“GlobalSource Partners”: Ermənistanın nüvə seçimi ciddi borc riskləri daşıyır

2025/12/1764603904.jpg
Oxunub: 560     14:41     27 Fevral 2026    
“Ermənistanın ABŞ kiçik modul reaktor (SMR) texnologiyasına keçidi, ən pis ssenaridə, ölkənin dövlət borcunu ÜDM-in 30 faizi qədər artıra bilər. Bununla yanaşı, bu addım ölkənin uzunmüddətli strateji baxımdan Rusiyadan asılılığını azalda bilər”.

Ordu.az xəbər verir ki, bu barədə “GlobalSource Partners”in əməkdaşı İvan Tçakarov bildirib.

Fevralın 20-də dərc olunmuş hesabatda Tçakarov bildirib ki, ABŞ və Ermənistan arasında yaxın vaxtlarda elan edilən nüvə əməkdaşlığı xarici birbaşa investisiya kimi başa düşülməməlidir. Açıqlanan 9 milyard dollarlıq məbləğ “qətiyyən ABŞ-nin Ermənistana birbaşa investisiyası deyil, bu, böyük ehtimalla suveren və ya hökumət zəmanətli kredit kimi qurulacaq kredit mexanizmidir”.

Müəllif vurğulayıb ki, “Reuters” agentliyi “ABŞ tərəfindən təxminən 5 milyard dollar ilkin ixrac və əlavə 4 milyard dollar yanacaq və xidmət müqavilələri” barədə məlumat verib, “Bloomberg” isə paketi “mümkün investisiyalar” kimi xarakterizə edib. Əslində isə 9 milyard dollar Ermənistanın ABŞ texnologiyaları əsasında nüvə layihəsini həyata keçirmək qərarı verəcəyi halda mümkün müqavilələrin maksimal dəyərini ifadə edir.

Tçakarov maliyyələşdirmənin üç modelini müqayisə edib: Rusiyanın “tik-sahib ol-istismar et” (BOO) sxemi, Rusiya hökumət krediti və ABŞ və ya Cənubi Koreyanın ixrac kredit agentliyi (ECA) modeli.

“BOO modeli çərçivəsində “dövlət borcu artmır, çünki qəbul edən ölkə borc öhdəliyi götürmür”. Əksinə, Rusiya hökumət krediti və ya ABŞ/Koreya ECA modeli tətbiq edilərsə, dövlət borcu artacaq və reaktorun gücü və maliyyələşmə şərtlərindən asılı olaraq ÜDM-in 5-30 faizi qədər yüksələ bilər.

Ermənistanın başlanğıc mövqeyi artıq gərgin görünür. Baş nazir Nikol Paşinyanın hakimiyyəti dövründə nominal dövlət borcu iki dəfə artaraq 2018-ci ildəki 6,9 milyard dollardan 14,5 milyard dollara çatıb. Sabit iqtisadi artım və milli valyutanın möhkəmlənməsi nəticəsində borcun ÜDM-ə nisbəti 2021-ci ilin əvvəlindəki 65,6 faizdən 53,4 faizə düşsə də, “dövlət borcu səviyyəsi hələ də Qafqaz və Mərkəzi Asiyada ən yüksək olaraq qalır”. Eyni zamanda, faiz ödənişləri 2015-ci ildə büdcə xərclərinin 5,6 faizindən 2025-ci ildə demək olar ki, 12 faizə yüksəlib”, - deyə o bildirib.

Tçakarov xəbərdarlıq edib ki, ABŞ layihəli kiçik modul reaktorların tətbiqi texnoloji risklər də daşıyır: “2026-cı ilin əvvəlinə qədər dünyanın heç bir ölkəsində Amerika layihəli SMR-lər kommersiya istismarında deyil”. Bu yolun seçilməsi “ilk tətbiq riski, xərclərin qeyri-müəyyənliyi, eləcə də tətbiq müddəti və tənzimləyici çərçivə ilə bağlı risklər” yarada bilər.

Sonda ekspert bildirib ki, İrəvanın verəcəyi qərar fundamental strateji xarakter daşıyır: “Ümumilikdə bu seçim Ermənistan üçün borcun minimuma endirilməsi (BOO modeli), mülkiyyət və xərclər arasında balans (dövlət krediti) və geosiyasi şaxələndirmə (ECA modeli) arasında strateji kompromis deməkdir”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   AES  


Bizi "telegram"da izləyin