Ordu.az xəbər verir ki, bunu erməni siyasi analitik, energetika məsələləri üzrə ekspert Vahe Davtyan yazıb.
“ABŞ Enerji Dominantlığı üzrə Milli Şuranın rəhbəri Cərrod Agenin sözlərinə görə, “Vaşinqton İran neftini terrorçuların əlindən azad etməyə çalışır ki, gələcəkdə fasiləsiz tədarüklər həyata keçirsin, o cümlədən Hörmüz boğazında riskləri azaltsın”.
Gördüyümüz kimi, məqsəd demək olar ki, Venesueladakı ilə eynidir. Fərq ondadır ki, Venesuelada siyasi sistem xarizmatik lider üzərində qurulmuşdu, İranda isə mürəkkəb institusional sistem mövcuddur”, - deyə O qeyd edib.
Davtyan bildirib ki, əslində, ABŞ həmişə İran neftinə qarşı həddindən artıq həssas olub.
“Məhz bu həssaslıq 1953-cü ildə İranda ölkənin baş naziri Məhəmməd Müsəddiqin vəzifədən uzaqlaşdırılmasına yönəlmiş “Ayaks” əməliyyatının həyata keçirilməsinə səbəb oldu.
O, İranın neft resurslarının milliləşdirilməsi siyasətini aparırdı ki, bu da birbaşa olaraq anqlosakson kapitalı, xüsusilə də XX əsrin əvvəlindən İranın bütün neft sektoruna nəzarət edən “Anqlo-İran Neft Şirkəti” üçün risk yaradırdı. Müsəddiqin siyasəti nəticəsində 1951-ci ildə Böyük Britaniya ilə İran arasında diplomatik münasibətlər kəsildi.
“Ayaks” əməliyyatına ABŞ prezidenti Teodor Ruzveltin nəvəsi və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin Yaxın Şərq bölməsinin rəhbəri Kermit Ruzvelt rəhbərlik edirdi.
Həyata keçirilən əməliyyat istifadə olunan alətlər və metodlar baxımından müasir “rəngli inqilablar”ın texnologiyaları ilə tam uyğun gəlirdi:
siyasi diskurs - parlament üzvlərinin və kiçik siyasi partiya liderlərinin ələ alınması,
media diskursu - KİV-lərin ələ alınması, nəticədə İran qəzetlərinin 80%-i baş nazirə qarşı hücumlar üçün istifadə olunmağa başladı,
dini diskurs - bir çox mollalar baş naziri islamın düşməni kimi təqdim etməyə başladılar,
küçənin idarə olunması - xüsusi olaraq tutulmuş qruplar mağazaları dağıdaraq və insanları döyərək qışqırırdılar: “Biz Müsəddiqi və kommunizmi sevirik”, - deyə Davtyan qeyd edib.
O bildirib ki, nəticədə Müsəddiq həbs olunub və hərbi məhkəmə tərəfindən üç il azadlıqdan məhrum edilib.
“Ən əsası isə Qərb kapitalı İranın neft kompleksini tam şəkildə ələ keçirdi. Xüsusilə, 1954-cü ildə İran neftinin hasilatı və ixracı məqsədilə beynəlxalq konsorsiumun yaradılması haqqında saziş imzalandı.
Konsorsiumun əsas səhmdarları 40% payla “Anqlo-İran Neft Şirkəti” (həmin 1954-cü ildə British Petroleum adlandırıldı) və ABŞ şirkətlərindən ibarət beşlik, “Gulf Oil”, “Socal”, “Esso”, “Socony” və “Texaco” idi, onların da payı 40% təşkil edirdi. Payların 14%-i “Shell”ə, 6%-i isə Fransanın “Total” şirkətinə məxsus idi.
Bu düzülüş 1979-cu il İslam inqilabına qədər davam etdi.
İranda 200 milyard barreldən çox sübut olunmuş neft ehtiyatlarının mövcudluğunu (dünyada 3-cü yer) və digər tərəfdən Vaşinqtonun enerji ekspansiyasını genişləndirən siyasətini nəzərə alsaq, müharibə açıq şəkildə neft xarakteri daşıyır və XX əsrin resurs münaqişələri çərçivəsinə tam uyğun gəlir”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az