Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
ABŞ və İsrailin zərbələri davam etdiyi bir vaxtda İran hakimiyyəti vətəndaşlara birbaşa hədələr səsləndirib və təhlükəsizlik qüvvələrinin oğurluqda şübhəli bilinən şəxslərə və etirazçılara qarşı öldürücü gücdən istifadə edəcəyini bildirib.
İranın Hüquq-Mühafizə Qüvvələrinin baş komandanı Əhmədrza Radan cümə günü bildirib ki, polisə oğurluqda şübhəli bilinən şəxsləri görən kimi vurmaq səlahiyyəti verilib.
“Biz müharibə vəziyyətində olduğumuz üçün potensial oğrularla mübarizə aparmaq məqsədilə “görən kimi vur” əmri vermişəm. Əgər hər hansı oğru qüvvələrimiz tərəfindən yaxalanarsa, o vurulacaq və hərəkətsiz hala salınacaq”, - deyə - Radan dövlət televiziyasına müsahibəsində bildirib.
“Cahil və xəbərsiz” uşaqlara qarşı ölüm hədələri
Cümə axşamı dövlət yayımçısı IRIB İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü ilə müsahibə yayımlayıb. Həmin şəxs valideynlərə uşaqlarını etiraz aksiyalarına qoşulmaqdan çəkindirmələri barədə xəbərdarlıq edib.
İslam İnqilabı Keşikçiləri Korpusunun keçmiş üzvü Salar Vilayətmədar bildirib ki, nümayişlərə qoşulan və ya “düşmənlə eyni mövqedə duran” “cahil və xəbərsiz” uşaqlarını nəzarətdə saxlamayan valideynlər nəticələrlə, o cümlədən ölüm təhlükəsi ilə üzləşə bilər.
“Biz sizin uşağınızın öldürülməsini istəmirik, çünki sizin uşağınız cahil və xəbərsizdir”, - deyə o qeyd edib.
Bu xəbərdarlıqlar Bəsic bazalarına, polis bölmələrinə və hüquq-mühafizə orqanlarının qərargahlarına hücumların baş verdiyi və hakimiyyətin küçə etirazlarının yenidən alovlanacağından ehtiyat etdiyi bir vaxta təsadüf edir.
Kütləvi repressiya - rejimin sevimli aləti
İranda dekabrın sonlarından etibarən genişmiqyaslı nümayişlər müşahidə olunur və aksiyalarda çoxlu sayda tələbə iştirak edir. Etirazlar sərt repressiyalarla qarşılanıb və internetin kəsilməsi səbəbindən ölən və yaralananların sayı dəqiq məlum deyil və müstəqil şəkildə təsdiqlənməsi mümkün deyil.
Sevinc Əliyeva
Ordu.az