Erməni siyasi xadim: “İran ətrafında müharibə fonunda Ermənistanı Azərbaycana yeni yol verməyə hazırlayırlar”

2026/03/Ekran-1772821353.jpg
Oxunub: 524     22:20     06 Mart 2026    
“ABŞ-İsrail münasibətlərində gərginliyin və İran ətrafında artan hərbi eskalasiyanın fonunda regionda yeni risklər formalaşır. Ermənistanın bu proseslərdə hansı rol oynaya biləcəyi məsələsi də müzakirə olunur”.

Ordu.az xəbər verir ki, bunu “İşıqlı Ermənistan” partiyasının lideri Edmond Marukyan bildirib.

“Dünən Naxçıvandakı hadisələrdən sonra Nikol Paşinyan Milli Təhlükəsizlik Şurasının iclasını çağırdı və orada regionda yaranmış təhlükəsizlik vəziyyəti, həmçinin nəqliyyat əlaqələrinin normal fəaliyyətinin təmin olunması məsələləri müzakirə edildi. İndi xəbərlər yayılır ki, Azərbaycan ehtiyatda olanları toplayır, yəni ehtiyat qüvvələri üçün toplanış elan edib və ordunu bir nömrəli hazırlıq vəziyyətinə gətirib. Bu fonda isə Ermənistanda təbliğat başlayıb ki, biz humanitar yol verməliyik.

Mən dünyanın ən humanist insanı ola bilərəm, amma siz hansı rola girirsiniz? Əgər bunu tapşırıq əsasında etmirsinizsə, onda siz Azərbaycan agent şəbəkəsinin nümayəndələrisiniz. Bu lobbiçiliklə məşğul olanların hamısının ölkədə Azərbaycan tələbini təbliğ etdiyini düşünürəm. Sizdə birdən-birə bu qədər humanizm haradan yarandı?”, - deyə o qeyd edib.

Marukyan, həmçinin bildirib: “Yəni indi Azərbaycan bizdən yol istəsə, biz onu yalnız öz suverenliyimiz və müstəqilliyimiz çərçivəsində verə bilərik. Əgər Azərbaycan bu yolu götürüb istifadə etmək, gedib-gəlmək istəsə, görəcək ki, ermənilərlə və erməni sərhədçiləri ilə təmas mümkündür. Yəni bu proses nəticəsində biz itirməyəcəyik, əksinə qazana bilərik və deyə bilərik ki, onlar Ermənistanın suverenliyi altında gəlib-getdilər.

Amma əgər siz bu lobbiçiliyi nəzarətsiz yolun verilməsi üçün edirsinizsə, o zaman sizi heç kim xilas etməyəcək.

Ermənistanda hazırda bu məsələni qaldıran yeganə siyasi xadim mənəm. Bəli, humanitar yol verə bilərik, heç bir problem yoxdur, amma yalnız bizim hüquqlarımız, suverenliyimiz, sərhədçilərimiz və təhlükəsizlik orqanlarımız çərçivəsində”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Azərbaycan  


Bizi "telegram"da izləyin