Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan və İran müdafiə sahəsində ikitərəfli münasibətlərin inkişafı istiqamətində işləri davam etdirməyə hazırdır. Bu barədə Ermənistanın müdafiə naziri Suren Papikyan ilə İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri, briqada generalı Əziz Nəsirzadə arasında keçirilən görüşdə bildirilib. Nazirlər regional və beynəlxalq təhlükəsizliklə bağlı bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
“Müdafiə sahəsində Ermənistan-İran əməkdaşlığının səviyyəsi yüksək qiymətləndirilib, ikitərəfli münasibətlərin inkişafı istiqamətində işlərin davam etdirilməsi ilə bağlı qətiyyət ifadə olunub, həmçinin qarşılıqlı fəaliyyətə dair bir sıra məsələlər müzakirə edilib”, - deyə məlumatda qeyd olunub. Görüşdə Ermənistanın İrandakı fövqəladə və səlahiyyətli səfiri Qriqor Hakobyan da iştirak edib. Papikyan həmçinin İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Əbdülrəhim Musəvi ilə də görüşüb. Görüş zamanı müdafiə sahəsində Ermənistan-İran əməkdaşlığı və regional təhlükəsizliklə bağlı məsələlər müzakirə olunub.
Papikyan 2026-cı il fevralın 23-ü rəsmi səfərlə İrana yollanıb. İranın Ermənistandadakı yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xəlil Şirğolami isə “Sputnik Armenia”ya müsahibəsində bildirib ki, gələcəkdə Ermənistan və İran arasında birgə hərbi təlimlər yenidən keçirilə və daha genişmiqyaslı ola bilər.
“İki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən müdafiə sahəsində mövcud münasibətləri və əlaqələri nəzərə alsaq, bu cür tədbirlər cari və gündəlik xarakter daşıyır, gələcəkdə də keçirilə və daha genişmiqyaslı ola bilər”, - deyə səfir vurğulayıb.
Papikyanın İrana səfərinin əvvəlcədən planlaşdırılıb-planlaşdırılmadığı, yoxsa İran ətrafında yaranmış gərginlik fonunda baş tutduğu barədə suala cavab olaraq səfir Şirğolami bildirib ki, səfər əvvəlcədən planlaşdırılıb.
Onun sözlərinə görə, Ermənistan-İran sərhədi daim sülh sərhədi olub və hər iki ölkə üçün böyük əhəmiyyət daşıyır.
Ordu.az-ın məlumatına görə, rusiyalı şərqşünas Viktor Nadeyin-Rayevski hesab edir ki, bu səfər yalnız ikitərəfli hərbi əməkdaşlıq prizmasından qiymətləndirilə bilməz.
“Çünki səfər hər iki ölkə üçün geosiyasi baxımdan mühüm dəyişikliklərin baş verdiyi bir mərhələdə həyata keçirilir”, - deyə Rayevski qeyd edib.
Onun sözlərinə görə, Cənubi Qafqazda hazırkı mərhələdə güc mərkəzləri arasında rəqabət, nəqliyyat dəhlizləri uğrunda mübarizə və yeni geosiyasi arxitekturanın formalaşdırılması cəhdləri müşahidə olunur.
Ekspert bildirib ki, Yaxın Şərqdə davam edən proseslər və İrana qarşı Qərb təzyiqləri Tehranın yaxın qonşularla münasibətləri dərinləşdirməsinə səbəb olur və şimal istiqamətində təhlükəsizliyi təmin etməyə yönəlir. Bundan əlavə, Bakı ilə Tehran arasında İsrail faktoru, sərhəd təhlükəsizliyi və müəyyən regional ideyalar ətrafında mövcud olan etimadsızlıq İran üçün Ermənistanı əsas amilə çevirir.
Onun fikrincə, Ukrayna müharibəsi nəticəsində Rusiyanın regiondakı rolunun dəyişməsi də İranı daha mürəkkəb vəziyyətlə üz-üzə qoyub və onu Cənubi Qafqazda öz təsirini gücləndirməyə sövq edib.
“Düşünürəm ki, hazırda bu səfər daha çox siyasi, nəinki hərbi xarakter daşıyır. İran açıq şəkildə bəyan edib ki, regionda sərhədlərin dəyişdirilməsini qəbul etmir. Tehran üçün Ermənistanın cənubunun erməni nəzarəti altında qalması həyati əhəmiyyət daşıyır. İran maraqlıdır ki, Ermənistan hər hansı anti-İran layihəsinin tərkib hissəsinə çevrilməsin. Tehran üçün vacibdir ki, Ermənistan-İran müdafiə təmasları sistemli xarakter daşısın və Ermənistan çoxvektorlu siyasətini qorusun.
İran üçün Şimal-Cənub layihəsinin aktivləşdirilməsi, Fars körfəzi-Qara dəniz dəhlizi ideyasının irəli aparılması, enerji sahəsində qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi əsas məsələlərdir. İran gözləyir ki, Ermənistan birgə layihələrin əsas qovşaqlarından biri olsun. Hesab edirəm ki, ABŞ vitse-prezidentinin regional səfərindən sonra bu səfər həmin mövqeləri yenidən vurğulamaq imkanı yaradır.
Bu baxımdan, səfər sadəcə hərbi danışıqlardan daha çox siyasi mesaj xarakteri daşıyır. Bu, İrəvan və Tehranın əməkdaşlıq etdiyini və aralarında fikir ayrılığının olmadığını göstərən siqnaldır. İran bu mərhələdə Ermənistandan proqnozlaşdırıla bilən siyasət, sərhədlərin toxunulmazlığının qorunması və regionda öz mövcudluğunun legitim qəbulunu gözləyir. Hesab edirəm ki, belə səfərlər zamanı bu gözləntilərə xüsusi diqqət yetirilir.
Ermənistan üçün də düzgün istifadə olunarsa, belə səmərəli səfər çoxvektorlu siyasət barədə daha əsaslandırılmış şəkildə danışmaq imkanı yarada bilər. Çünki ABŞ və Avropa İttifaqı ilə yaxın, Rusiya ilə isə o qədər də isti olmayan münasibətlər fonunda balanslı siyasət aparıldığına dair bəyanatlar məzmun baxımından zəif görünür”, - deyə Rayevski bildirib.
O, İran ətrafında son saatlarda baş verən hadisələrə toxunaraq eskalasiya təhlükəsinin qalmaqda davam etdiyini qeyd edib. Rayevskinin fikrincə, artıq hər kəs üçün bir məsələ aydındır: Donald Tramp genişmiqyaslı və uzunmüddətli müharibə istəmir.
“Hətta eskalasiya baş versə belə, tərəflər zərbələrlə kifayətlənəcək. Düşünürəm ki, vəziyyət nə qədər mürəkkəb olsa da, tərəflər danışıqları davam etdirəcək”, - deyə o vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az