Erməni ekspert: “Yaxın Şərqdə baş verən bütün bu proseslər çox uzaqmənzilli geoiqtisadi məqsədlərə xidmət edir”

2026/03/1773052191.jpg
Oxunub: 370     11:45     11 Mart 2026    
“Hazırda Yaxın Şərqdə baş verən proseslər beynəlxalq enerji sisteminə birbaşa təsir göstərəcək və artıq göstərir”.

Ordu.az xəbər verir ki, bu barədə erməni siyasi elmlər doktoru, professor, enerji məsələləri üzrə ekspert Vahe Davtyan bildirib.

“Gəlin əvvəlcə neft bazarından başlayaq. Hazırda bu bazarda kifayət qədər böhranlı meyllər müşahidə olunur. Artıq neftin qiyməti 83 dollara yaxınlaşır. Bu, son 4-5 ildə ən yüksək göstəricidir və göstərir ki, əgər bu tendensiya davam edərsə, bütün təhlillər də onun davamlı olacağını göstərir, mövcud dinamika qorunarsa, bir həftə ərzində qiymət 100 dollara qədər çata bilər. Bu isə öz növbəsində bəzi proseslərə gətirib çıxara bilər ki, onlar da xüsusilə Yaxın Şərqdən asılı olan regionlarda iqtisadi resessiyaya səbəb ola bilər”, - deyə o qeyd edib.

Erməni ekspert bildirib ki, söhbət təkcə Qərb ölkələrindən yox, həm də Asiya iqtisadiyyatlarından, yəni həm Çindən, həm Hindistandan, həm Yaponiyadan, həm də Cənubi Koreyadan gedir.

Onun sözlərinə görə, məsələ qaz və qaz nəqli kommunikasiyaları baxımından nəzərdən keçirildikdə, meyllər daha da mənfidir: “Dünənə olan məlumata görə, Avropada qazın qiyməti artıq 700 dollara çatmışdı. Bu da kifayət qədər böhranlı göstəricidir. Avropada gedən deindustriyalaşma proseslərini nəzərə alsaq, bu, Avropa iqtisadiyyatına daha böyük zərbə vuracaq. Bu barədə artıq bəzi avropalı diplomatlar və analitiklər açıq şəkildə danışırlar”.

Davtyan qeyd edib ki, bütün bunların arxasında bir neçə səbəb dayanır. Onlardan birincisi və əsas olanı Hörmüz boğazının iflic vəziyyətinə düşməsidir. Bu boğazdan dünya üzrə neft tələbatının təxminən 20 faizi və mayeləşdirilmiş qazın 30-35 faizi keçir. “Burada xüsusilə qaz nəqli sahəsində əsas oyunçulardan biri Qətərdir. Qətər mayeləşdirilmiş qazın istehsalı və ixracı həcminə görə dünyada yalnız Amerika Birləşmiş Ştatlarından geri qalır. Bilirik ki, iki gün əvvəl İran pilotsuz uçuş aparatlarının zərbələrindən sonra mayeləşdirilmiş qaz istehsalını dayandırmaq qərarı qəbul edib. Bu, dünya bazarında müəyyən problemlər yaradır və təbii ki, kəskin qiymət artımına gətirib çıxarır”, - deyə o bildirib.

O vurğulayıb ki, Avropanın mayeləşdirilmiş qaz istehsalı yoxdur və buna görə də qaz idxalı üçün yeni yollar axtarmalıdır. Mövcud vəziyyətdən isə Amerika Birləşmiş Ştatları yararlanmağa çalışır.

“Onlar beynəlxalq bazarda mayeləşdirilmiş qazın əsas oyunçularındandır və təsadüfi deyil ki, bu günlərdə ABŞ qaz şirkətlərinin yaranmış konjonkturadan istifadə edərək çox sürətlə hərəkət etdiyini görürük. Onlar hətta qaz daşıyan tankerlərin daşınması üçün ikiqat qiymət ödəyirlər. Əgər əvvəllər bir gəmi üçün, məsələn, 100 min dollar ödəyirdilərsə, indi 200 min dollar və daha çox ödəyirlər ki, Avropa bazarında tez mövqe tuta bilsinlər. Bu, tam şəkildə ABŞ-nin enerji siyasətinə uyğundur. Bu siyasətin əsaslarını Donald Trampın ilk prezidentliyi dövründə elan olunan ABŞ-ın enerji dominantlığının qızıl dövrü konsepsiyasında axtarmaq lazımdır.

