Göyçədə ölən erməni əsgər yayda tərxis olunmalı idi: “Xuliqanları yığıb ora aparırlar, nizam yoxdur, hamı cavab verməlidir”

2026/02/dsf12-1772197404.jpg
Oxunub: 421     16:59     27 Fevral 2026    
Göyçə vilayətində yerləşən hərbi hissələrdən birində ötən gün atəş açılması nəticəsində ölü tapılan erməni hərbi qulluqçu Narek Hakobyan Abovyan icmasından idi. O, 2024-cü ilin yayında hərbi xidmətə yollanmışdı və bir neçə aydan sonra tərxis olunmalı idi.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “News.am” nəşri məlumat yayıb.

“News.am” həm məktəbin direktoru, həm də ölən erməni hərbi qulluqçunun qonşuları ilə danışıb. Qonşular bildiriblər ki, onların məlumatına və sosial şəbəkələrdə oxuduqlarına görə, hadisədən əvvəl mübahisə olub, həmin vaxt söyüşlər işlədilib və bunun ardınca atəş açılıb, nəticədə erməni hərbi qulluqçu həyatını itirib.

Xatırladaq ki, ötən gün axşam Ermənistan İstintaq Komitəsi cinayət işi başlandığını və bir nəfərin saxlanıldığını açıqlamışdı.

Abovyan şəhər 5 nömrəli məktəbin direktor vəzifəsini icra edən Qohar Vardanyan nəşrlə söhbətində bildirib: “Səhər məktəbə gələndə ağır bir xəbər eşitdik ki, Göyçədəki hərbi hissələrdən birində əsgər ölüb və həmin hərbi qulluqçu məktəbimizin şagirdi Narek Hakobyandır. Narek Hakobyan məktəbə dördüncü sinifdən qəbul olunmuşdu, bacısı birinci sinfə, özü isə dördüncü sinfə başlamışdı. Doqquzuncu sinfi 2021-ci ildə bitirib, daha sonra təhsilini başqa təhsil müəssisəsində davam etdirib.

Narekə 6-9-cu siniflərdə şəxsən özüm informatika fənnini tədris etmişəm. Dərslər zamanı kifayət qədər fəal, seçilən, həmişə hazırlıqlı şagird idi. İstənilən məsələdə ona müraciət edə, hər hansı işdə ona arxalana bilirdik. Onu da deyə bilərəm ki, Narek Hakobyan təhsil illərində həm müəllim heyətinin, həm valideynlərin, həm də şagirdlərin sevgi və hörmətini qazanmışdı.

Narek məsuliyyətli şagird idi və ətrafında yalnız yaxşılığı, müsbəti görürdü. Bəzən məhz buna görə həm rəhbərlik, həm də müəllim heyəti tərəfindən seçilirdi.

Bu hadisə bütün müəllim kollektivi üçün, eləcə də Nareki tanıyan şagirdlər üçün çox ağırdır”.

Narekin qonşularından Ruzanna Qriqoryan deyib: “Sosial şəbəkələrdən eşitdim və şok oldum. Təzyiqim 200-ə qalxmışdı, nə baş verdiyini anlamırdım, gecə yatmamışam. Əsgər bizim qonşumuzdur, burada yaşayıb, gözümüzün qabağında böyüyüb. Çox ağıllı, tərbiyəli uşaq idi, çox insanpərvər, ünsiyyətcil idi, hamıya kömək edirdi. Ürəyim ağrıyır, danışa bilmirəm.

Tezliklə tərxis olunmalı idi. Valideynləri Almaniyadadır, atası müalicə üçün getmişdi. Evdə iki oğlan, iki qızdırlar, böyük qız ailəlidir, iki nəvələri var. Yaxşı ailədir, yaxşı insanlardır.

Orduda nizam-intizam yoxdur ki, günahsız uşaqlar qurban gedir. Valideynləri cavandır, Narek mənim nəvəmlə birgə böyüyüb. Belə iş görən cavab verməlidir, əlləri qırılsın. Deyirlər orduya gedib kamil insan kimi qayıtsınlar. Xuliqanları yığıb ora aparırlar, nizam yoxdur. Hamı cavab verməlidir.

Deyirlər söyüş söyüblər, dava olub, amma bu, məsələnin həlli deyil, edən cavab verməlidir”.

Narekin digər qonşularından biri də seriallardan tanınan erməni aktyor Artavazd Hovhannisyan olub. O, nəşrə bildirib ki, baş verənlərdən sarsılıblar: “Onu yaxşı oğlan, yaxşı gənc kimi tanıyırdıq, heç nə deyə bilmirəm. Baxırsan və inana bilmirsən, sadəcə inana bilmirsən. Bu gün artıq erməni ermənini öldürür, danışa bilmirəm. Yaxşı gənc, yaraşıqlı, işıqlı bir oğlan idi, nə deyim. Nə olursa-olsun, erməni oğlu erməni oğluna, üstəlik, orduda silah qaldıra bilməz. Bu gün bəlkə də yeganə çıxış yolu odur ki, əvvəlki vaxtlardakı kimi orduda sərt intizam olsun. Ancaq bu cür bu gəncliyi yenidən cilovlamaq olar, bu gəncliyi cilovlamaq lazımdır”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Əsgər  


Bizi "telegram"da izləyin