Ermənistanın ABŞ-dəki səfirinin qardaşı 1 il müddətinə azadlıqdan məhrum edilib

2026/02/1772020084.jpg
Oxunub: 331     15:46     25 Fevral 2026    
Ermənistanın ABŞ-dəki səfiri Narek Mkrtçyanın qardaşı qanunsuz silah saxlama ilə bağlı cinayət işi üzrə 1 il müddətinə azadlıqdan məhrum edilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

İşə Ermənistanın Armavir vilayət məhkəməsinin hakimi Hraçya Mexakyan baxıb. O, Ermənistan parlamentinin keçmiş deputatı Ruben Hayrapetyanın bacısı oğludur və Armavirin keçmiş meri Ruben Xlğatyanın kürəkənidir.

Qərarda deyilir: “Müttəhim Mkrtiç Arşak Mkrtçyan Ermənistan Cinayət Məcəlləsinin 335-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin.

Ermənistan Cinayət Məcəlləsinin 79-cu maddəsinin 3-cü hissəsinə uyğun olaraq Mkrtiç Arşak Mkrtçyanın 2025-ci il sentyabrın 3-dən 2026-cı il yanvarın 3-dək faktiki olaraq azadlıqdan məhrum vəziyyətdə olduğu 4 (dörd) aylıq müddət hesablansın və ona qarşı yekun cəza 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə kimi müəyyən edilsin.

Ermənistan Cinayət Məcəlləsinin 84-cü maddəsi tətbiq edilməklə Mkrtiç Arşak Mkrtçyana təyin olunmuş azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq edilməsin və 1 (bir) il müddətinə sınaq dövrü müəyyən edilsin.

Sınaq müddəti ərzində Mkrtiç Arşak Mkrtçyanın davranışına nəzarət Ermənistan Ədliyyə Nazirliyinin probasiya xidmətinin ərazi orqanına həvalə edilsin. Mkrtiç Arşak Mkrtçyanın üzərinə vəzifə qoyulsun ki, nəzarət dövründə probasiya xidmətinin razılığı olmadan Ermənistan ərazisini tərk etməsin, yaşayış yerini dəyişdirdiyi halda isə yeni ünvanı qısa müddətdə probasiya xidmətinə bildirsin.

Mkrtiç Arşak Mkrtçyana qarşı tətbiq edilmiş alternativ qətimkan tədbirlərinin məcmusu, məhdudiyyətlərlə inzibati nəzarət, 2.000.000 (iki milyon) Ermənistan dramı məbləğində girov və ölkədən çıxışa qadağa hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın, hökm qanuni qüvvəyə mindikdən sonra isə 900333832013 nömrəli depozit hesabına ödənilmiş 2.000.000 (iki milyon) Ermənistan dramı onu ödəyən şəxsə geri qaytarılsın.

Maddi sübut kimi tanınmış 1978-ci il zavod istehsalı olan 9 mm çaplı “Makarov” tipli BT 1346 nömrəli tapança və 9 ədəd zavod istehsalı olan 9 mm çaplı tapança patronu Ermənistan İstintaq Komitəsinin Armavir vilayət istintaq idarəsinə 57204825 nömrəli cinayət icraatına əlavə edilməsi və birgə araşdırılması üçün geri qaytarılsın”.

Qeyd edək ki, Mkrtiç Mkrtçyan avqustun 4-də saxlanılmışdı.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Səfir   Həbs  


Bizi "telegram"da izləyin