Həmin konsepsiyaya görə ABŞ xüsusilə mayeləşdirilmiş qazı və nefti xarici bazarlara dinamik şəkildə ixrac etməli və əsas oyunçu kimi mövqelənməlidir. Rusiya ilə ciddi siyasi qarşıdurma olduğu üçün bəzi dolayı yollar müəyyənləşdirilməlidir və burada Türkiyə faktoru ortaya çıxır. Təsadüfi deyil ki, dünən səhər Moskva Ankaranı iki əsas qaz kəmərinə, xüsusilə “Türk Axını” və “Mavi Axın” kəmərlərinə qarşı hazırlanan diversiya barədə rəsmi şəkildə xəbərdar edib. Mövcud vəziyyətdə, əgər İrandan Türkiyəyə qaz tədarükü əhəmiyyətli dərəcədə azalarsa, halbuki İran Təbriz-Ankara qaz kəməri vasitəsilə Türkiyəyə ildə 7-8 milyard kubmetr təbii qaz ixrac edir, o zaman Türkiyə Qara dənizin dibi ilə keçən və Rusiya layihələri olan həmin iki qaz kəməri vasitəsilə Rusiyadan qaz idxalını artıraraq onu Avropa bazarına yenidən ixrac edə bilər”, - deyə Davtyan qeyd edib.

Davtyanın sözlərinə görə, qaz nəqli üzrə qarşıdurma çərçivəsində Rusiya bu infrastruktur üçün müəyyən risklər görür və onları mümkün hərbi və ya diversiya hədəfləri kimi qiymətləndirir.

Erməni ekspert bildirib ki, Çin idxal etdiyi neftin təxminən 10-13 faizini məhz İran istiqamətindən təmin edir: “İran üçün Çin istiqaməti əsasdır və İrandan ixrac olunan neftin təxminən 80 faizi Çinə gedir. Qısa müddətli perspektivdə Çin üçün ciddi risklər yoxdur, çünki Çin illər ərzində həm qaz, həm də neft üzrə böyük ehtiyat anbarları formalaşdırıb”.

Əgər bu tendensiyalar davam edərsə, İrandan Çinə tədarükün dayandırılması ABŞ üçün Çinə qarşı müəyyən çəkindirici mexanizmlər yarada bilər. Çünki Çin ABŞ üçün əsas geoiqtisadi, ən azı ticarət baxımından rəqibdir. Beləliklə, ABŞ Yaxın Şərqdə belə mürəkkəb eskalasiya vəziyyəti yaradaraq eyni zamanda bir neçə geoiqtisadi problemi həll edir”.

Davtyan bu prosesləri təxminən bir ay əvvəl Venesuela ətrafında baş verən hadisələrlə də əlaqələndirib: “Faktiki olaraq Venesuelanın neft ehtiyatlarına nəzarət etməklə - halbuki Venesuela dünyada sübut olunmuş neft ehtiyatlarına görə birinci yerdədir - ABŞ qlobal neft siyasətinin ən mühüm memarı kimi çıxış etməyə çalışır. Bu isə xüsusilə yüksək qiymətlər şəraitində vacibdir, çünki daha çox neft ixrac etməklə ABŞ dolları möhkəmləndirmək imkanı əldə edir. Beləliklə, əsas enerji axınlarına və logistika marşrutlarına nəzarət etmək, həm də mühüm tədarükçü kimi çıxış etmək imkanı qazanan ABŞ dünya iqtisadiyyatında dolların mövqeyini əhəmiyyətli dərəcədə gücləndirə bilər”.

Davtyan vurğulayıb ki, iqtisadi maraqlar burada daha üstün rol oynayır. “Məncə, bu amillər bir-biri ilə bağlıdır və bir-birini tamamlayır. Donald Trampın apardığı siyasəti, onun bütün xarici siyasət məqsədlərində iqtisadi komponentin çox aydın görünməsini nəzərə alsaq, düşünürəm ki, Yaxın Şərqdə baş verən bütün bu proseslər çox uzaqmənzilli geoiqtisadi məqsədlərə xidmət edir. Təsadüfi deyil ki, ABŞ-də fəaliyyət göstərən bir sıra strateji analitik mərkəzlər və strateqlər yeni geoiqtisadi dünya nizamından danışır”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Davtyan   İran   ABŞ  


Bizi "telegram"da izləyin