Ordu.az xəbər verir ki, bu barədə “Carnegie Russia Eurasia Center” məlumat yayıb.
Qeyd edilib ki, əvvəllər Gürcüstan postsovet məkanında ABŞ-nin əsas tərəfdaşlarından biri, demokratiyanın mayakı və uğurlu siyasi inkişaf nümunəsi hesab olunurdu. Bu status Tbilisiyə Qərbdə xüsusi mövqe qazandırmış və Vaşinqtonun dəstəyini təmin etmişdi. Lakin hazırda vəziyyət fərqlidir. Gürcüstan nümunəvi demokratiya imicini itirib və ABŞ-yə Ermənistan və Azərbaycanla inkişaf etdirilən təşəbbüslərlə rəqabət apara biləcək iri layihələr təklif edə bilməyib.
“Tbilisinin bu mühüm diplomatik gündəlikdə yer almaması suallar doğurur. ABŞ Ermənistan və Azərbaycanı “Sülh Şurası” adlandırılan platformaya daxil edib və burada əməkdaşlıq və regional layihələri müzakirə edir. Gürcüstan isə bu formata daxil edilməyib. Müzakirə olunan razılaşmalar enerji, təhlükəsizlik və infrastruktur sahələrində Cənubi Qafqazın digər ölkələri ilə əlaqələrin gücləndirilməsinə yönəlib.
Vaşinqtonda bu dəyişikliklərin səbəblərindən biri ABŞ xarici siyasətinin məntiqində baş verən transformasiyadır. Əgər əvvəlki dövrdə ABŞ administrasiyası demokratiya və siyasi islahatların təşviqinə üstünlük verirdisə, indi diqqət daha çox sürətli və konkret nəticə verən iqtisadi və strateji razılaşmalara yönəlib. Bu şəraitdə enerji, logistika və geosiyasi baxımdan real üstünlüklər vəd edən layihələr təqdim edən ölkələr daha çox diqqət qazanır”, - deyə “Carnegie Russia Eurasia Center” bildirib.
Vurğulanıb ki, bu vəziyyət Qərblə əlaqələri gücləndirən və Rusiyadan asılılığını azaltmağa çalışan Ermənistan üçün də, strateji resurslara malik olan və regiondan keçən iri nəqliyyat marşrutlarının inkişafında tərəfdaş kimi çıxış edən Azərbaycan üçün də əlverişlidir. Eyni zamanda, Gürcüstan çətin vəziyyətlə üzləşib. Daxili siyasi problemlər və ABŞ-nin “ideoloji layihəsi” statusunun itirilməsi onun Vaşinqtonla münasibətlərdə əvvəlki mövqeyini bərpa etməsinə mane olur.
“Ekspertlərin fikrincə, ABŞ-nin marağını yenidən qazanmaq üçün Gürcüstan təkcə demokratiya və qanunun aliliyi sahəsində vəziyyəti yaxşılaşdırmalı deyil, həm də Vaşinqtona strateji əməkdaşlığı gücləndirə biləcək əhəmiyyətli layihələr təklif etməlidir. Hazırda belə təşəbbüslər görünmür və Gürcüstan-ABŞ münasibətlərinin gələcəyi qeyri-müəyyən olaraq qalır”, - deyə “Carnegie Russia Eurasia Center” qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az