Ordu.az xəbər verir ki, bu barədə bu gün İrəvanda Qorçakov Fondu tərəfindən təşkil edilmiş “Avrasiya dialoqu: Ermənistan” beynəlxalq analitik proqramının təqdimatı zamanı Rusiyanın Ermənistandakı ticarət nümayəndəsi Sergey Solomin bildirib.
Onun sözlərinə görə, Avrasiya İqtisadi Birliyi barədə danışarkən abstrakt ifadələrdən uzaq durmaq vacibdir. “Ona artıq milli iqtisadiyyatlar, o cümlədən Ermənistan üçün ölçülə bilən nəticələr verən tətbiqi iqtisadi mexanizm kimi baxmaq lazımdır. 2025-ci ilin nəticələrinə əsasən əminliklə demək olar ki, Avrasiya istiqaməti Ermənistanın xarici iqtisadi əlaqələrində əsas yer tutur. Ölkənin ümumi xarici ticarət dövriyyəsi 21 milyard dolları ötüb, bunun 8,2 milyard dolları Avrasiya İqtisadi Birliyinə üzv dövlətlərin payına düşüb”, - deyə Solomin qeyd edib.
O bildirib ki, Ermənistanın ümumi ixrac həcmi 8 milyard dolları ötüb və bunun 3,2 milyard dollardan çoxu Avrasiya İqtisadi Birliyi bazarına yönəlib. Eyni zamanda Rusiya Federasiyası Ermənistanın əsas ticarət tərəfdaşı statusunu qoruyub saxlayır. “Bu onu göstərir ki, Avrasiya İqtisadi Birliyi bazarı Ermənistan üçün nəzəri perspektiv deyil, real fəaliyyət göstərən iqtisadi məkandır”, - deyə rəsmi bildirib.
Rusiya ticarət nümayəndəsi vurğulayıb ki, bu gün Avrasiya İqtisadi Birliyi yalnız mal ticarəti deyil, həm də sənaye kooperasiyası, texnoloji və İT layihələri, birgə təhsil proqramları, rəqəmsal xidmətlərin və elektron platformaların inkişafı, sərhədlərarası istehsal zəncirlərində iştirak, eləcə də yeni logistika marşrutlarının formalaşdırılması deməkdir.
“Əhəmiyyətli insan kapitalına, inkişaf etmiş İT sektoruna və ixracyönümlü biznesə malik Ermənistan üçün Avrasiya inteqrasiyası milli layihələri yüz milyonlarla istehlakçısı olan bazarda genişləndirmək imkanı yaradır.
Rusiyanın Ermənistandakı ticarət nümayəndəliyi öz əsas vəzifəsini Avrasiya inteqrasiyasını biznes, sənaye müəssisələri, mühəndislik mərkəzləri və startaplar üçün anlaşılan konkret layihələr müstəvisinə keçirməkdə görür”, - deyə Solomin qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az