Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın ikinci prezidenti Robert Köçəryan bu gün Aştarak sakinləri ilə görüşündə bildirib.
O qeyd edib ki, hazırda bütün qüvvələr seçkiöncəsi mərhələdə hansı proqramlarla və necə çıxış edəcəklərini müəyyənləşdirir: “Bu prosesdə müsbət olan əsas məqam ondan ibarətdir ki, artıq müxalif düşərgədə çoxsaylı kiçik partiyalar yox, iri seçki birlikləri formalaşır. Bu, səslərin parçalanmasının qarşısını almağa və daha konkret proqramlarla ciddi siyasi mübarizəyə daxil olmağa imkan verir”.
Köçəryanın sözlərinə görə, bu yanaşma bir hakimiyyət blokuna qarşı üç-dörd iri müxalif qüvvənin mübarizəsini mümkün edir: “Əgər müxalifət koordinasiyalı fəaliyyət göstərsə və bir-birinə qarşı deyil, ölkəni ağır vəziyyətə salan qüvvələrə qarşı mübarizə aparsa, uğur qazanmaq ehtimalı çox yüksəkdir”.
O qeyd edib ki, hakimiyyəti dəstəkləyən və seçki baryerini keçə biləcək partiyalar demək olar ki, yoxdur.
Köçəryan hakimiyyətə “həsəd aparmadığını” deyib və bildirib: “Onların xalq qarşısında çıxış etməsi çətindir. İnsanlar deyəcək ki, siz səkkiz ildir hakimiyyətdəsiniz, niyə vədlərinizi yerinə yetirməmisiniz? Üstəlik, 2021-ci il proqramlarına baxan hər kəs görür ki, dediklərinin əksini ediblər. Buna görə də onların vədlərinin heç bir dəyəri yoxdur”.
Sabiq erməni prezident hesab edir ki, hakimiyyət seçki kampaniyasında “əgər biz olmasaq, müharibə olacaq” tezisini irəli sürəcək: “Bu, həm ən təhlükəli, həm də ən alçaldıcı tezisdir. Məqsəd qorxu mühiti yaradaraq səs toplamaqdır”.
O vurğulayıb ki, xalqın yenidən aldanmasına imkan verilməyəcək: “Əgər kimsə səni bir dəfə aldadıbsa, ayıb ona, ikinci dəfə aldadıbsa, ayıb sənə. Xalq üçüncü dəfə buna imkan verməyəcək”.
Köçəryan seçki kampaniyasına da toxunaraq bildirib ki, bəzi qüvvələr kampaniyaya daha əvvəl başlayıb, lakin onlar mübarizəyə indi tam güclə qoşulurlar və uğura inanırlar.
Alpər Mövludoğlu
Ordu.az