Erməni politoloq: “Aİ Paşinyan hakimiyyətini “qorumağa” gəlir”

2026/03/1773467372.jpg
Oxunub: 405     13:50     24 Mart 2026    
“Aİ Paşinyan hakimiyyətini “qorumağa” gəlir”.

Ordu.az xəbər verir ki, bu barədə erməni politoloq Suren Surenyants özünün “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, Avropa İttifaqı Ermənistan hakimiyyətinin müraciəti əsasında parlament seçkiləri zamanı hibrid müdaxilələrə qarşı mübarizə aparmaq məqsədilə İrəvana operativ reaksiya qrupu göndərməyə hazırlaşır.

“Bu barədə Aİ-nin xarici siyasət üzrə məsul şəxsi Kaya Kallas bildirib və vurğulayıb ki, “Avropa Ermənistanı xarici müdaxiləyə qarşı mübarizədə tək qoymayacaq”.

Paradoks açıq-aydındır. Ermənistanın seçki prosesini xarici müdaxilələrdən qorumaq üçün hakimiyyət başqa bir xarici aktorun köməyinə müraciət edir. Beləliklə, Ermənistanın seçki mühitinin formalaşmasında daha bir xarici qüvvə iştirak edir və bu, guya digər ölkələrin mümkün təsirinin qarşısını almaq məqsədilə əsaslandırılır. Bu vəziyyətdə istər-istəməz sual yaranır: “qoruma” harada bitir və siyasi iştirak harada başlayır?”, - deyə Surenyants qeyd edib.

O bildirib ki, Nikol Paşinyan hakimiyyətini saxlamaq məqsədilə istənilən addıma, o cümlədən repressiv addımlara əl atır.

“Faktiki olaraq elə bir vəziyyət formalaşır ki, hakimiyyət seçkilər ətrafında xarici legitimlikdən ibarət qoruyucu çərçivə yaratmağa çalışır. Əgər seçkilərdən sonra onların nəticələri mübahisələndirilərsə, hakimiyyət beynəlxalq iştirak faktına istinad edərək prosesi xarici tərəfdaşlar tərəfindən nəzarətdə saxlanılan və qorunan kimi təqdim edə bilər.

Lakin belə yanaşmanın təhlükəli nəticələri də var. Seçkilərin legitimliyi xarici aktorlarla əlaqələndiriləndə, qaçılmaz olaraq seçki suverenliyi problemi yaranır. Demokratik dövlətdə seçkilərin legitimliyi vətəndaşların azad iradə ifadəsindən və milli institutlara olan inamdan qaynaqlanmalıdır, xarici siyasi mərkəzlərin dəstəyindən yox.

Seçki prosesinin “avropalaşdırılması” daxili siyasi qütbləşməni daha da dərinləşdirə bilər. Bu halda seçkilər geosiyasi rəqabət meydanı kimi qəbul olunmağa başlayır. Ermənistanda artıq dərin qütbləşmə mövcuddur. Əgər Aİ qrupu “Paşinyanın tərəfdarı” kimi qəbul olunarsa, yardımın nə qədər “texniki” olmasından asılı olmayaraq, cəmiyyətin böyük hissəsində etimadsızlıq daha da artacaq”, - deyə Surenyants bildirib.

O qeyd edib ki, Ermənistanda seçkilərin legitimliyi yalnız bir yolla, azad, rəqabətli və ölkə daxilində fəaliyyət göstərən institutlar tərəfindən nəzarətdə saxlanılan proses vasitəsilə təmin oluna bilər.

“Əgər seçki mühitinin formalaşmasında xarici aktorlar böyük rol oynamağa başlasa, ən yaxşı texniki dəstək belə cəmiyyətin bir hissəsində qaçılmaz yaranacaq şübhələri tam aradan qaldıra bilməyəcək.

Bu baxımdan məsələ yalnız Aİ-nin operativ reaksiya qrupunun hibrid təhdidlərə qarşı mübarizədə kömək edib-etməyəcəyi deyil. Daha vacib sual ondan ibarətdir ki, bu addım Ermənistan seçkilərinin tədricən xarici təsir dairəsinə düşdüyü yeni siyasi reallıq yaratmırmı?”, - deyə Surenyants yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Surenyants   Paşinyan  


Bizi "telegram"da izləyin