Erməni politoloq: “İrəvanda atəş səsləri eşidilmirsə, amma başqa yerlərdə eşidilirsə, bu o demək deyil ki, problem yoxdur”

2026/03/1772826883.jpg
Oxunub: 435     23:52     06 Mart 2026    
“Qonşu İran İslam Respublikasında baş verən hərbi əməliyyatlar və ümumilikdə regionda gedən proseslər fonunda Ermənistan hakimiyyətinin davranışı adekvat deyil”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın Beynəlxalq İnsan İnkişafı Mərkəzinin rəhbəri, erməni politoloq Tevan Poğosyan deyib.

Onun sözlərinə görə, Ermənistan heç bir hücumdan sığortalanmayıb.

“Ona görə də Ermənistanın hücumlardan sığortalandığına dair heç bir zəmanət yoxdur. Dünyada zəmanət sayılmalı olan bir sənəd göstərin. Hətta müxtəlif parlamentlərdə təsdiqlənmiş, imzalanmış sənəd də zəmanət ola bilməz.

Bu kontekstdə bizim hakimiyyət adekvatdırmı? Xeyr. Nə müharibədən əvvəl legitim idi, nə də ondan sonra legitimdir. Hakimiyyətə etimad yoxdur. Əgər hər hansı hökumət verdiyi vədləri yerinə yetirmirsə, seçki proqramlarını icra etmirsə, o, qeyri-legitimə çevrilir”, - deyə erməni politoloq qeyd edib.

Poğosyanın fikrincə, İran ətrafında baş verən proseslər artıq Ermənistana da təsir göstərib. Mallarla yüklənmiş və Ermənistana gəlməli olan və ya Ermənistan üzərindən başqa yerə getməli olan maşınlar artıq hərəkət edə bilmirlər.

“Hazırda mən özüm də bu müharibədən zərər çəkən bir insanam. Tokioda keçiriləcək bir tədbirdə iştirak etmək üçün getməli idim, lakin gedə bilmədim. Başqa marşrutlarla getməyin xərcləri o qədər artıb ki, Tokiyoya çatmaq faktiki olaraq mümkün deyil. Yəni siz artıq gündəlik həyatında bu müharibənin nəticələrini görən bir insanla danışırsınız. Əgər İranda müharibə uzansa, biz nə edəcəyik? Demək istəyirəm ki, İrəvanda atəş səsləri eşidilmirsə, amma başqa yerlərdə eşidilirsə, bu o demək deyil ki, problem yoxdur. İrandan gələn həmin atəş səsləri Qafan şəhərində eşidilib”, - deyə o vurğulayıb.

O qeyd edib ki, müharibə zamanı tez-tez belə hallar olur ki, bu və ya digər ölkənin təyyarəsi istiqamətini dəyişərək başqa ölkənin ərazisinə daxil olur. Bununla yanaşı, müxtəlif nəqliyyat və iqtisadi marşrutlar da bağlana bilər.

“Məsələn, sadə bir misal gətirim: əgər bir insanın qonşusunun evində hər gün dava-dalaş olursa, o insan sakit yaşaya bilərmi? Bu, mümkün deyil. Qonşunun evində hər gün nəsə sındırılır, dağıdılırsa, o şəraitdə kim rahat yaşaya bilər? Mən bunu hakimiyyətin bəyanatları ilə bağlı deyirəm.

İndi bizim hakimiyyət yenidən hakimiyyətdə qalmaq istəyir, seçki prosesindədir. Ona görə də yenidən seçilmək üçün hər şeyi deyəcəklər. Bəs biz buna inanmalıyıqmı? Öz fikrimiz olmamalıdırmı?

İndi baxın, qonşu ölkədə müharibə gedir, hər gün atəş açılır və bu, getdikcə güclənir. Bu necə ola bilər ki, bizə təsir etməsin? Bu fonda qonşularımız deməyəcək ki, qoy Ermənistan sakit yaşasın. Əksinə, təzyiq göstərəcəklər”, - deyə Poğosyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Poğosyan  


Bizi "telegram"da izləyin