qabiliyyəti,
Eyni anda 180 hədəfi izləmə və 24 hədəfə nişanalma imkanı.


Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ   E-3-Sentry  


Bizi "telegram"da izləyin