“İdxal olunan silahların artıq təxminən 50 faizi məhz Hindistandan gəlir” - Erməni ekspert

2026/03/1773215883.jpg
Oxunub: 350     12:01     11 Mart 2026    
“Yaxın Şərqdə baş verən proseslər həmişə Cənubi Qafqazla üzvi şəkildə bağlı olub, ən azı təsir birbaşa olmasa da, dolayı şəkildə mütləq hiss olunacaq”.

Ordu.az xəbər verir ki, bu barədə erməni siyasi elmlər doktoru, professor, enerji məsələləri üzrə ekspert Vahe Davtyan bildirib.

O vurğulayıb ki, İranın strateji, geosiyasi və geoiqtisadi mövqelərinin zəifləməsi heç bir halda Ermənistanın maraqlarına uyğun deyil.

“Burada mən əslində Ermənistan hakimiyyətinin deyil, məhz Ermənistanın üzvi maraqlarından danışıram. Əgər İranda və İran ətrafında bu eskalasiya davam edərsə, Ermənistan üçün əsas əhəmiyyət daşıyan şimal-cənub istiqaməti iflic olacaq. Biz artıq görürük ki, şimal-cənub logistikasına zərbə dəyir. Bəndər Abbas Port istiqamətində kifayət qədər ciddi raket hücumları həyata keçirilib, oxşar mürəkkəb vəziyyət daha az əhəmiyyət kəsb etməyən Çabahar Port limanında da yaranıb. Bunlar şimal-cənub marşrutunun əsas qovşaqlarıdır və digər məsələlərlə yanaşı, Ermənistana Hindistandan silah idxal etməyə imkan verir. Məsələyə artıq yalnız nəqliyyat-logistika deyil, həm də hərbi kommunikasiyalar baxımından yanaşdıqda aydın olur ki, burada problemlərlə üzləşirik.

Ermənistanın əsas məqsədlərindən biri hərbi və hərbi-texniki diversifikasiyadır və bu proses Hindistanın iştirakı ilə həyata keçirilir. Biz bilirik ki, idxal olunan silahların artıq təxminən 50 faizi məhz Hindistandan gəlir və həmin silahların böyük hissəsi İranın nəqliyyat qovşaqları vasitəsilə Ermənistana çatdırılır”, - deyə Davtyan qeyd edib.

Enerji əməkdaşlığına toxunan Davtyan deyib: “Burada söhbət həm də İran-Ermənistan Qaz Boru Kəmərindən gedir. Biz hər il kifayət qədər təvazökar həcmdə, 300-350 milyon kubmetr təbii qaz idxal edirik. Lakin nəzərə almaq lazımdır ki, bu əməkdaşlıq qaz müqabilində elektrik enerjisi barter məntiqi ilə həyata keçirilir. Əgər İran Ermənistana qaz ixracını dayandırsa və ya kəskin azaltsa, qaz nəqli sistemi üçün birbaşa təhlükə yaranmayacaq. Ancaq Ermənistanın İrana elektrik enerjisi ixracı da kəskin azalacaq. Bu isə illik bir milyard kilovat-saatadək elektrik enerjisi ixrac edən enerji sistemimiz üçün kifayət qədər ciddi problemdir. Belə bir vəziyyət yarana bilər ki, hətta deeskalasiya mərhələsində belə Ermənistan İran bazarındakı mövqelərini itirsin. Bu artıq Ermənistan üçün enerji təhlükəsizliyi məsələsidir”.

Neft qiymətlərindən danışan Davtyan bildirib: “Bu məsələ də son günlər tez-tez müzakirə olunur, neft qiymətlərinin artması neft məhsullarına nə dərəcədə təsir göstərə bilər. Birbaşa təsir olmayacaq, çünki Ermənistanın neft emalı kompleksi yoxdur. Lakin uzunmüddətli perspektivdə, əlbəttə ki, neft məhsullarının qiymətlərində müəyyən düzəlişlər olacaq. Mən niyə hesab edirəm ki, orta müddətli perspektivdə bu problem təhlükə yaratmır? Çünki bilirik ki, neft məhsullarının bazar qiymətinin son strukturunda xam neftin payı kifayət qədər aşağıdır. Qiyməti əsasən aksiz vergiləri və digər komponentlər, vergilər və başqa amillər formalaşdırır”.

“Əgər hadisələr elə inkişaf etsə ki, İranın regiondakı rolu əhəmiyyətli dərəcədə zəifləsin, Ermənistanı nə gözləyə bilər?” sualına cavab olaraq Davtyan deyib:

“Əgər bu ssenari reallaşsa və İran həqiqətən Yaxın Şərqdə və Cənubi Qafqazda strateji mövqelərini itirsə, o zaman TRIPP adlandırılan layihə, yəni Zəngəzur dəhlizi qaçılmaz şəkildə həyata keçiriləcək. Bu gün İran həmin strategiyanın həyata keçirilməsinə mane olan azsaylı çəkindirici amillərdən biridir. Mövcud vəziyyətdə isə bu layihənin faydalanan tərəfləri üçün artıq heç bir maneə qalmayacaq. Bu isə Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında, həmçinin Türkiyə ilə fasiləsiz kommunikasiya yaradılması deməkdir. Burada kürd amilinin aktivləşməsi məsələsini də unutmamalıyıq.

Əminəm ki, TRIPP layihəsi Naxçıvanın hərbiləşdirilməsinə, orada hərbi bazaların formalaşdırılmasına gətirib çıxaracaq. Faktiki olaraq elə bir vəziyyət yaranacaq ki, Ermənistan ərazisindən keçən kommunikasiya xətti istər-istəməz İran İslam Respublikası üçün hərbi hədəfə çevrilə bilər”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Davtyan  


Bizi "telegram"da izləyin