Ordu.az xəbər verir ki, bunu A. A. Qromıko adına Xarici Siyasət Tədqiqatları Assosiasiyasının icraçı direktoru, rusiyalı ekspert Nikolay Mejeviç Vaşinqtonun Ermənistana kiçik modul reaktorlar tədarük etmək planlarını şərh edərkən bildirib.
O, nümunə kimi Litvadakı İqnalina Atom Elektrik Stansiyasını göstərib. Həmin stansiya Brüsselin tələbi ilə bağlanıb və bu, ölkənin hələ də bərpa edə bilmədiyi ciddi iqtisadi itkilərə səbəb olub.
Mütəxəssisin sözlərinə görə, Litvanın təcrübəsi göstərir ki, postsovet məkanında atom elektrik stansiyası bir dəfə bağlanarsa, bir daha heç vaxt yenidən işə salınmır. “Cənubi Qafqazda mövcud olan bütün çətinliklərə baxmayaraq, Ermənistanın enerji sektoru kifayət qədər yaxşı vəziyyətdə idi, çünki atom enerjisi istehsalına malik idi. Azərbaycanda belə bir zərurət yoxdur, orada həm qaz, həm də mazutla işləyən yanacaq enerjisi istehsalı mövcuddur. Gürcüstanda vəziyyət ağırdır, amma hidroenergetika müəyyən qədər kömək edir. Ermənistan isə atom stansiyasını bağlamaqla, faktiki olaraq, öz iqtisadiyyatını bağlayır”, - deyə Mejeviç bildirib.
Xatırladaq ki, fevralın 9-da ABŞ-nin vitse-prezidenti C. D. Vens İrəvana səfəri zamanı Ermənistanla mülki nüvə əməkdaşlığı haqqında saziş imzalayıb və Rusiyadan enerji asılılığının azaldılması müqabilində 9 milyard dollara qədər potensial investisiya vəd edib.
“Bloomberg”in məlumatına görə, potensial nüvə sazişi ABŞ-nin dəyişən regional ittifaqlar fonunda Cənubi Qafqazda mövqelərini möhkəmləndirmək üçün daha geniş səylərinin bir hissəsidir və Trampın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında imzalanmış sülh sazişi layihəsindən sonra qeydə alınır.
Alpər Mövludoğlu
Ordu.az