“Fondsk.ru”: Əfqanıstan-Pakistan hərbi qarşıdurması İran düyününün bir hissəsidir

2026/02/1772265928.jpg
Oxunub: 369     17:29     24 Mart 2026    
Əfqanıstan-Pakistan münaqişəli münasibətləri britaniyalı müstəmləkəçilər tərəfindən sonadək qeyri-müəyyən saxlanılmış sərhəd səbəbindən, regionda bir çox digər qarşıdurmalar kimi, uzunmüddətli tarixə malikdir.

Ordu.az xəbər verir ki, bu barədə Dmitri Minin “Fondsk.ru” saytında dərc olunan “Əfqanıstan-Pakistan hərbi qarşıdurması İran düyününün bir hissəsidir” başlıqlı məqaləsində yazıb.

Məqalədə bildirilir ki, onların hazırkı kəskinləşməsi, mahiyyət etibarilə “aşağı intensivlikli müharibə” xarakteri almış bu vəziyyət, İranın əleyhinə qonşuluqda ABŞ və İsrailin həyata keçirdiyi genişmiqyaslı aqressiya kontekstindən kənarda nəzərdən keçirilə bilməz.

“İran hadisələrinin kölgəsində qalan bu müharibənin alovlandırılması tamamilə aydın məqsəd güdür: son vaxtlar Tehranla daha da yaxınlaşan Kabili neytrallaşdırmaq və İran əleyhinə güc əməliyyatlarına nüvə dövləti olan Pakistanı cəlb etmək. Bundan əlavə, Çin də çətin vəziyyətə salınır, çünki Pakistan, son vaxtlar isə getdikcə artan dərəcədə Əfqanıstan da onun yaxın tərəfdaşlarıdır”, - deyə müəllif vurğulayıb.

Müəllif qeyd edib ki, beləliklə, Pekinin diqqəti də İrandan yayındırılır.

“Üstəlik, bu geniş məkan üzrə xaos yaratmaq ümumi mənzərisinin arxasında Vaşinqtonun bütün Avrasiya üzrə nəqliyyat dəhlizlərinə nəzarəti təmin etmək kimi geosiyasi məqsədi aydın görünür.

Pakistan və Əfqanıstan arasında məşhur Dürand xəttinin hər iki tərəfində baş verən xırda toqquşmalar və terror aktları, hər iki tərəfin nəzarət etmədiyi silahlı qruplar və təşkilatlar tərəfindən, məsələn, “İŞİD-Xorasan” kimi, mütəmadi baş verir.

Əslində, onların üzvləri fəaliyyət göstərdikləri ərazilərdə heç bir hakimiyyəti tanımırlar. Buna görə də qarşılıqlı ittihamlar əvəzinə, Kabul və İslamabad üçün həmin terrorçulara qarşı mübarizədə əməkdaşlıq etmək daha səmərəli olardı, lakin bu hələ də həyata keçirilməyib”, - deyə məqalədə qeyd edilib.

Müəllif bildirib ki, İran əleyhinə ABŞ-İsrail əməliyyatının başlanması ərəfəsində Pakistanın Əfqanıstan ərazisinə endirdiyi güclü aviazərbələr onların münaqişəli münasibətlərini açıq dövlətlərarası döyüş toqquşmalarına çevirib və bu toqquşmalar fasiləsiz şəkildə getdikcə artan güclə davam edir.

“Təkcə martın 7-də, məsələn, Pakistan Əfqanıstanın Paktia, Paktika, Xost, Maydan-Vardak və Kunar vilayətlərinə zərbələr endirib. Hər iki tərəfdən artıq bir neçə min insan həlak olub. Gündəlik itkilər onlarla və yüzlərlə ölçülür. 100 mindən çox insan qaçqına çevrilib.

Paralel olaraq Pakistan, mövcud birgə müdafiə müqaviləsinə əsasən, Səudiyyə Ərəbistanını “İran hücumlarından” qorumağa hazır olduğunu bəyan edib. Ümumilikdə hər şey regiondan kənarda hazırlanmış ssenari üzrə inkişaf edir.

