Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Paşinyanın sözlərinə görə, bu o deməkdir ki, onlar müharibənin qapısını açmaq yolunu seçirlər.
“Bu günlərdə həmin qüvvələr Ermənistan və Azərbaycan arasında əldə olunmuş sülhün yenidən müzakirə olunması və hətta güc yolu ilə qəbul etdirilməsi barədə danışırlar. Bu isə birmənalı şəkildə təkcə müharibəyə yol açmaq deyil, eyni zamanda onu qaçılmaz etmək deməkdir.
Hətta ən optimist ssenarini nəzərə alsaq belə, əldə olunmuş sülhün yenidən açılması danışıqlar prosesi nəticəsində formalaşdırdığımız bütün məzmunun dəyişdirilməsi imkanını yaradır. Nəzəri olaraq bu məzmun daha yaxşı ola bilər, lakin eyni nəzəri səviyyədə daha pis də ola bilər. Amma daha böyük ehtimalla bu məzmun tamamilə çökə bilər. Sadə statistik yanaşma göstərir ki, iki ehtimal mənfi, bir ehtimal isə müsbətdir. Yəni bir variantda yaxşılaşma mümkündür, iki variantda isə pisləşmə. Hər iki mənfi halda prosesin məntiqi müharibəyə aparır. Biz bunu açıq şəkildə qeyd etməliyik”, - deyə Paşinyan bildirib.
Paşinyan vurğulayıb ki, əldə olunmuş sülhdən imtina etmək müharibə meydanını açmaq deməkdir: “Xüsusilə də Köçəryan, Karapetyan və Tsarukyanın rəhbərlik etdiyi siyasi qüvvələrin demək olar ki, hər gün səsləndirdiyi və müdafiə etdiyi ritorika fonunda. Buna görə də biz deyirik ki, bu məqam tarixi bir yolayrıcıdır.
Ermənistan və Azərbaycan arasında sülh artıq təsdiqlənib və bu, müharibənin qapısının möhkəm bağlanması deməkdir. Mənim qeyd etdiyim qüvvələr isə bu qapını açmağa çalışırlar və bu, Ermənistanın təhlükəsizliyi üçün ciddi və taleyüklü təhdiddir”.
Ermənistan Baş naziri qeyd edib ki, “zəmanətçilər” haqqında danışılan ritorika əslində bölgəyə sülhməramlıların gətirilməsinə xidmət edir: “Mənim üçün də, istənilən obyektiv müşahidəçi üçün də aydındır ki, bu ritorika əslində regionumuza və ölkəmizə sülhməramlıların yerləşdirilməsinə qapı açır. Sülhməramlıların fəaliyyətinin hansı nəticələrə gətirib çıxardığını isə hamımız görmüşük və eyni səhvi ikinci dəfə təkrarlamağa çalışan qüvvələr birmənalı şəkildə rədd edilməlidir”.
O xatırladıb ki, Ermənistanın daha əvvəl təhlükəsizlik zəmanətçisi olub və onun öhdəlikləri hüquqi baxımdan çox dəqiq müəyyənləşdirilmişdi, lakin bu mexanizm işləməyib: “Belə mexanizmlər işləmir və tarix, o cümlədən erməni xalqının tarixi bunu sübut edir. Ermənistan və Azərbaycan arasında sülh yalnız ona görə mümkün olub ki, biz ümidimizi kənar zəmanətçilərə deyil, öz gücümüzə bağlamışıq. Biz bunu öz problemimiz və öz həll etməli olduğumuz məsələ kimi qəbul etmişik.
Əksinə, düşüncəmiz “zəmanətçi” məntiqinə əsaslananda, yəni hansısa qüvvənin problemləri həll edəcəyini düşündükdə, bu hər dəfə eskalasiyaya, gərginliyə, müharibəyə və itkilərə gətirib çıxarıb”.
Paşinyan qeyd edib ki, Ermənistan və Azərbaycan arasında sülh ağır itkilər bahasına əldə olunub, lakin ölkə artıq yeni tarixi mərhələyə qədəm qoyub: “Biz mövcudluq gündəliyindən inkişaf gündəliyinə keçmişik. Sülhün yenidən nəzərdən keçirilməsini istəyən hər kəs bizi inkişaf mərhələsindən çıxarıb yenidən mövcudluq uğrunda mübarizə mərhələsinə qaytarmağa çalışır.
Tarix göstərir ki, belə hallarda biz öz dövlətimizdə deyil, başqa ölkələrdə mövcud oluruq. Buna görə də sülhün yenidən nəzərdən keçirilməsi gündəliyi ilə çıxış edənlər əslində xarici qüvvələrin emissarlarıdır”.
Ermənistan Baş naziri bildirib ki, 2026-cı il parlament seçkilərində Ermənistan xalqı sülhü qoruyacaq.
“Çünki bu, xalqın özünün yaratdığı sülhdür, onun əziyyətləri, itkiləri və düşüncələri bahasına əldə olunmuş sülhdür.
Bu, sənin sülhündür, Ermənistanın hörmətli vətəndaşı. Sən öz sülhünü, dövlətini, müstəqilliyini və suverenliyini qorumaq məcburiyyətindəsən”, - deyə Paşinyan çıxışını yekunlaşdırıb.
Alpər Mövludoğlu
Ordu.az