Bu əməliyyatın İran tərəfindən həyata keçirildiyi ehtimal olunur və bu, ABŞ və İsrail ilə İran və onun rəqəmsal proksiləri arasında gedən kiber münaqişədə istifadə olunan ən son taktikadır.
İran və onun tərəfdarları hərbi sahədəki çatışmazlıqları kompensasiya etmək üçün kiber imkanlardan istifadə etməyə çalışdıqca, dezinformasiya, süni zəka və haker hücumlarının artıq müasir müharibənin ayrılmaz hissəsinə çevrildiyini nümayiş etdirirlər.
Yaxın zamanda göndərilən saxta mesajlar raket zərbələri ilə eyni vaxta salınmış kimi görünür və bu, rəqəmsal və fiziki hücumların yeni kombinasiyası hesab olunur. Bu barədə İsrail və ABŞ-da ofisləri olan kibertəhlükəsizlik şirkəti “Check Point Research”in aparat rəhbəri Qil Messinq bildirib.
“Bu mesajlar insanlar sığınacaqlara qaçarkən göndərilib. Onun sinxronlaşdırılması və eyni dəqiqədə baş verməsi… bu, ilk haldır”, - deyə Messinq bildirib.
Asan və ucuz mübarizə
Mütəxəssislərin fikrincə, rəqəmsal mübarizə hətta atəşkəs əldə olunsa belə davam edəcək. Çünki bu, ənənəvi müharibə ilə müqayisədə daha asan və ucuzdur və məqsədi öldürmək və ya ərazi ələ keçirmək deyil, casusluq etmək, məlumat oğurlamaq və qorxu yaratmaqdır.
Həcmi yüksək olsa da, müharibə ilə əlaqəli kiberhücumların əksəriyyəti iqtisadi və ya hərbi şəbəkələrə vurulan zərər baxımından nisbətən kiçik olub. Lakin bu hücumlar ABŞ və İsrail şirkətlərinin çoxunu müdafiə mövqeyinə çəkərək köhnə təhlükəsizlik boşluqlarını sürətlə aradan qaldırmağa məcbur edib.
Yuta ştatında yerləşən “DigiCert” təhlükəsizlik şirkətinin araşdırmaçıları İranla əlaqəli təxminən 50 fərqli qrup tərəfindən həyata keçirilmiş 5800-ə yaxın kiberhücumu izləyiblər. Hücumların əksəriyyəti ABŞ və İsrail şirkətlərini hədəf alsa da, Bəhreyn, Küveyt, Qətər və regiondakı digər ölkələrin şəbəkələrinə qarşı hücumlar da qeydə alınıb.
Bu hücumların bir çoxu müasir kibertəhlükəsizlik tədbirləri ilə asanlıqla dəf edilə bilər. Lakin köhnəlmiş təhlükəsizlik sistemlərinə malik qurumlara ciddi zərər vura və uğursuz olsa belə resurslara əlavə yük yarada bilər.
Bundan əlavə, hərbi sahə ilə əməkdaşlıq edən şirkətlər üçün psixoloji təsir də mövcuddur.
“Baş verən və açıqlanmayan daha çox hücum var”, - deyə “DigiCert”in texnologiya üzrə sahə direktoru Maykl Smit bildirib.
İran yönümlü haker qrupu cümə günü ABŞ Federal Təhqiqatlar Bürosunun direktoru Kaş Patelə məxsus hesabı sındırdıqlarını iddia edib və onun illər öncəyə aid fotolarını, iş tərcümeyi-halını və digər şəxsi sənədlərini paylaşıb. Bu məlumatların bir çoxunun on ildən artıq yaşı olduğu görünür.
Bu, İran tərəfdarı hakerlərlə əlaqələndirilən bir çox kiberhücuma bənzəyir: səs-küylü, tərəfdarların ruhunu yüksəltmək və qarşı tərəfin inamını sarsıtmaq məqsədi daşıyan, lakin müharibənin gedişinə ciddi təsir göstərməyən hücumlar.
Smit bildirib: “Bu cür çoxsaylı, lakin təsiri az olan hücumlar insanlara göstərmək üçündür ki, siz başqa qitədə olsanız belə, yenə də sizə çata bilərlər. Bu isə daha çox qorxutma taktikasıdır”.
