Ordu.az xəbər verir ki, bu barədə şirkət sosial şəbəkə hesablarında məlumat yayıb.
Bildirilib ki, Ukrayna Silahlı Qüvvələrinin 429-cu “Axilles” İnsansız Sistemlər Briqadasının şəxsi heyəti yerli istehsal olan “Protector” platformasından cəbhənin ən təhlükəli istiqamətlərinə sursat və təminat vasitələrinin çatdırılması üçün istifadə edir.
Bir reys zamanı “Protector” təxminən bir ton yük, o cümlədən ərzaq, sursat və avadanlıq daşıya bilir. Hərbçilərin sözlərinə görə, bu həcmdə yük bir bölmənin bir həftəlik ehtiyaclarını ödəməyə kifayət edir.
Şirkət bildirib ki, əməliyyatlardan biri zamanı platforma düşmənin FPV tipli pilotsuz uçuş aparatının qəlpələri ilə zədələnib. Buna baxmayaraq, o, hərəkət qabiliyyətini itirməyib, tapşırığını davam etdirərək yükü Ukrayna hərbçilərinin mövqelərinə çatdırıb.
Daha sonra növbəti logistika tapşırığından qayıdarkən “Protector” minaya düşüb. Nəticədə platforma elə zədələnib ki, onun döyüş meydanından çıxarılması mümkün olmayıb.
“Ukrainian Armor” şirkəti bildirib ki, “Protector” insansız quru platforması artıq cəbhədə hərbi logistikanın əsas elementlərindən birinə çevrilməkdədir. Platforma yüksək riskli zonalara yük çatdırılmasını təmin etməklə şəxsi heyətin həyatını təhlükədən qoruyur və ön xətt bölmələrinin zəruri təchizat almasına imkan yaradır.
Şirkətin baş direktoru Vladislav Belbas fevral ayında Ukrayna Müdafiə Nazirliyinin Müdafiə Satınalmaları Agentliyi ilə “Protector” insansız quru platformalarının tədarükü üzrə iri çərçivə sazişi imzalandığını açıqlamışdı.
“Protector”un faydalı yükdaşıma qabiliyyəti 700 kiloqram təşkil edir. Platforma bir reysdə böyük həcmdə sursat və ağır avadanlıq daşıya, yaxud xərəkdə üç yaralını təxliyə edə bilir.
Platformanın uzunluğu 5070 millimetr, eni 1900 millimetr, hündürlüyü isə 1090 millimetrdir. Hərəkət 190 at gücünə malik dizel mühərriki ilə təmin olunur.
“Protector” ərazinin xüsusiyyətlərindən və yol şəraitindən asılı olaraq saatda 50-90 kilometr sürətlə hərəkət edə bilir.
İnsansız quru platforması təhlükəsiz rabitə kanalları vasitəsilə uzaqdan idarə olunur və effektiv idarəetmə məsafəsi 12 kilometrə çatır. Bu isə operatora təhlükəsiz sığınacaqdan platformaya tam nəzarət etməyə imkan verir.
Sevinc Əliyeva
Ordu.az