Erməni ekspert: “ABŞ-nin təşkil etdiyi blitzkriq iflasa uğradı, ikinci mərhələdə quru əməliyyatı olacaq”

2026/03/1772555028.jpg
Oxunub: 426     20:21     03 Mart 2026    
“ABŞ İrana hücum etməklə qarşıya qoyduğu məqsədə nail ola bilməyib”.

Ordu.az xəbər verir ki, bunu İrəvan Dövlət Universitetinin beynəlxalq münasibətlər və diplomatiya kafedrasının dosenti, beynəlxalq məsələlər üzrə erməni ekspert Qriqor Balasanyan deyib.

“ABŞ-nin təşkil etdiyi blitskriq iflasa uğradı. Hətta dini liderin öldürülməsi belə ölkədaxili vəziyyətə təsir etmədi, əksinə, cəmiyyəti daha da birləşdirdi. İran bütün regionu öz hədəfinə alıb. Bu isə ABŞ üçün xoşagəlməz sürpriz oldu, çünki onlar əmin idilər ki, İran onların bazalarına zərbə endirməyəcək. Halbuki regiondakı ABŞ səfirlikləri, hətta amerikalıların qaldığı otellər belə İranın nişangahındadır. Bu da ABŞ prezidentinin hesablamadığı digər amildir”, - deyə o qeyd edib.

Balasanyanın sözlərinə görə, ABŞ 3-4 itki barədə məlumat versə də, bu, reallığı əks etdirmir.

“İran tərəfi yüzlərlə ölən və yaralanan olduğunu açıqlayıb. Bu isə imic baxımından Donald Trampın “sülhsevər lider” reputasiyasına ciddi zərbə vurur”, - deyə o bildirib.

Balasanyan hesab edir ki, növbəti mərhələdə mütləq quru əməliyyatı olacaq:

“ABŞ bu istiqamətdə müəyyən addımlar ataraq yenidən kürd kartından və İranda yaşayan bəluclar faktorundan istifadə etməyə çalışır ki, onlar üsyan edib Vaşinqtona kömək etsinlər. Lakin bu mümkün olmayacaq. Bəluclar məsələsində İranın təbii müttəfiqi Pakistandır və o, müstəqil Bəlucistanın yaranmasına imkan verməz. Suriya məsələsində isə Türkiyə və Suriyanın yeni hakimiyyəti prosesə qoşulacaq, çünki kürd faktoru onların heç biri üçün qəbuledilməzdir. Yəni nəticədə hamının hamıya qarşı müharibəsi yarana bilər, hətta müttəfiqlər bir-biri ilə döyüşə bilər”.

Erməni ekspert qeyd edib ki, Ermənistan hakimiyyətinin “ölkəyə təhlükə yoxdur” bəyanatları reallaşsa, bundan yalnız məmnun olar, lakin dünyada yüz faiz təhlükəsiz ölkə yoxdur:

“Yaxşıdır ki, təhlükə olmadığı deyilir, amma riskləri minimuma endirmək üçün real addımlar atılmalıdır. Elə etmək lazımdır ki, İran Ermənistanı anti-İran mərkəzi kimi görməsin. Ermənistanın müxtəlif kəşfiyyat fəaliyyətləri üçün platformaya çevrilməsi ilə bağlı istənilən təşəbbüs kökündən aradan qaldırılmalıdır”.

O həmçinin vurğulayıb ki, həm ABŞ prezidenti, həm də Benyamin Netanyahu müharibəni davam etdirməyə meyllidirlər:

“Onların hər ikisi ciddi imic zərbəsi alıb və daxildə problemlərlə üzləşiblər. Əgər indi müharibəni dayandırsalar, daxili siyasi proseslər başlaya bilər və ya Tramp, ya da Netanyahunun vəzifədən getməsi mümkündür”, - deyə Balasanyan bildirib.

Balasanyanın fikrincə, ABŞ-nin davam gətirmə imkanları da sual altındadır:

“ABŞ dünyanın müxtəlif yerlərindən bütün təyyarələrini toplayaraq İrana gətirdi və sürətli blitskriq planlaşdırdı. Lakin indi bu qüvvələr nəinki nəticə əldə etmir, hətta İran əsas zərbə qüvvəsi sayılan USS “Abraham Lincoln” aviadaşıyıcısını sıradan çıxara bilib. Gəmi artıq bölgəni tərk edir. Orada yalnız USS “Gerald R. Ford” qalır, o da əməliyyatdan əvvəl texniki problemlərlə üzləşmişdi.

Düşünmürəm ki, yalnız bir aviadaşıyıcı ilə İranda vəziyyəti dəyişmək mümkün olsun. Buna görə də müharibəni davam etdirəcəklər. Daxildə isə çox yaxşı anlayırlar ki, məğlub olublar, çünki əsas məqsəd, İranı zəiflətmək və parçalamaq hələlik baş tutmayıb”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Balasanyan   ABŞ   İran  


Bizi "telegram"da izləyin