“Past”: Papikyan İranda nə axtarır?

2026/02/1772182082.jpg
Oxunub: 751     18:38     27 Fevral 2026    
ABŞ-İran münasibətləri qaynama nöqtəsinə çatdığı, tərəflərin bir-birinə açıq şəkildə hədə-qorxu gəldiyi bir vaxtda Ermənistan müdafiə naziri Suren Papikyan ötən gün Tehrana səfər edib və yüksək vəzifəli rəsmilərlə görüşlər keçirib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Papikyan İranda nə axtarır?” başlıqlı məqaləsində yazıb.

Nəşr qeyd edib ki, Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatlara görə, Ermənistanın müdafiə naziri İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Əbdülrəhim Musəvi, İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri, briqada generalı Əziz Nasirzadə, həmçinin İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Laricani ilə görüşüb.

“Həmçinin İran prezidenti Məsud Pezeşkianla da görüş baş tutub. Rəsmi açıqlamalar qısadır və təbii ki, çoxlu detallar təqdim edilmir. Lakin aydındır ki, xüsusən 8 avqust bəyannaməsindən, ABŞ-nin regiona gətirilməsindən və TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsinin yaradılmasından sonra İran Ermənistan hakimiyyətinə qarşı ciddi ehtiyatlar bəsləyir”, - deyə nəşr bildirib.

KİV vurğulayıb ki, Papikyan da Tehrana məhz yerindəcə Ermənistan tərəfinin təminatlarını çatdırmaq, Ermənistan-İran münasibətlərindəki maneələri aradan qaldırmaq üçün yollanıb.

“Qeyd edək ki, İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri, briqada generalı Əziz Nasirzadə ilə görüş zamanı iranlı rəsmi ABŞ ünvanına sərt bəyanatlar səsləndirib və Yaxın Şərqdəki ABŞ qoşunlarına zərbə endirməklə hədələyib. Faktiki olaraq, Nasirzadə bu yolla Ermənistan tərəfinin reaksiyasını yoxlamağa çalışıb.

Xoşbəxtlikdən, Ermənistanın müdafiə naziri bu siyasi tələyə düşməyib. Hər halda, erməni tərəfinin İrana vaxtaşırı olaraq öz siyasətinin Tehrana qarşı olmadığını təsdiqləmək üçün səbəbləri var. Əks halda, cənubda yeni və güclü bir düşmən qazanmaq mövcudluq üçün təhlükə ola bilər”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Papikyan   İran  


Bizi "telegram"da izləyin