Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Hakimiyyətin ucbatından yalnız utanc və rüsvayçılıq” başlıqlı məqaləsində yazıb.
Nəşrə görə, tamamilə təbii olardı ki, Erməni Apostol Kilsəsinin rəhbəri, bütün ermənilərin katolikosu II Qaregin və digər yüksək rütbəli ruhanilər qonşu və dost xalqın mənəvi liderinin dəfn mərasimində iştirak etsinlər və ona son ehtiramlarını bildirsinlər.
“Lakin Nikol Paşinyan və ona tabe qurumlar, guya uydurma “iş” bəhanəsi ilə katolikosun ölkədən çıxış imkanını məhdudlaşdırıblar.
Bu, özlüyündə rüsvayçılıq olmaqla yanaşı, daha böyük utancdır ki, bu barədə artıq xaricdə də danışılır. Gürcü kilsəsinin yüksək rütbəli nümayəndələri bildirirlər ki, onlar katolikosun Gürcüstana səfər etmək və dəfn mərasimində iştirak etmək niyyətindən xəbərdar idilər, lakin Ermənistan hakimiyyəti buna mane olub.
Belə bir bəyanatı eşidən hər bir normal insan yalnız utanc hissi keçirə bilər. Bəlkə də mövcud hakimiyyətə xidmət edənlər istisnalıq təşkil edə bilər”, - deyə KİV bildirib.
Müəllif yazıb ki, əslində, belə bir məsələ ümumiyyətlə yaranmamalı idi.
“Birincisi, katolikos barəsində cinayət işinin açılması özü artıq rüsvayçılıqdır. İkincisi, bir şəxsin istəkləri naminə onun ölkədən çıxışının qadağan edilməsi böyük ayıbdır.
Hətta hüquqi baxımdan yanaşsaq belə, hüquq-mühafizə orqanları öz təşəbbüsləri ilə bəyan etməli idilər ki, katolikosun sərbəst hərəkətinə, o cümlədən Gürcüstana səfərinə heç bir maneə yoxdur. Lakin belə olmayıb”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az