Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Son dövrlərdə müasir döyüş sahəsini əhəmiyyətli dərəcədə dəyişdirən sürü və kamikadze pilotsuz uçuş aparatı təhdidlərinə qarşı SYS Qrup şirkətlərindən UNIROBOTICS-in rəhbərliyi ilə yenilikçi Yeni Nəsil Mobil Təbəqəli Pilotsuz Uçuş Aparatı Əleyhinə Müdafiə Arxitekturası (C-UAS) hazırlanıb.
Tək bir mərkəzdən asılı olmayan, mərkəzləşdirilməmiş (decentralized) quruluşu ilə seçilən bu arxitektura Qrupun istehsal etdiyi 12.7 mm M3 ağır pulemyotu və 30 mm VENOM LR orta çaplı top sistemlərini vahid mobil ekosistemdə birləşdirir.
Klassik hava hücumundan müdafiə sistemlərindən fərqli olaraq, UNIROBOTICS tərəfindən hazırlanmış bu konsepsiya tamamilə paylanmış arxitektura üzərində qurulub. İstənilən 4×4 mobil platformaya inteqrasiya edilə bilən Uzaqdan Komanda Olunan Silah Sistemləri (UİOSS) öz sensoru və operatoru ilə müstəqil şəkildə fəaliyyət göstərə bilir. Bu isə sistemin bir elementi sıradan çıxsa belə müdafiə xəttinin pozulmamasını təmin edir və hər növ pilotsuz uçuş aparatı təhdidinə qarşı fasiləsiz və davamlı nişanalma imkanı yaradır.
Sistem təhdidləri yaxınlaşmadan zərərsizləşdirmək üçün üç təbəqəli kinetik (hard-kill) qoruma qalxanı təqdim edir.
Xarici təbəqədə TRAKON 30 UKSS tənzimlənə bilən atış sürəti sayəsində dəqiqədə 1.350 atış edə bilən 30×113 mm top ilə fəaliyyət göstərir. Təhdidin ölçüsündən və sürətindən asılı olaraq 2 kilometrə qədər məsafədə yüksək dağıdıcı gücə malik (HEI–HEDP) və/və ya yaxınlığında partlayış qabiliyyətli döyüş sursatı istifadə olunur. Bu təbəqədə əsasən “Shahed-136” tipli “gəzən sursat”lar olmaqla, bütün “gəzən sursat” növləri və NATO-nun pilotsuz uçuş aparatı təsnifatına daxil olan 1-ci və 2-ci sinfə məxsus platformalar effektiv şəkildə məhv edilir.
Orta təbəqədə TRAKON 12.7 sistemləri ilə dəqiqədə 1.200 atış sürətinə çata bilən M3 ağır pulemyotu kamikadze pilotsuz uçuş aparatı təhdidlərinə qarşı yüksək sıxlıqlı atəş gücü ilə çətin keçilən müdafiə xətti yaradır.
Yaxın müdafiə təbəqəsində (son təbəqə) isə TRAKON LITE 134 vasitəsilə dəqiqədə 3.000 atış edə bilən 7.62 mm M134 “Minigun” daha kiçik və çox yaxın məsafədəki təhdidləri saniyələr içində zərərsizləşdirir.
Sistemin bütün əsas komponentlərinin (UİOSS, silah və inteqrasiya) SYS Qrup daxilində UNIROBOTICS, “CANiK” və “AEI Systems” tərəfindən istehsal olunması layihədə problemsiz sistem inteqrasiyası, sürətli təhvil və miqyaslana bilən istehsal üstünlükləri yaradır. Bu inteqrasiya olunmuş güc kritik infrastrukturun və hərbi bazaların qorunmasında strateji üstünlük təmin edir.
SYS Qrupun baş icraçı direktoru Cahit Utku Aral bildirib ki, müasir münaqişə mühiti mərkəzləşdirilmiş strukturlardan çox sahədə sağ qala bilən, proqnozlaşdırılması çətin və xərc baxımından effektiv sistemləri tələb edir. O qeyd edib: “Qrup daxilində inkişaf etdirdiyimiz imkanların inteqrasiyası ilə ortaya qoyduğumuz bu arxitektura yalnız bir həll deyil, eyni zamanda yeni nəsil müdafiə anlayışını təmsil edir. Yaxın Şərqdə baş verən son hadisələr müasir döyüş mühitində ən kritik ehtiyaclardan birinin xərc baxımından effektiv pilotsuz uçuş aparatı əleyhinə həllər olduğunu bir daha açıq şəkildə göstərdi. Məqsədimiz başda ölkəmiz olmaqla bütün dost və müttəfiq ölkələrin davamlı və xərc baxımından effektiv yaxın hava hücumundan müdafiə sistemlərinə malik olmasını təmin etməkdir. UNIROBOTICS-in rəhbərliyi ilə “CANiK” və “AEI Systems” şirkətlərimiz vasitəsilə bütün kritik komponentləri öz daxilimizdə istehsal edərək istifadəçilərə tam inteqrasiya olunmuş, etibarlı və fasiləsiz təchizat zənciri təqdim edirik”.
UNIROBOTICS-in baş direktoru Ömür BAÇ isə bildirib ki, pilotsuz uçuş aparatı təhdidləri artıq tək-tək deyil, aşağı xərcli sürülər şəklində meydana çıxır:
“Bizim həllimiz mərkəzi döyüş idarəetmə sistemləri və komanda-idarəetmə strukturları ilə inteqrasiya oluna bildiyi kimi, ehtiyac yarandıqda mərkəzləşdirilməmiş şəkildə də fəaliyyət göstərə bilən çevik arxitekturaya malikdir. Bu quruluş sayəsində komanda mərkəzinin hədəf alınması və ya sıradan çıxarılması sistemin bütövlükdə təsirsiz hala düşməsinə səbəb olmur. Paylanmış və dayanıqlı arxitektura sistemi istənilən elementin itirilməsi halında belə əməliyyat davamlılığını qoruyur. Mobililik, təbəqəli nişanalma qabiliyyəti və çevik istifadə konsepsiyası ilə bu həll müasir təhdid mühitində optimallaşdırılmış müdafiə şəbəkəsi təmin edir”.
Sevinc Əliyeva
Ordu.az