Ordu.az xəbər verir ki, bu barədə İrəvanda Qorçakov Fondu tərəfindən təşkil edilmiş “Avrasiya dialoqu-Ermənistan” beynəlxalq analitik proqramının təqdimatı zamanı Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MGİMO) Beynəlxalq Tədqiqatlar İnstitutunun aparıcı elmi işçisi Nikolay Silayev bildirib.
“Ermənistan son illərdə belə bir mövqedən çıxış edir ki, Azərbaycandan və daha az dərəcədə Türkiyədən gələn “təhdid”i azaltmaq lazımdır. Bununla belə, təhdidin güzəştlər hesabına azaldılmasına qərar verilib”, - deyə Silayev bildirib.
Eyni zamanda o qeyd edib ki, İrəvan Ankara və Bakı ilə razılaşmalar əldə etməklə faktiki olaraq Moskva ilə əməkdaşlığa ehtiyacın azalmasını təmin edir.
Ekspert daha sonra öz baxışına görə mühüm olan bir amilə diqqət çəkib. Silayevin sözlərinə görə, son 150 il ərzində erməni millətçiliyi Cənubi Qafqazda proseslərin inkişafına dair böyük güclərin yanaşmalarına bu və ya digər şəkildə təsir göstərən mühüm xarici siyasət amili olub.
“İndi isə görürük ki, Ermənistan son 150 ildə mövcud olmuş erməni millətçiliyi formasından imtina edir. Bu məqamda artıq bizim ermənistanlı tərəfdaşlarımıza müəyyən suallar yaranır”, - deyə ekspert vurğulayıb.
O, eyni zamanda əminlik ifadə edib ki, cari ilin iyununda gözlənilən parlament seçkiləri erməni millətçiliyi ideologiyasının cəmiyyət üçün nə dərəcədə aktual qaldığı sualına cavab verəcək.
“Lakin məsələ ondadır ki, kənardan istənilən müdaxilə insanları bu və ya digər qərara, ya həmin ideologiyanın əhəmiyyətini təsdiqləməyə, ya da ondan imtina etməyə sövq edə bilər”, - deyə Silayev sözlərini yekunlaşdırıb.
Alpər Mövludoğlu
Ordu.az