Erməni politoloq: “Seçkiləri idarə etmək üçün xarici mərkəzin daimi iştirakı zəruridirsə, bu seçkilər suveren dövlətin azad seçkiləri sayıla bilərmi?”

2026/02/1772172486.jpg
Oxunub: 372     10:05     27 Fevral 2026    
“Seçkiləri kim idarə edəcək: demokratiyanın sonu. Avropa İttifaqının Ermənistanın qarşıdakı parlament seçkilərinə “dəstək” təşəbbüsü Kreml dezinformasiyasına qarşı mübarizə kimi təqdim olunur. Lakin məzmun baxımından təhlil göstərir ki, əslində söhbət seçki prosesinin idarə olunmasından gedir”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın rəsmi məktubla Avropa İttifaqına müraciət edərək İrəvana “hibrid çevik reaksiya qrupu” göndərilməsini xahiş etməsi artıq seçki prosesinin məntiqini dəyişir.

“Xarici aktor, məhz mövcud hakimiyyətin birbaşa xahişi ilə, seçki mühitinin formalaşdırılmasına və nəzarətinə cəlb olunur.

Bu yanaşmanın əsas problemi “dezinformasiya” anlayışının siyasiləşdirilməsidir. Praktikada bu, saxta məlumatlarla mübarizə yox, hakimiyyət üçün siyasi baxımdan arzuolunmaz narrativlərin məhdudlaşdırılması alətinə çevrilir. Hakimiyyət və xarici tərəfdaş birlikdə hansı sözün təhlükəli sayılacağına qərar verdikdə, seçkilər azad ideyalar rəqabəti olmaqdan çıxır və nəzarət olunan informasiya mühitinə çevrilir.

Bu cür model artıq Moldovada və Brüsseldə tətbiq edilib və uğurlu təcrübə kimi təqdim olunur. Lakin həmin “uğur” siyasi plüralizmin dərinləşməsi ilə deyil, hakimiyyətin seçki yolu ilə yenidən istehsalının təmin edilməsi ilə ölçülür”, - deyə Surenyants qeyd edib.

Surenyants vurğulayıb ki, bu, seçkilərin məzmununun əvvəlcədən idarə olunduğu bir modeldir.

“Hakimiyyət özünü “demokratiya” ilə eyniləşdirir, müxalif və ya alternativ siyasi mövqe isə avtomatik şəkildə xarici təsirin nəticəsi kimi təqdim olunur. Seçici müstəqil siyasi subyekt kimi deyil, ondan qorunmalı olan risk kimi qəbul edilir.

Təsadüfi deyil ki, bu yanaşma Qərbin öz daxilində də tənqid olunub. ABŞ-nin vitse-prezidenti Cey Di Vens ötən il Münhen Təhlükəsizlik Konfransında qeyd etmişdi ki, demokratiya adı altında medianın nəzarətə götürülməsi və seçki prosesinin texnokratik idarə olunması demokratiyanın qorunmasına yox, onun dağılmasına gətirib çıxarır.

Ermənistanın vəziyyətində problem xarici müdaxilə təhlükəsi deyil, daxili siyasi legitimlik böhranıdır. Bu böhran xarici “çevik reaksiya qrupları” ilə həll olunmur. Əksinə, bu cür müdaxilələr ictimai etimadsızlığı dərinləşdirir və seçkilərin nəticəsini xarici siyasi himayənin məhsulu kimi təqdim edir.

Əgər seçkiləri idarə etmək üçün xarici mərkəzin daimi iştirakı zəruridirsə, onda bu seçkilər hələ də suveren dövlətin azad seçkiləri sayıla bilərmi?”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Surenyants   Ermənistan  


Bizi "telegram"da izləyin