“Foreign Policy”: ABŞ-nin Cənubi Qafqazda geniş planları var

2025/12/1765442277.jpg
Oxunub: 499     21:57     25 Fevral 2026    
İranda daxili iğtişaşlar davam etdiyi və Donald Tramp administrasiyası hərbi zərbələr endirmək ehtimalını nəzərdən keçirdiyi bir vaxtda ABŞ İranın şimalında yerləşən iki ölkə, Ermənistan və Azərbaycan ilə əməkdaşlığını səssiz, lakin nəzərəçarpacaq dərəcədə genişləndirir.

Ordu.az xəbər verir ki, bu barədə “Foreign Policy” jurnalı yazır.

Nəşr qeyd edib ki, Tramp administrasiyası iki uzunmüddətli rəqib arasında diplomatik vasitəçilik prosesində fəal iştirak edib. Bu fəaliyyət ABŞ-nin beynəlxalq ticarət və infrastrukturun inkişafı vasitəsilə strateji əhəmiyyətə malik Qafqaz regionunda iqtisadi əlaqələri gücləndirmək səylərinə əsaslanır.

Məqalə müəllifinin fikrincə, ABŞ-nin bu addımları ölkənin qlobal böhranların idarə olunmasına, eləcə də Rusiya və Çin ilə strateji rəqabətə yanaşmasının göstəricisi ola bilər.

“Ukrayna və Yaxın Şərqdə davam edən daha genişmiqyaslı və diqqətçəkən müharibələrin fonunda Qafqaz regionu kölgədə qalsa da, region hərbi münaqişələrə yad deyil. 1980-ci illərin sonundan yaxın dövrədək Ermənistan və Azərbaycan Qarabağ regionu səbəbindən uzunmüddətli müharibə vəziyyətində olub.

Artıq ləğv edilmiş Minsk qrupunun (həmsədrləri Rusiya, ABŞ və Fransa idi) nəticəsiz vasitəçilik cəhdlərindən sonra Azərbaycan 2020-ci ildə “hərbi əməliyyatlar”a (əks-hücum əməliyyatlarına-red.) başlayıb, 2023-cü ildə isə Qarabağı tam şəkildə nəzarətə götürüb”, - deyə nəşr bildirib.

KİV vurğulayıb ki, uzun illər Ermənistanın təhlükəsizlik zəmanətçisi kimi çıxış edən və regionda hərbi qüvvələri yerləşən Rusiya bu hadisələrə müdaxilə etməyib. Buna səbəb əvvəlcə Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda yerləşən ərazilərlə bağlı müqavilə öhdəliklərinin olmaması, daha sonra isə Ukraynada apardığı müharibə olub.

“Foreign Policy” yazır ki, Azərbaycanın Qarabağdakı əməliyyatları Bakıya uzunmüddətli hədəflərindən birinə, əsas ərazisi ilə uzun illər münaqişə səbəbindən ayrı düşmüş Naxçıvan arasında əlaqəni bərpa etməyə imkan verib.

“2024-cü ilin sonunda Tramp administrasiyasının hakimiyyətə qayıdışı sülh prosesini sürətləndirib. ABŞ Prezidenti Donald Trampın diplomatik nüfuzunu gücləndirmək səyləri çərçivəsində hər iki tərəf ABŞ-nin dəstəyini almağa çalışıb. Ötən ilin avqustunda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Ağ Evdə keçirilən mərasimdə iştirak edib və sülh sazişi imzalayıb. Sənədə ölkələrin yekun razılaşmaya doğru irəlilədiyini təsdiqləyən birgə bəyanat da daxil edilib ki, bu da uzun illər davam edən münaqişəyə son qoymalıdır.

2025-ci il razılaşmasının əsas elementi “Beynəlxalq sülh və rifah naminə Tramp yolu” (TRIPP) adlandırılan iri nəqliyyat dəhlizinin yaradılmasıdır. ABŞ tərəfindən dəstəklənən bu infrastruktur layihəsi Ermənistan ərazisindən keçməklə Azərbaycanı Naxçıvanla avtomobil, dəmir yolu və boru kəməri xətləri vasitəsilə birləşdirəcək. Bəyanata əsasən, ABŞ həmin ərazinin inkişafı üzrə 99 il müddətinə eksklüziv hüquqlar əldə edəcək. Son müzakirələrdə TRIPP-in inkişafı ilə məşğul olacaq şirkətdə ABŞ-nin 74 faiz paya sahib olması, Ermənistanın isə qalan hissəni saxlaması məsələsi də gündəmə gəlib.

