Ordu.az xəbər verir ki, bunu “Ana Ermənistan” partiyasının idarə heyətinin üzvü, erməni politoloq Stepan Danielyan bildirib.
“İndi Rusiya bütün Cənubi Qafqazı və bəlkə də gələcəkdə Şimali Qafqazı, eləcə də başqa əraziləri tərk edə bilər. Bizdən uzaqda yerləşən Çin öz mümkün kommunikasiya xətlərini itirə bilər. Yəni təsir çox böyükdür, lakin mən düşünmürəm ki, bütün bunlar məhz Qarabağ müharibəsi ilə başladı, çünki hər şey çox əvvəldən planlaşdırılmışdı”, - deyə o bildirib.
Danielyanın sözlərinə görə, hazırda Yaxın Şərqdəki müharibə yalnız İrana aid deyil, hamıya aiddir, çünki bütün regionun yenidən formalaşdırılması məsələsi gündəmdədir. “Türkiyə yenidən formalaşdırılmalıdır, İran, Əfqanıstan və Pakistan parçalanmalıdır, Səudiyyə Ərəbistanının da bölünməsi məsələsi müzakirə olunur. İndi İran bu müharibəyə tab gətirəcəkmi, yoxsa yox, bunu deyə bilmərik, lakin bu müharibə hamıya aiddir”, - deyə o bildirib.
Bu inkişaflar fonunda TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsinin işləyib-işləməyəcəyi ilə bağlı suala Stepan Danielyan belə cavab verib: “TRIPP ABŞ tərəfindən nəzarət olunacaq və İran sərhədi boyunca keçən bir yoldur. ABŞ-nin ərəb ölkələrində, İordaniyada, Qətərdə, BƏƏ-də və Səudiyyə Ərəbistanında bazaları var və bu bazalar İran tərəfindən bombardman edilir. TRIPP-i bombardman etmək üçün uçuş aparatlarına ehtiyac olmayacaq, sadəcə avtomatlardan atəş açmaq kifayətdir, çünki yol birbaşa sərhəddə yerləşir”.
TRIPP-in hərbi baza olmadığı və buna görə İran üçün hədəf olmamalı olduğu barədə irada cavab olaraq erməni politoloq deyib: “Bu yol ABŞ və Türkiyənin maraqlarına xidmət edir. İran isə bildirir ki, bu onun milli təhlükəsizliyi üçün təhlükədir. Əgər İran bazaları bombardman edirsə, o zaman çayın o biri tərəfində yerləşən yolu bombardman etməkdə nə problem ola bilər?
Həmçinin Rusiya tərəfindən kifayət qədər sərt bəyanatlar səslənir ki, onlar da bu prosesdə iştirak etmək istəyirlər, ABŞ ilə maraqlarının üst-üstə düşməsini və uyğunlaşmasını istəyirlər. Bu halda onlar İranı da prosesə cəlb edəcək və İranın maraqlarını da nəzərə alacaqlar. Bu, bir variantdır. Lakin bu gün bizdə elə bir hakimiyyət var ki, rəqabətin tərəfi olmaq və ya rəqib ölkələrin bir hissəsinin digər hissəsinə qarşı istifadə olunmaq istəyir. Təbii ki, bu, müharibəyə gətirib çıxaracaq. Hakimiyyətin “Ermənistan iyunda müharibə ilə sülh arasında seçim edəcək” şüarı əslində doğrudur, lakin müharibəyə gətirən elə onların özüdür. Müxalifət isə sülh gətirir, çünki müxalifətin məqsədi böyük dövlətlərin maraqlarının uyğunlaşdırılmasıdır ki, bu da sülhün təminatı olacaq. Əgər sən tərəfə çevrilirsənsə, o zaman müharibə ocağına çevrilirsən”.
Danielyanın sözlərinə görə, Azərbaycan müharibəyə qoşulsa, Türkiyə Azərbaycana köməyə gəlməlidir, çünki Şuşa Bəyannaməsinə əsasən, Azərbaycanın qarşısında müəyyən öhdəlikləri var: “Bu yardım hərbi xarakter daşıyacaq. Bu qoşun və texnika haradan keçəcək? Zəngəzur yolundan. Təbii ki, böyük müharibə olarsa, o zaman sual yaranır: bizim təhlükəsizliyimizi kim təmin edəcək?
Elə bir ölkə varmı ki, onunla təhlükəsizliklə bağlı razılaşmalarımız olsun və o, heç olmasa bu kiçik ərazini həm hərbi, həm də diplomatik baxımdan qoruyub saxlaya bilsin? Türkiyə ilə münasibətləri olan və Azərbaycana təsir edə bilən bir ölkə varmı?
ABŞ ilə belə razılaşmamız yoxdur, çünki TRIPP sənədində qeyd olunur ki, bu bəyannamə və ya açıqlama belə bir öhdəliyi nəzərdə tutmur. ABŞ rəsmiləri açıq şəkildə bildirirlər ki, hərbi toqquşma baş verərsə, Ermənistanı müdafiə etməyi planlaşdırmırlar. Birincisi, bunu edə bilmərik, ikincisi isə belə məqsədimiz yoxdur.
Mən hesab edirəm ki, yeganə mümkün variant Rusiyanın mövcudluğudur. Hələ sual altındadır ki, Rusiyanın buna istəyi var, ya yox, imkanı var, ya yox, amma deyirəm ki, yeganə mümkün variant budur”.
Bu vəziyyətdə Ermənistanın nə etməli olduğu ilə bağlı suala Danielyan belə cavab verib: “Maksimum dərəcədə neytral olmaq lazımdır, ABŞ-yə qarşı da, Rusiyaya qarşı da, Türkiyəyə və İrana qarşı da maksimum dərəcədə təxribat xarakterli bəyanatlar verməmək lazımdır. Yəni indiki hakimiyyətin atmadığı addımları atmaq lazımdır, çünki onlar daim tərəf kimi çıxış etməyə çalışırlar. Bu, mövcud hakimiyyətin apardığı ən təhlükəli siyasətdir.
Ermənistan bütün addımları atmalı idi ki, TRIPP layihəsinə Rusiyanı və İranı da cəlb etsin və ABŞ ilə əməkdaşlıq platforması yaratsın. Onlar isə tam əksini edirdilər”.
Alpər Mövludoğlu
Ordu.az