Ordu.az xəbər verir ki, bu dörd ayaqlı robotlar kəşfiyyat, logistika və hücum tapşırıqlarını bir arada avtonom şəkildə yerinə yetirə bilir.
Çin Xalq Azadlıq Ordusu şəhər döyüş meydanlarında birlikdə hərəkət edə bilən və tək bir əsgər tərəfindən idarə oluna bilən ağıllı robotlarını ictimaiyyətə təqdim edib. Dövlət kanalı CCTV-də yayımlanan “Unmanned Competition” sənədli filmində nümayiş etdirilən bu “canavar sürüləri” robotların bir-biri ilə koordinasiyalı şəkildə fəaliyyət göstərməsinə imkan yaradır və bunun sayəsində əsgərlər riskə girmədən ərazi təmizləmə əməliyyatları həyata keçirə bilir.
Tapşırığa görə fərqli təchizat
Məlumatlara görə, sürüdəki robotlar müxtəlif vəzifələri yerinə yetirə bilir. “Shadow” modeli kəşfiyyat və situasiya məlumatlılığı təmin etdiyi halda, “Polar” modeli logistika dəstəyi üçün nəzərdə tutulub. Hücum xəttində isə müxtəlif silahlarla təchiz edilə bilən “Bloody” modeli yer alır. Bu model kiçik raketlərdən qumbaraatanlara və pulemyotlara qədər geniş diapazonda atəş gücü təqdim edir. Robotların maksimal sürəti saatda 14,5 kilometr, daşıma qabiliyyəti isə 25 kiloqram olaraq açıqlanıb. Dörd ayaqlı quruluşu sayəsində çətin relyefdə rahat hərəkət edə bilir və yol asılılığı olmadan tapşırıqları yerinə yetirir.
İdarəetmə mexanizmləri də kifayət qədər müxtəlifdir. Robot sürüləri səsli əmrlər, taktiki əlcəklər və ya tüfəngə inteqrasiya olunmuş idarəetmə çubuqları vasitəsilə yönləndirilə bilir. Avtomatik tanıma və hədəfləmə qabiliyyətinə malik olsalar da, hücum həyata keçirilərkən insan təsdiqinin tələb olunduğu bildirilir.
Bu robot canavarlar yalnız quru əməliyyatları ilə məhdudlaşmır. Uçuş qabiliyyətləri olmasa da, digər pilotsuz uçuş aparatları ilə koordinasiyalı şəkildə fəaliyyət göstərə bilir.
Müasir döyüş meydanlarında pilotsuz uçuş aparatlarının ciddi təhdid yaratması səbəbindən Çin ordusu iki yeni pilotsuz uçuş aparatlarına qarşı lazer silahını da nümayiş etdirib. “Guangjian” 11-E aşağı güclü, enerji baxımından səmərəli lazer vasitəsilə kiçik kommersiya pilotsuz uçuş aparatlarını zərərsizləşdirir, 21-A modeli isə daha böyük hədəfləri məhv edə bilir.
Sevinc Əliyeva
Ordu.az