Ordu.az xəbər verir ki, bunu bu gün Ermənistan parlamentində hökumətlə sual-cavab zamanı ölkənin Baş naziri Nikol Paşinyan deyib.
O, çantasından Ermənistanın plastik xəritəsini çıxararaq deyib: “Bu hekayə buradan başlayıb və mən sevinirəm ki, biz bu yolu keçmişik və etiraf etmək gücünə malikik ki, “Qarabağ hərəkatı” (erməni separatizmi-red.) fonunda biz öz ölkəmizi xarici geosiyasi maraqların qurbanına çevirmişik. Bəli, biz bunu çox gec başa düşmüşük və elə siyasi qüvvələr var ki, bunu nə başa düşüblər, nə də başa düşəcəklər. Bu isə onunla bağlıdır ki, Ermənistan xalqı öz təhlükəsizliyini, rifahını, azadlığını və hüquqlarını qorumaq üçün dövlət yaradıb.
Bu, Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisidir. Biz özümüz birbaşa və ya dolayısı ilə bu ərazini inkar edəndə, sanki demişik ki, Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisi yoxdur. Bunu dolayısı ilə demişik və buna görə də bu məntiq çərçivəsində biz davamlı olaraq suverenliyimizdən və müstəqilliyimizdən daha çox güzəştə getmişik.
Biz Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisinə qayıtdıqdan sonra isə gündən-günə daha suveren, daha müstəqil, daha təhlükəsiz və daha nüfuzlu dövlətə çevrilmişik. Bu isə Ermənistanın suverenliyi və müstəqilliyinin simvoludur”.
O əlavə edib ki, Ermənistanda elə qüvvələr var ki, onların yaydıqları tezislərin mahiyyəti dövlətin vacib olmadığını göstərməkdir: “Biz isə deyirik ki, yox, dövlət ən vacibdir”.
Alpər Mövludoğlu
Ordu.az