TAF “Industries” və PGZ Polşada birgə PUA zavodu yaradacaq

2026/06/Ekran-1782536211.jpg
Oxunub: 245     08:56     27 İyun 2026    
Ukraynanın PUA istehsalçısı TAF “Industries” və Avropanın ən böyük müdafiə sənayesi qruplarından biri olan PGZ (Polska Grupa Zbrojeniowa) Polşada birgə Pilotsuz Uçuş Aparatı (PUA) istehsalı müəssisəsinin yaradılması ilə bağlı niyyət memorandumu imzalayıblar.

Ordu.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Sənəd Qdansk şəhərində keçirilən Ukraynanın Bərpası Konfransı çərçivəsində TAF “Industries” şirkətinin təsisçisi Oleksandr Yakovenko, PGZ-nin prezidenti Adam Leşkeviç və şirkətin vitse-prezidenti Yan Qrabovski tərəfindən imzalanıb.

Tərəfdaşlığın məqsədi istehsal güclərinin artırılması, PUA komponentlərinin istehsalı və Build with Ukraine təşəbbüsü çərçivəsində PGZ sənaye qrupunun istehsal infrastrukturu əsasında PUA istehsalının Polşada lokallaşdırılmasıdır.

Adam Leşkeviç bildirib ki, Polşa hava hücumundan müdafiə və hava təhdidlərinə qarşı mübarizə sahəsində Ukraynanın zəngin döyüş təcrübəsinə görə əməkdaşlığı genişləndirmək istəyir. Onun sözlərinə görə, bu tərəfdaşlıq Polşa müdafiə sənayesinə PUA texnologiyaları sahəsində mühüm təcrübə qazandıracaq.

Şirkətlərin birgə fəaliyyət planı ortaq elmi-tədqiqat və təcrübə-konstruktor işlərini, həmçinin birgə maliyyələşdirmə mexanizmlərini nəzərdə tutur. Bundan əlavə, tərəflər texniki məlumatların təhlükəsiz mübadiləsi üçün xüsusi mexanizm yaradacaqlar.

Polşa Ukraynaya “MiQ-29” qırıcılarının verilməsi müqabilində PUA texnologiyalarını əldə etməyi planlaşdırır. Təklif olunan paketə 9-a qədər “MiQ-29” qırıcısı daxildir. Bu barədə ilk dəfə 2025-ci ilin dekabrında açıqlama verilmişdi.

Həmin vaxt Polşa Prezidenti Karol Navrotski Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirdiyi birgə brifinqdə Polşanın PUA əleyhinə sistemlər müqabilində MiQ-29 qırıcılarını Ukraynaya verməyə hazır olduğunu bildirmişdi.

TAF “Industries” eyni zamanda fiber-optik idarəetməyə malik PUA-lar üçün vahid yerüstü idarəetmə stansiyası ilə standart patronlardan istifadəni təmin edəcək yeni sistemə keçidə başlayıb. Hazırda bu həllərin genişləndirilməsi və standartlaşdırılması analoq və rəqəmsal olmaqla iki istiqamətdə həyata keçirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TAF-Industries   PGZ   Polşa  


Bizi "telegram"da izləyin