Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Eyni zamanda, hazırlanmış mətndən Müstəqillik Bəyannaməsinə istinadın çıxarılıb-çıxarılmadığı nə təsdiq, nə də təkzib edilib.
Nazirliyin mətbuat katibi “Azadlıq” radiosuna açıqlamasında bildirib: “Bu, bizim təqdim edəcəyimiz mətn deyil. Biz Konstitusiya dəyişiklikləri deyil, yeni mətn təqdim edəcəyik”.
“İşxanutyun” nəşri bu gün Ermənistan Konstitusiyasının dəyişdirilmiş variantını əldə etdiyini iddia edib. Həmin mətnin giriş hissəsində Ermənistanla ləğv edilmiş qondarma qurumun birləşməsinə dair ifadə yer alan Müstəqillik Bəyannaməsinə istinadın olmadığı qeyd olunur.
Nazirliyin nümayəndəsi Məryəm Melkumyan bu istinadın çıxarılıb-çıxarılmadığı sualına cavab verməyib və gün ərzində əlavə açıqlama veriləcəyini bildirib.
Ermənistan KİV-lərinin yazdığına görə, Müstəqillik Bəyannaməsinin Konstitusiyadan çıxarılmasını Azərbaycan tələb edir və bildirir ki, yalnız bundan sonra Ermənistanla sülh sazişi imzalayacaq.
Ermənistan Baş naziri Nikol Paşinyan da şəxsən bu sənədi mübahisəli hesab edib və yeni Konstitusiya layihəsində ona istinad edilməməli olduğunu qeyd edib. Bununla belə, layihəni hazırlayan Ermənistan Ədliyyə Nazirliyi bu məsələdə yekun qərarı hələ açıqlamayıb.
Alpər Mövludoğlu
Ordu.az