Ermənistanda səs müqabilində 10.000 dram: seçkiqabağı alver sürət yığır

2024/11/1731650158.jpg
Oxunub: 370     10:37     27 Fevral 2026    
“Gördülər ki, sığorta və geri ödəniş mexanizmi ilə pensiyaçıları aldada bilmirlər, qərara gəldilər ki, pensiya artımı ilə onları ələ alsınlar”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Səs müqabilində 10.000 dram: seçkiqabağı alver sürət yığır” başlıqlı məqaləsində yazıb.

“Hələ yaxın vaxtlara qədər Nikol Paşinyan deyirdi ki, pensiyaları artıraq ki, nə olsun, onsuz da xərcləməyi bilmirlər. İndi isə seçkilərə iki ay qalmış pensiyaları artırmağa qərar verib.

Bəs bu, seçkiqabağı rüşvətdirmi, yoxsa yox?

Əlbəttə, yaxşıdır ki, nəhayət pensiyaçıları xatırlayıblar. Hakim partiya üzvləri deyəcəklər ki, nənə-babaların qayğısına qalırıq. Amma soruşan olmalıdır ki, niyə bunu əvvəllər etmirdiniz, niyə pensiyaçıları yalnız seçkilər ərəfəsində xatırladınız? Yoxsa pensiyaçılar artıq öz cüzi pensiyalarını necə xərcləməyi öyrəniblər?”, - deyə nəşr qeyd edib.

KİV vurğulayıb ki, bu, açıq-aşkar siyasi rüşvətdir və hakimiyyət seçkilər ərəfəsində pensiyaçıların səslərini özünə cəlb etmək istəyir.

“Seçki Məcəlləsi ilə seçkilərin təyin olunmasından sonra hətta xeyriyyə vədləri vermək belə qadağan edilib, amma onlar açıq şəkildə rüşvət paylamağa hazırlaşırlar. Üstəlik, elə bir əsaslandırma gətirirlər ki, “bişmiş toyuq da gülər”.

“İstəyirəm izah edim ki, niyə qərar məhz indi qəbul olunur və bu, nə ilə bağlıdır. Birincisi, bilirsiniz ki, 2025-ci ildə Ermənistanda iqtisadi artım proqnozlaşdırılandan daha yüksək olub, həm də beynəlxalq təşkilatların proqnozlarından da yüksək olub. Bu, bizə əlavə imkan yaradır və Ermənistan vətəndaşları iqtisadi artımın nəticələrini öz həyatlarında da görməlidirlər”, - deyə Nikol Paşinyan seçkilər ərəfəsində pensiya artımını bu cür əsaslandırmağa çalışıb. Bununla isə faktiki olaraq təsdiq edir ki, gözlənilən pensiya artımı birbaşa seçkilərlə bağlıdır və iqtisadi artımla əlaqəsi yoxdur”, - deyə müəllif bildirib.

Müəllif yazıb ki, Ermənistanda proqnozlaşdırılandan yüksək iqtisadi artım ilk dəfə deyil qeydə alınır.

“Ən azı son bir neçə ildə, xüsusilə Rusiya-Ukrayna münaqişəsindən sonra belə hallar olub. Həmin illərdə ötən ildən də yüksək iqtisadi artım göstəriciləri qeydə alınıb. Amma nədənsə o vaxt Nikol Paşinyan düşünmürdü ki, adi vətəndaşlar, xüsusən də pensiyaçılar iqtisadi artımın nəticələrini görməlidirlər.

Aydındır ki, o zaman niyə pensiyalar artırılmırdı və niyə indi, seçkilər ərəfəsində artırılmasına qərar verilib. Halbuki əvvəlki illərdə daha yüksək iqtisadi artım olub.

Digər məsələ isə budur ki, pensiyaların artırılması üçün vəsait haradan tapılacaq? Axı dövlət büdcəsində bu məqsəd üçün vəsait nəzərdə tutulmayıb. Bu isə o deməkdir ki, əvvəlcədən pensiya artımı planlaşdırılmayıb. Əgər indi artırmağa qərar veriblərsə, deməli, həmin vəsaiti başqa sahələrdən kəsəcəklər. Bu da digər sahələrdə çatışmazlıq yaradacaq və planlaşdırılmış proqramlar icra olunmayacaq”, - deyə nəşr qeyd edib.

