Ermənistanda əməkhaqqı “artımı”: 376 min dram rəqəmi arxasında gizlənən manipulyasiya və sosial uçurum

2026/02/1772006307.jpg
Oxunub: 454     17:40     25 Fevral 2026    
“Hakimiyyətə gəldikləri vaxtdan etibarən müxtəlif vəzifəli şəxslər iqtisadi nailiyyətlər barədə danışmaq üçün heç bir fürsəti qaçırmırlar. Bu nailiyyətlərin bir qismini Nikol Paşinyan, adəti üzrə, “misilsiz” adlandırır”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri yazıb.

Nəşr qeyd edib ki, son dövrlərdə iqtisadi artımlarla bağlı fəal danışanlardan biri, məsələn, Gevorq Papoyandır.

“O, bu artımları sadalayarkən son 8 ildəki inflyasiyanı qeyd etməyi unudur, borc/ÜDM nisbətinin azalmasından danışarkən isə son illərdə iki dəfə artmış borc yükü faktını diqqətdən kənarda saxlayır və s.

Bir neçə gün əvvəl Papoyanın üslubunda hakim “Vətəndaş Müqaviləsi” partiyasından bir deputat da “Facebook”da iqtisadi göstəricilərlə yenidən “oynamağa” cəhd edib və belə yazıb: “2021-ci ildə Ermənistanda orta əməkhaqqı 190.000 dram idi. 2025-ci ildə bu rəqəm 376.700 dram olub. Bağışlayın, 2021-ci ildə vəd etdiyimizdən bir az artıq alındı”.

Bu paylaşım, təbii ki, bir çox vətəndaş arasında narazılıq dalğası yaradıb. Şərhlərdə deputat yalan danışmaqda və manipulyasiya etməkdə ittiham olunub”, - deyə KİV vurğulayıb.

“168.am”a açıqlamasında erməni iqtisadçı Hrayr Kamendatyan açıq manipulyasiya barədə faktlarla danışıb.

“Biz başa düşməliyik ki, son 5 il ərzində nə baş verib. Rusiya-Ukrayna münaqişəsi olub və hələ də davam edir. Nəticədə on minlərlə rus və ukraynalı, əsasən yüksək maaşlı İT sahəsində çalışan şəxslər və onların şirkətləri Ermənistana köçüb. Son 2-3 ildə metallara qiymətlərin davamlı artımı filiz hasilatını həddindən artıq gəlirli edib və həmin müəssisələr böyük mənfəət əldə ediblər.

Üçüncü amil: Rusiyaya ixrac son illərdə davamlı şəkildə artıb. Əvvəllər, onun qeyd etdiyi illərdə Rusiyanın payı təxminən 11 faiz idisə, hazırda bu göstərici təxminən 35 faizdir.

Bütün bunları birlikdə götürdükdə müəyyən bir əməkhaqqı səviyyəsi alınır, lakin bu, iqtisadiyyatın real vəziyyətini əks etdirmir”, - deyə erməni iqtisadçı bildirib.

Kamendatyan başqa bir amili də xatırladaraq “əməkhaqlarının artımından heyran olanlara” təqaüdçülərin pensiya məbləği ilə maraqlanmağı tövsiyə edib.

“2018-ci ildə orta əməkhaqqı təxminən 172.000 dram idi və bu məbləğ həmin dövrdəki pensiyadan təxminən 4 dəfə çox idi. Hazırda isə bu göstərici 4 deyil, 6 dəfə çoxdur. Yəni açıq şəkildə sosial uçurum mövcuddur.

Aydındır ki, dövlət sistemində verilən bütün mükafatlar da əməkhaqqı göstəricisini süni şəkildə artırır və nəticədə belə rəqəmlər ortaya çıxır”, - deyə o qeyd edib.

Ümumilikdə, erməni iqtisadçının fikrincə, hakim partiyanın müxtəlif nümayəndələri bu cür rəqəmlər səsləndirməklə seçkiqabağı mövqelərini gücləndirməyə çalışırlar.

“Onlarda sadəcə diqqət mərkəzinə düşmək yarışı gedir. Tutaq ki, kimin haradansa tapdığı, kimdənsə götürdüyü bir fikir və ya rəqəm var, gətirib səsləndirir. Onlar səthdə qalmağa çalışırlar, ümidsiz cəhdlər edirlər ki, guya öz məntiqləri ilə üzdə qalsınlar və qarşıdakı seçkilərdə (onlar üçün hətta komandanın özü də o qədər vacib deyil) “Vətəndaş Müqaviləsi” adlanan qrup daxilində müəyyən mümkün bonuslar əldə etsinlər”, - deyə Kamendatyan sözlərini yekunlaşdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kamendatyan   Ermənistan  


Bizi "telegram"da izləyin