Ermənistan hökuməti ABŞ-dən deportasiya olunanların sayını açıqlamır

2026/02/1772207699.jpg
Oxunub: 454     19:53     27 Fevral 2026    
Ermənistan hökuməti ABŞ-dən deportasiya edilmiş vətəndaşların sayını açıqlamaqdan imtina edir.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Sputnik Armenia” nəşri məlumat yayıb.

Daha əvvəl “Sputnik Armenia” yazıb ki, ABŞ xüsusi reyslə bir qrup vətəndaşı Ermənistana deportasiya edib.

“Deportasiya olunan vətəndaşlarla bağlı ətraflı məlumat almaq üçün biz yazılı şəkildə Ermənistan Daxili İşlər Nazirliyinə bir neçə sual ünvanlamışdıq:

Həmin reyslə neçə vətəndaş Ermənistana gəlib, onların statusu nədir, hamısı Ermənistan vətəndaşıdırmı?

Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra Ermənistana neçə belə reys həyata keçirilib, neçə vətəndaş köçürülüb?

ABŞ Ermənistan tərəfini məcburi qaydada geri qaytarmağı planlaşdırdığı vətəndaşların sayı barədə məlumatlandırıbmı?”, - deyə nəşr qeyd edib.

KİV eyni sualların cavabını Ermənistan Xarici İşlər Nazirliyindən də almağa çalışıb.

Nəşr yazıb ki, cavabı Ermənistan Daxili İşlər Nazirliyi verib, lakin suallara konkret cavab təqdim olunmayıb.

“Bildiririk ki, xarici dövlətlərdən Ermənistana, eləcə də Ermənistandan xarici dövlətlərə qaytarılan vətəndaşlarla bağlı məlumat Ermənistanın “Dövlət sirri haqqında” qanununun 3-cü maddəsinin 1-ci hissəsinin 2-ci bəndinə əsasən məhdud yayım üçün nəzərdə tutulmuş xidməti informasiya hesab olunur və dərc edilə bilməz”, - deyə Ermənistan DİN-in cavabında bildirilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   ABŞ  


Bizi "telegram"da izləyin