Ərazi cəmi 26 mil (42 kilometr) olsa da, regional bağlantı baxımından əhəmiyyəti böyük ola bilər. Qafqaz regionu neft və təbii qaz kimi enerji ehtiyatları ilə zəngindir (eləcə də Xəzər dənizi vasitəsilə Mərkəzi Asiya) və mühüm tranzit qovşağı sayılır”, - deyə məqalədə qeyd edilib.

KİV bildirib ki, Azərbaycan artıq neft və qazı Türkiyəyə, oradan isə Avropaya ixrac edir və bununla Avropanın Rusiyadan enerji asılılığının şaxələndirilməsinə töhfə verir.

“Yeni dəhliz daha qısa marşrut təqdim edə bilər ki, bu da Mərkəzi Asiyadan kritik əhəmiyyətli resursların, o cümlədən nadir torpaq metallarının Qərb bazarlarına daşınmasını asanlaşdıra bilər. Çin də regionda mövcudluğunu gücləndirməyə çalışır. Çünki Qafqaz və Mərkəzi Asiya Çini Avropa ilə birləşdirən Orta Dəhliz adlandırılan marşrutun əsas qovşaqları hesab olunur”, - deyə məqalədə qeyd edilir.

Eyni zamanda vurğulanır ki, Qafqaz regionunda, xüsusilə TRIPP və digər layihələr vasitəsilə infrastruktur əlaqələrinin genişləndirilməsi məsələsində ABŞ-nin iştirakını çətinləşdirə biləcək bir sıra amillər var.

“Birinci amil Ermənistan və Azərbaycan arasında diplomatik münasibətlərin normallaşdırılması prosesinin hələ rəsmi şəkildə başa çatmamasıdır.

İyun ayında keçiriləcək parlament seçkiləri mühüm hadisə olacaq. Sorğular Nikol Paşinyanın partiyasının irəlidə olduğunu göstərsə də, həm ölkə daxilində, həm də xaricdə mövcud olan müxalif qruplar seçkiləri Paşinyan və onun sülh gündəliyi üçün ciddi sınağa çevirir.

Digər çağırış xarici aktorlardan qaynaqlanır. Rusiya Qafqazda Şərq-Qərb layihələrinə, xüsusilə də öz rolunu əsas enerji təchizatçısı və tranzit ölkə kimi zəiflədən, eləcə də Qərb dövlətlərinin, o cümlədən ABŞ-nin iştirak etdiyi təşəbbüslərə açıq şəkildə qarşı çıxır. Ermənistanda və ümumilikdə Qafqazda Moskvanın təsiri azalsa da, Rusiya regionda fəal oyunçu olaraq qalır və Ukrayna ilə Afrika nümunəsində göstərib ki, maraqlarının təhdid edildiyini hesab edərsə, “pozucu” rolunu üzərinə götürə bilər”, - deyə nəşr qeyd edib.

KİV bildirib ki, Ukraynada uzanan müharibə Kremlin imkanlarını məhdudlaşdırsa da, onları tam aradan qaldırmır.

“İran da oxşar səbəblərə görə (həmçinin Azərbaycanın İsrail ilə iqtisadi və müdafiə sahəsində əlaqələrinə görə) Şərq-Qərb layihələrinə mənfi yanaşmada Rusiya ilə eyni mövqeni bölüşür. ABŞ ilə artan gərginlik əlavə qeyri-müəyyənlik yarada bilər. Əgər İran hakimiyyəti daxili sarsıntılara davam gətirə bilsə, bu, Tehran ilə Moskvanı ABŞ-nin fəallığına qarşı daha da yaxınlaşdıra bilər. Lakin İranda daxili dəyişikliklər ABŞ təzyiqi nəticəsində sürətlənərsə, bu, TRIPP kimi təşəbbüslərə yeni impuls verə bilər.

Regionda öz maraqları olan çoxsaylı oyunçular mövcuddur. Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması və TRIPP-in irəlilədilməsi istiqamətində ABŞ-nin səyləri Avrasiya geosiyasətində mühüm rıçağa və digər regionlarda fəaliyyət üçün potensial modelə çevrilə bilər”, - deyə məqalədə vurğulanıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Cənubi-Qafqaz  


Bizi "telegram"da izləyin