Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Şərəfim Var” fraksiyasının katibi Tiqran Abrahamyan deyib.
Onun sözlərinə görə, hakimiyyət rəhbəri hələ məhkəmə prosesləri başlamadan konkret insanları “xəyanətkar” adlandıraraq hüquq sistemini istiqamətləndirirdi.
“Onik Qasparyanın dindirilməsinə gəlincə, bildiyim qədər onun 5-6 saatlıq çıxışı olub. Mən materialın hamısı ilə tanış deyiləm, lakin hesabatda gördüyüm istinadlar onun bütün çıxışının bəlkə də cəmi 5-10 faizini təşkil edir. Hakimiyyət təbii ki, öz siyasi xəttinə uyğun olan hissələri seçib götürüb. Onların məqsədi məsuliyyəti Nikol Paşinyandan və siyasi rəhbərlikdən kənarlaşdırıb hərbçilərin üzərinə yıxmaqdır. Mən ölmüş hərbi qulluqçuların ailələri və itkin düşənlərin yaxınları ilə daim ünsiyyətdəyəm və parlamentin səlahiyyət müddətinin bitməsindən asılı olmayaraq, bu məsələdə ədalətin bərpası üçün mübarizə aparacağam”, - deyə Abrahamyan qeyd edib.
O, “Siz hesabatın məzmunu ilə tanış olmusunuz. Orada elə bir epizod varmı ki, onun açıqlanması hakimiyyətə sərf etməsin?” sualına belə cavab verib:
“Müharibədən əvvəl və müharibə dövrünə aid faktların böyük əksəriyyəti hakimiyyətin əleyhinə işləyir. Əgər bu faktlar olduğu kimi hesabatda əks olunsaydı və dərc edilsəydi, bu, hakimiyyət üçün ciddi hüquqi məsuliyyət məsələsini ön plana çıxarardı. Ona görə də onlar hesabatın giriş və yekun hissələrini öz təbliğat tezisləri çərçivəsində qurublar ki, burada faktlar ikinci plana keçib”.
Abrahamyan “Gələcəkdə yeni bir istintaq komissiyasının yaradılmasına ehtiyac görürsünüzmü?” sualına cavab verərək deyib:
“Gələcəkdə bunun hansı formatda ediləcəyini bilmirəm, lakin 44 günlük müharibə təkcə analiz deyil, həm də hüquqi qiymət tələb edir. Böyük ərazi və insan itkilərinə görə məsuliyyət daşıyan şəxslər var ki, onlar hələ də hüquq-mühafizə orqanlarının diqqət mərkəzində deyillər. Diplomatiyadan tutmuş hərbi əməliyyatlara qədər hər bir detal yenidən araşdırılmalıdır”.
O bildirib ki, Ermənistan hakimiyyəti demək olar ki, hər yerdə “məxfilik” amilini qabağa verir.
“Mikayel Arzumanyan (ləğv edilmiş qanunsuz “hərbi birləşmə”nin keçmiş komanidiri-red.) özü də bildirirdi ki, ona qarşı irəli sürülən ittihamlar böhtandır və bunun sübutu üçün məhkəmə iclasları açıq keçirilməlidir. Lakin hakimiyyət sadəlövh deyil, onlar bilirlər ki, proseslərin açıq keçirilməsi müharibədən sonra yaydıqları yalan və saxtakarlığı elə yerindəcə partladar”, - deyə Abrahamyan vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az