Səhiyyə və məlumat mərkəzləri hədəfdə
İranın ABŞ kibertəhlükəsizliyində ən zəif nöqtələri, iqtisadiyyatı və müharibə səylərini dəstəkləyən təchizat zəncirlərini, həmçinin limanlar, dəmir yolu stansiyaları, su təmizləmə obyektləri və xəstəxanalar kimi kritik infrastrukturu hədəfə alacağı ehtimal olunur.
İran həmçinin məlumat mərkəzlərini həm kiber, həm də ənənəvi silahlarla hədəfə alır ki, bu da onların iqtisadiyyat, rabitə və hərbi informasiya təhlükəsizliyi üçün nə qədər vacib olduğunu göstərir.
Bu ay İran tərəfdarı hakerlər Miçiqan ştatında yerləşən tibbi texnologiya şirkəti “Stryker”ə qarşı hücuma görə məsuliyyəti öz üzərinə götürdüklərini bildiriblər. Handala adlı qrup bu hücumun ABŞ-ın İranlı məktəblilərin ölümünə səbəb olduğu iddia edilən zərbələrinə cavab olduğunu bildirib.
“Halcyon” şirkətinin kibertəhlükəsizlik tədqiqatçıları yaxın zamanda səhiyyə sektoruna qarşı həyata keçirilmiş başqa bir kiberhücumun nəticələrini dərc ediblər. Şirkətin adı açıqlanmasa da, bildirilib ki, hakerlər ABŞ qurumlarının İranla əlaqələndirdiyi alətdən istifadə edərək şirkətin öz şəbəkəsinə çıxışını bloklayan dağıdıcı fidyə proqramı yerləşdiriblər.
Hakerlər heç bir fidyə tələb etməyiblər ki, bu da onların məqsədinin qazanc deyil, dağıntı və xaos yaratmaq olduğunu göstərir.
“Stryker”ə hücumla birlikdə bu fakt təsadüfi hədəflərdən çox, səhiyyə sektoruna yönəlmiş planlı diqqəti göstərir. Münaqişə davam etdikcə bu cür hədəflərin artacağını gözləmək olar”, - deyə “Halcyon”un vitse-prezidenti Sintiya Kayzer bildirib.
Süni zəka əlavə imkanlar yaradır
Süni zəka həm kiberhücumların həcmini və sürətini artırmaq, həm də prosesin böyük hissəsini avtomatlaşdırmaq üçün istifadə oluna bilər.
Lakin süni zəkanın ən ciddi təsiri dezinformasiyada özünü göstərir. Hər iki tərəfin tərəfdarları heç vaxt baş verməmiş hadisələr, guya törədilmiş vəhşiliklər və ya qələbələr barədə saxta görüntülər yayıblar. ABŞ hərbi gəmilərinin batırıldığına dair hazırlanmış bir deepfake görüntü 100 milyondan çox baxış toplayıb.
İran hakimiyyəti internetə çıxışı məhdudlaşdırıb, təbliğat və dezinformasiya vasitəsilə ölkə daxilində müharibə barədə təsəvvürü formalaşdırmağa çalışır. Məsələn, İran dövlət mediası bəzi hallarda real müharibə görüntülərini saxta adlandırır və onların əvəzinə dəyişdirilmiş materiallar təqdim edir.
Süni zəka və hakerlik riskləri ilə bağlı narahatlıqların artması ABŞ Dövlət Departamentini ötən il yeni texnologiyalara və onların ABŞ-a qarşı necə istifadə oluna biləcəyinə fokuslanan Yeni Təhlükələr Bürosu yaratmağa vadar edib. Bu qurum Kibertəhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyi və Milli Təhlükəsizlik Agentliyi kimi strukturların fəaliyyətini tamamlayır.
ABŞ Milli Kəşfiyyat direktoru Tulsi Qabbardın Konqresə bildirdiyinə görə, süni zəka müdafiə sahəsində də rol oynayır və kiberhücumlara qarşı mübarizəni avtomatlaşdıraraq sürətləndirir.
Qabbard bildirib ki, bu texnologiya “getdikcə həm hücum edən, həm də müdafiə edən tərəflərin sürətini və effektivliyini artırmaq üçün istifadə olunacaq və kiber əməliyyatların xarakterini formalaşdıracaq”.
Sevinc Əliyeva
Ordu.az