KİV-ə görə, bütün bunlardan sonra aydındır ki, pensiyaların artırılması pensiyaçıların iqtisadi artımın nəticələrini görməsi üçün deyil.

“Bu, pensiyaçılara verilən seçkiqabağı rüşvətdir və ötən ilin sonunda özlərinə verdikləri yüksək mükafatları əsaslandırmaq cəhdidir.

Pensiyaları bir neçə min dram artıracaqlar və deyəcəklər ki, pensiyaçılar da iqtisadi artımın nəticələrindən kənarda qalmayıblar. Bunun fonunda isə öz milyonlarla dramlıq mükafatlarını unutdurmaq istəyirlər. Xüsusilə də yaxın vaxtlarda yenə məmurlara mükafatlar paylamağa hazırlaşırlar və indidən buna zəmin yaradırlar. Halbuki bir neçə min dramlıq artımla öz milyonluq mükafatlarını heç vaxt əsaslandıra bilməyəcəklər.

Aprelin 1-dən pensiyaların artırılacağını elan edən Nikol Paşinyan bunun necə həyata keçiriləcəyini və hər kəsin bunu öz pensiyasında necə hiss edəcəyini dəqiqləşdirmədi.

“Aprelin 1-dən Ermənistanda pensiyalar artırılacaq. Nisbətən aşağı pensiyalar 10 min dram artırılacaq, nisbətən yüksək pensiyalar isə daha az məbləğdə artırılacaq”, - deyə Nikol Paşinyan pensiyaçılara seçkiqabağı “müjdə” verdi.

Hakim partiya üzvləri dərhal rəhbərlərinin açıq-aşkar seçki bəyanatını tirajlamağa başladılar və həmişə olduğu kimi, ictimaiyyəti manipulyasiya edərək belə təəssürat yaratdılar ki, aprelin 1-dən Ermənistanda hamının pensiyası 10 min dram artacaq. Halbuki, Nikol Paşinyanın sözlərinə görə, 10 min dramlıq artım yalnız aşağı pensiyalara şamil ediləcək”, - deyə məqalədə bildirilib.

KİV yazıb ki, “yüksək pensiyalar” isə 10 min dram yox, daha az artırılacaq.

“Amma KP üzvləri sanki bir ağızdan hamının pensiyasının 10 min dram artırılacağından danışırlar. Əgər doğrudan da belə olsaydı, çətin ki, Nikol Paşinyan bunu elan etmək fürsətini qaçırardı.

Bunun altında gizli nəsə var və bunun nəticəsi sonradan görünəcək.

Ermənistanda həm minimum, həm də orta pensiyanın çox aşağı olduğu və çoxdan artırılmalı olduğu danılmazdır. Nisbətən yüksək pensiya alanlar da həmin məbləğlə rahat yaşaya bilmirlər. “Yüksək” deyilən pensiya da minimum istehlak səbətindən xeyli uzaqdır.

Vəd edilən bir neçə min dramlıq artım da pensiyaçılara ciddi fayda verməyəcək. Xüsusilə ümumi bahalaşma, inflyasiya, ərzaq və zəruri malların ilin əvvəlindən sürətlə artan qiymətləri fonunda bu artım yetərli deyil. Üstəlik, son illərdə Ermənistanda baza pensiyası inflyasiyaya baxmayaraq artırılmayıb. Seçkilər ərəfəsində siyasi hakimiyyətin rüşvət kimi təqdim etdiyi bu artım əvvəlki illərin inflyasiyasını belə kompensasiya etmir, bu ilin artımını isə heç demirik.

Beləliklə, hətta bu seçkiqabağı “rüşvət” də pensiyaçıları yoxsullaşmaqdan xilas etməyəcək. Onlar əvvəlkindən daha çətin şəraitdə yaşamağa davam edəcəklər”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Seçki   Pensiya  


Bizi "telegram"da izləyin