“Taliban”ın rəsmi nümayəndəsi Zabihullah Mücahid BMT Təhlükəsizlik Şurasının iclasının çağırılmasını tələb edib ki, onun sözləri ilə desək, “Pakistanın Əfqanıstana hücumunu” dayandırmaq üçün tədbirlər görülsün.

Daha əvvəl Mücahid Təhlükəsizlik Şurasını tənqid edərək bildirmişdi ki, bu qurum etimadı itirib və onun sözlərinə görə “Qərb ölkələrinin əlində alətə çevrilib”, - deyə məqalədə vurğulanıb.

Müəllifin fikrincə, ABŞ-nin maneələri səbəbindən bu beynəlxalq qurumun yeni iclasının nəticəsini də əvvəlcədən proqnozlaşdırmaq çətin deyil.

“Dünya ekspertləri hələ də düşünürlər ki, Donald Trampın İrana qarşı hərbi əməliyyat başlatmasının əsas səbəbi nədir, ABŞ prezidentinin öz bəyanatlarına və proqramlarına zidd olan şəxsi kaprizləri, yoxsa İsrailin təsiri? Ümumi cavab yoxdur. Ağ Ev tərəfindən Sülh üzrə Nobel mükafatı ümidləri, görünür, müharibə barabanları guruldadığı müddətə qədər təxirə salınıb.

Netanyahunun təsirinə gəlincə, onun şəxsi maraqları bu başlanmış qlobal əməliyyatdan bir qədər daha təvazökardır və bu əməliyyat artıq bir ölkənin sərhədlərindən xeyli kənara çıxıb. İsrailin baş naziri üçün İranı “toza çevirmək” və korrupsiya işləri üzrə məhkəməni təxirə salmaq kifayətdir. Buna görə də Vaşinqtonda deyəndə ki, əməliyyata başlamağa İsraili onlar sövq ediblər, əksinə yox, görünür, haqlıdırlar”, - deyə müəllif yazıb.

Məqalədə qeyd olunur ki, ABŞ administrasiyasının fəaliyyətinə daha qlobal kontekstdə baxılsa, amerikalıların indiki hərbi ritorikasının başqa, onların fikrincə əsaslı səbəbləri də ola bilər.

“Xüsusilə diqqət çəkən məqam Trampın son bir ildə sülh danışıqları pərdəsi altında Avrasiyanın əsas nəqliyyat oxlarını Amerika nəzarəti altına almaq üçün atdığı addımlardır və o, bu addımlarla həddindən artıq fəxr edir.

Məsələn, Qafqazda o, Ermənistan və Azərbaycanla razılaşma vasitəsilə Zəngəzur dəhlizi bölgəsində “Şimal-Cənub” dəhlizinə, sözün həqiqi mənasında, “qıfıl vurub”.

Trampın adı ilə bağlı olan “Sülh və Rifah Beynəlxalq Yol layihəsinə (TPIPP) görə, həmin zonada min nəfərə qədər hərbiləşdirilmiş personaldan ibarət Amerika mühafizə bazasının yaradılması da nəzərdə tutulur”, - deyə müəllif bildirib.

Məqalədə daha sonra qeyd edilir ki, Şərq-Qərb oxu üzrə isə Çin artıq “Bir kəmər, bir yol” marşrutunu inkişaf etdirmək üçün yarım trilyon dollara qədər vəsait xərclədiyi halda, Tramp Mərkəzi Asiyada öz əsas halqasının, “Orta dəhliz” adlandırılan marşrutun ayrılmasına nail olub.

“Qazaxıstan və regionun digər ölkələri ilə razılaşmaya əsasən, bu dəhlizin operatoru da ABŞ olmalıdır. Yəni TRIPP oraya da “yeridilməlidir”, - deyə məqalədə vurğulanıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   Pakistan   İran  


Bizi "telegram"da izləyin