Ordu.az xəbər verir ki, bu barədə nəşr məlumat yayıb.
Qeyd edilib ki, mətnə əlavə edilən hissələr qırmızı ilə, çıxarılan hissələr isə silinmiş formada göstərilib.
KİV yazır ki, Konstitusiyaya edilən dəyişikliklər xalqın əsas dəyərlərinə, tarixə, ailə institutuna, diasporla əlaqələrə və Ermənistanda erməni kimliyinin prioritetliyinə zərbə vurur. Bildirilir ki, bu dəyişikliklər “Avropa dəyərləri” adı altında təqdim olunur.
“Belə ki, Konstitusiyanın preambulasından “tarixi yaddaş” çıxarılıb. Müstəqillik Bəyannaməsinə dair heç bir qeyd qalmayıb, halbuki qüvvədə olan Konstitusiya məhz həmin sənədə əsaslanır.
Yeni mətndə əvvəlki formulasiya çıxarılaraq onun yerinə dövlətin müstəqilliyi, suverenliyi, insan hüquqlarının qorunması, demokratik və hüquqi dövlətin möhkəmləndirilməsi və gələcək nəsillərə təhlükəsiz ölkə miras qoymaq kimi müddəalar əlavə edilib.
Bildirilir ki, Müstəqillik Bəyannaməsinin çıxarılması Azərbaycan Prezidenti İlham Əliyevin tələbi ilə əlaqələndirilir, çünki sənəddə Qarabağa və “tarixi torpaqlar”a istinad var.
Həmçinin Konstitusiyanın 35-ci maddəsinin 2-ci bəndi çıxarılıb. Bu bəndə görə, nikah zamanı və boşanma prosesində kişi və qadın bərabər hüquqlara malik idi. Dəyişikliklər ailə modelinin dəyişə biləcəyini göstərir”, - deyə müəllif bildirib.
Nəşr qeyd edib ki, 36-cı maddəyə edilən dəyişiklik nəticəsində uşaqların valideynlərinə qayğı göstərmək öhdəliyi də aradan qaldırılıb.
“Əvvəllər yetkin və əmək qabiliyyətli şəxslərin valideynlərinə qayğı göstərməsi tələb olunurdu.
Yeni Konstitusiyada erməni əsilli şəxslərin sadələşdirilmiş qaydada vətəndaşlıq alması ilə bağlı müddəalar da çıxarılıb. Bu isə diaspor ermənilərinin vətəndaşlıq almasını çətinləşdirir.
Bundan başqa, parlament üzvlərinin hökumətə sorğu göndərmək hüququnu nəzərdə tutan 113-cü maddə də ləğv edilib. Bu isə parlament nəzarətinin zəifləməsinə səbəb ola bilər.
205-ci maddədə edilən dəyişikliklərə əsasən isə ölkənin beynəlxalq təşkilatlara üzvlüyü ilə bağlı qərarlar referendum olmadan qəbul edilə bilər.
Keçid müddəasına görə, Ermənistan 2015-ci ildən əvvəl qoşulduğu təşkilatlardan çıxmaq məsələsini yalnız parlament vasitəsilə həll edə bilər. Bu, xüsusilə Avrasiya İqtisadi Birliyi ilə bağlı mühüm məsələ kimi qiymətləndirilir”, - deyə KİV vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az