Ermənistan XİN Mirzoyanın Brüsselə məktub göndərərək çevik reaksiya qrupu istəməsini təkzib etmir

2026/02/1772034701.jpg
Oxunub: 412     19:50     25 Fevral 2026    
Ermənistan Xarici İşlər Nazirliyi fevralın 13-də Ermənistanın xarici işlər naziri tərəfindən Brüsselə ünvanlanan və Ararat Mirzoyanın İrəvana çevik reaksiya qrupu göndərilməsi xahişini əks etdirən məktubun mövcudluğunu təkzib etmir.

Ordu.az xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan “Pastinfo”ya müsahibəsində ötən ilin dekabrın 15-də verdiyi şərhi xatırladıb.

O bildirib: “Həmin şərh hazırkı vəziyyətə də tam aiddir. Ermənistan demokratik dayanıqlığın möhkəmləndirilməsi istiqamətində qarşılıqlı fəaliyyəti davam etdirir. Diqqətinizi qeyd etdiyim şərhə yönəltməyi təklif edirəm. Orada birgə müzakirə olunan təşəbbüslərin mövcudluğu barədə məlumat vermişik”.

Sözügedən müsahibədə Badalyan Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın Ermənistanın 2026-cı ildə keçirilməsi nəzərdə tutulan parlament seçkiləri ərəfəsində müşahidə olunan hibrid təhdidlərə qarşı mübarizə məqsədilə Aİ-dən dəstək istəməsi barədə bəyanatını şərh edərkən bildirib ki, Ermənistanın müxtəlif istiqamətlər üzrə dayanıqlığının artırılması, o cümlədən hibrid təhdidlərə qarşı mübarizə sahəsində Ermənistan-Aİ əməkdaşlığı davamlı xarakter daşıyır və yeni deyil.

“Tərəfdaşlığın inkişafı ilə paralel olaraq Ermənistanın demokratik və iqtisadi dayanıqlığının gücləndirilməsinə yönəlmiş müxtəlif təşəbbüslər nəzərdən keçirilir, hazırlanır və təsdiqlənir. Məsələn, hazırda icranın aktiv mərhələsində olan “Dayanıqlılıq və artım” proqramı, Aİ missiyasının Ermənistanda yerləşdirilməsi barədə qərar bu prinsip əsasında qəbul edilib.

Seçki proseslərinin demokratik standartlara uyğun təmin edilməsi yolunda mümkün hibrid təhdidlərə qarşı mübarizə məqsədilə qarşılıqlı fəaliyyət və Aİ-nin dəstəyi də istisna deyil. Bu istiqamətdə Aİ və üzv dövlətlərin təcrübəsi və alətləri nəzərə alınır. Müvafiq olaraq, bəli, bu sahədə birgə müzakirələr nəticəsində formalaşmış təşəbbüslər mövcuddur və qərar qəbul ediləcəyi təqdirdə ictimaiyyətə lazımi qaydada məlumat veriləcək”, - deyə Badalyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Brüssel   XİN  


Bizi "telegram"da izləyin