Texnikaya qulluq – Döyüşə hazır olmağın əsas şərti (REPORTAJ+FOTO)

2026/02/8552e-3544089824.jpg
Oxunub: 689     14:44     26 May 2026    
Silah və texnikanın qorunub daima saz və işlək vəziyyətdə saxlanılması, ona vaxtlı-vaxtında zəruri, texniki qulluq göstərilməsi ordunun döyüş qabiliyyətinə təsir göstərən mühüm amillərdən biridir. Şəxsi heyətə təhkim olunmuş silah və texnikaya qulluğun göstərilməsi üçün Azərbaycan Ordusunda təsdiq edilmiş illik fəaliyyətlər planına uyğun olaraq kompleks tədbirlər görülür. Beləliklə, şəxsi heyət öz ixtisası üzrə döyüş texnikalarını, hərbi avtomobilləri, silahları saz, işlək vəziyyətə gətirməyə çalışır. Bütün bunların yerinə yetirilməsində əsas məqsəd ordumuzun qarşısında dayanan tapşırıqların icrasında fəaliyyətin tam, fasiləsiz təşkil olunmasını təmin etməkdir.

Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuz respublikamızın ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək daha da gücləndirilib, hərbi potensialı daha da artırılaraq dünya orduları sırasında yer alıb və müasir tələblər səviyyəsində formalaşıb. Bu istiqamətdə görülən işlər uğurla davam etdirilir.

"N" hərbi hissəsinin tank saxlancında şəxsi heyətə təhkim olunmuş zirehli texnikalara qulluq və onların saz, işlək vəziyyətə gətirilməsi prosesini izlədik. Zirehli texnikaya qulluq göstərən tank komandiri gizir Elməddin Əbilov şəxsi heyətə təhkim olunmuş texnikalara qulluqla bağlı görülən işlərdən danışdı: "Texnikaya qayğı göstərmək, qulluq etmək və onu daima saz, işlək vəziyyətdə saxlamaq döyüşə hər an hazır olmaq deməkdir. Hər həftə şəxsi heyət tank saxlanclarında ona təhkim olunmuş zirehli texnikaya qulluq göstərir. Texnikadan dayanıqlı və tam istifadə etmək üçün ona planlı və lazımi texniki qulluq göstərmək zəruri şərtdir. Yeni tədris dövrünün başlanması ilə əlaqədar hərbi qulluqçularımız təhkim olunmuş texnikaların lazımi səviyyədə istismarını təmin etmək üçün vacib işləri aparır, baş verə biləcək hər hansı nasazlığı aradan qaldırmaq üçün çalışırlar. Onlar uzun illərdir ki, ordumuzun sıralarında xidmət edirlər, ixtisaslarının bilicisi, eyni zamanda, zirehli texnikanın sirlərinə - hər detalına belə bələddirlər. Texnikanın istismara hazır vəziyyətdə olması döyüş qabiliyyətinə təsir edən əsas məsələlərdən biridir. Təbii ki, verilən tapşırığın yerinə yetirilməsində vaxt və nəticə vacib hesab olunur. Bunun üçün də texnikanın hərəkətə maneəsiz hazır olmasını təmin etmək üçün ona zəruri texniki qulluq da göstərmək mütləqdir".


Tank heyətinin üzvü müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Həsrət Əzizov texnikaya texniki qulluğun lazımi qaydada göstərilməsinin yüksək praktik və nəzəri bilikdən yaranan təcrübə tələb etdiyini dedi:

- Eyni zamanda, zirehli texnikanın istər isti, istərsə də soyuq hava şəraitində istismarı üçün lazımi vasitələrlə, ehtiyat hissələri və avadanlıqlarla təmin olunmuşuq. Ümumilikdə, zirehli texnikanı idarə edən tank heyətimiz fərdi və qrup şəklində texnikanın hərəkət hissəsinə, döyüş hissələrinə lazım olan qulluğu göstərir, mühərriklərin yağ və filtrləri dəyişdirilir. Bölməmizin döyüş hazırlığının yüksək səviyyədə saxlanılması üçün bütün çətinlikləri dəf etməyi bacarırıq. Döyüş sınağında uğurlu nəticələr qazanmış bölməmiz bu gün də Vətənə xidmətini layiqincə yerinə yetirir. Uğurlu xidmətimizlə komandanlığın bizə göstərdiyi etimadı doğrultmağa çalışırıq. Qalibiyyət bayrağını başı üzərində dalğalandıran şanlı Azərbaycan Ordusunun sıralarında Vətənimizə xidmət etməkdən hər birimiz qürurluyuq".

Lalə Hüseynova, "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Texnika   Azərbaycan   Ordu  


Bizi "telegram"da izləyin