Ermənistanın sabiq XİN rəhbəri: “Paşinyan yenidən müharibə təhlükəsini məsuliyyət məsələsi yox, kobud siyasi alətə çevirib”

2026/03/1773995189.jpg
Oxunub: 415     12:28     20 Mart 2026    
Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan bildirib ki, Nikol Paşinyan müharibə təhlükəsini bir daha məsuliyyət məsələsi kimi deyil, kobud siyasi alət kimi istifadə edib.

Ordu.az xəbər verir ki, o, bu barədə “Facebook” səhifəsində yazıb.

“Bu dəfə o, daha da irəli gedərək faktiki olaraq erməni xalqını xəbərdar edib, daha doğrusu, şantaj edib ki, əgər qarşıdan gələn seçkilərdə uduzsa, müharibə qaçılmaz olacaq.

Düşünmək olardı ki, Paşinyanın hakimiyyəti dövründə baş verən müharibələrdən, illərlə davam edən uğursuzluqlardan, itkilərdən və məyusluqdan sonra belə bəyanatlar ən azı müəyyən ciddilik və təmkinlə təqdim olunacaq. Lakin əksinə, onlar getdikcə daha ümidsiz və mexaniki səslənir, sanki eyni fikrin təkrarlanması çoxdan itirilmiş etimadı bərpa edə bilər.

Nə qədər o, bu narrativi irəli aparmağa çalışırsa, bir o qədər bu, onun əleyhinə işləyir. Erməni cəmiyyətinə müharibəni xatırlatmağa ehtiyac yoxdur, çünki onlar bunu yaşayıb, ağrısını çəkib, bədəlini ödəyib. Hər dəfə bu mövzunu qaldıranda bu, qeyri-müəyyən gələcək qorxusu yaratmır, əksinə, onun hakimiyyəti dövründə baş verən konkret hadisələri xatırladır. Müharibələr onun dövründə hipotetik deyil, real və ağır nəticəli olub”, - deyə Oskanyan vurğulayıb.

O bildirib ki, bu səbəbdən də bu arqument getdikcə mənasız səslənir.

“Xarici siyasət və təhlükəsizlik sahəsində uğursuz olmuş lider indi özünü sülhün yeganə təminatçısı kimi təqdim etməyə çalışır. Bu, o qədər ciddi olmasaydı, ironik görünə bilərdi. Faktlar isə özləri danışır. İmkanlar əldən verilib, xəbərdarlıqlar nəzərə alınmayıb, təkliflər, məsələn, 2019-cu ilin Minsk qrupu variantı təkcə rədd edilməyib, həm də ictimaiyyətdən gizlədilib.

Bu ritorikanın ən narahatedici tərəfi onun sinizmi deyil, tam əsassız olmasıdır. Paşinyan elə danışır ki, sanki müharibənin vaxtını qabaqcadan demək qabiliyyətinə malikdir, sanki geosiyasi reallıqlar seçki nəticələrinə uyğun dəyişir. Halbuki reallıq fərqlidir. 2020-ci ilin sentyabrın 21-də, 44 günlük müharibənin başlanmasına cəmi altı gün qalmış o, “Ermənistan 2050” konsepsiyasını təqdim edirdi və qarşıdan gələn fəlakət barədə heç bir işarə yox idi.

Beləliklə, sual açıq qalır: əgər o, bir neçə gün sonra başlayacaq müharibəni proqnozlaşdıra bilmədisə, indi payızda müharibə olacağını hansı əsasla iddia edir?”, - deyə Ermənistanın sabiq XİN rəhbəri yazıb.

O qeyd edib ki, bu cür bəyanatlar Ermənistanın qarşısında duran təhlükələrdən çox, onları səsləndirən şəxsin uğursuzluqlarını göstərir.

“Bu, strateji baxışdan yox, siyasi improvizasiyadan irəli gəlir və cəmiyyətin artıq yaşadıqlarını unutacağını düşünmək reallıqdan uzaq yanaşmadır”, - deyə Oskanyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Oskanyan  


Bizi "telegram"da izləyin