Ordu.az xəbər verir ki, bunu İstanbulda nəşr olunan “Akos” qəzetinin baş redaktoru Baqrat Estukyan deyib.
Estukyanın fikrincə, Ermənistanın Baş naziri Türkiyə ilə dialoqda müsbət atmosferdən danışsa da, real nəticələr yoxdur. Onun iddiasına görə, geri addımı məhz Türkiyə atmalıdır, çünki Ermənistanla iqtisadi blokada qərarını məhz o verib.
“Ermənistanla diplomatik münasibətlər qurmaqdan imtina edən Türkiyə olub, sərhədlərini bağlayan Türkiyə olub, Ermənistana qarşı iqtisadi blokada elan edən Türkiyə olub. Əgər bu gün geri addım atmaq zərurəti varsa, deməli biz Türkiyənin davranışını yaxşılaşdırmasını gözləməliyik. Əgər Türkiyə ilkin şərtlər irəli sürəcəksə, ediləcək bir şey yoxdur. Bundan əlavə, sülh müqaviləsinin imzalanması prosesi Ermənistan və Azərbaycanın məsələsidir, Türkiyə bunu niyə ilkin şərt kimi təqdim edir? Bu, Türkiyənin deyil, İlham Əliyevin iradəsidir”, - deyə o bildirib.
Estukyan üçün Ermənistan hakimiyyətinin “Tramp yolu” (Zəngəzur dəhlizi-red.) layihəsinə bu qədər həvəslə yanaşması da təəccüblüdür.
“Zəngəzur dəhlizi mümkün deyil deyənlər, “sülh kəsişməsi” təklif edənlər indi bütün bu fikirləri unudub böyük həvəslə “Tramp yolu”nu alqışlayır və Ermənistanın ilk dəfə olaraq 99 illik müddətə supergüc ilə müqavilə imzaladığını sevinclə bəyan edirlər. Amma bu, həqiqətən müqavilə imzalamaqdır, yoxsa təslim olmaqdır, deyə bilmərəm. Supergüclə 99 illik razılaşma imzalamağa sevinmək nə deməkdir? Bunun nə dərəcədə bizim dövlətin, nə dərəcədə həmin supergücün maraqlarına xidmət etdiyini başqaları qiymətləndirsin, mənim ümidim yoxdur. Ermənistanın əsas üstünlüyü onun insan potensialıdır, bu potensial istənilən məsələyə həll yolu təklif edə bilər. Erməni düşüncəsi yaradıcıdır, yollar və vasitələr tapa bilər. Lakin indi bütün bunları supergücün himayəsinə bağlamaq bizim üçün kədərli mənzərədir”, - deyə o vurğulayıb.
Estukyanın sözlərinə görə, Ermənistan TRIPP (Zəngəzur dəhlizi-red.) vasitəsilə İranla münasibətlərini risk altına qoyur. Onun fikrincə, İran hazırda Ermənistanın əsas dost qonşu dövlətidir. “İran bizim üçün dost ölkədir. Ola bilsin ki, ABŞ erməniləri bunu anlamasın, amma Ermənistanda yaşayanlar bunu başa düşməlidir”, - deyə o qeyd edib və əlavə edib: “ABŞ və İsrailin bu ərazi ilə bağlı gizli niyyətləri var. Onlarla oynamaq bizim üçün çox təhlükəli nəticələrə səbəb ola bilər”.
İstanbul ermənisi katolikos II Qaregin ətrafında yaranmış vəziyyətə də toxunub. Onun sözlərinə görə, problemin ən yaxşı həlli müxtəlif kilsə qurumları və din xadimləri vasitəsilə tapıla bilər.
Estukyan hesab edir ki, din xadimləri milli şüurdan çıxış edərək həll yolu təklif etməli və zəruri olarsa, yeni katolikos seçkilərini təşkil etməlidirlər.
Alpər Mövludoğlu
Ordu.az