Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.
“Bir dəfə hərbi geyimi dəyişirlər, bir dəfə də peşəkar ordunun yaradılmasından danışmağa davam edirlər. Halbuki reallıqda baş verən proseslər, yumşaq desək, narahatlıq doğurur. Müntəzəm olaraq xəbər tuturuq ki, Ermənistan müxtəlif ölkələrdən müxtəlif silah növləri alır. Bildirilir ki, bu, ölkənin müdafiə qabiliyyətinin təmin olunması üçündür”, - deyə KİV qyed edib.
Ermənistanın “Henaket” analitik mərkəzinin eksperti Şiraz Xaçatryan nəşrə açıqlamasında mövcud vəziyyəti şərh edib.
“Əvvəlcə qeyd etmək lazımdır ki, dövlət üçün silahlanmanın dövri yenilənməsi və tamamlanması adi, fasiləsiz və sistemli bir proses olmalıdır. Hər bir məsuliyyətli hakimiyyət silah arsenalını daim müasirləşdirməyə, ehtiyatları doldurmağa və ordunun döyüş qabiliyyətini yüksəltməyə borcludur. Buna görə də bu hakimiyyətin ayrı-ayrı alışları müstəsna və ya misli görünməmiş nailiyyətlər kimi, daha çox siyasi vurğu ilə təqdim etməsi informasiya şousundan başqa bir şey deyil.
Eyni zamanda, həyata keçirilən alışların Silahlı Qüvvələrin strukturu və inkişaf strategiyası ilə nə dərəcədə tam uyğun olduğunu dəqiq qiymətləndirmək çətindir. Amma aydındır ki, son illərdə həm insan itkisi, həm də maddi-texniki baxımdan ciddi itkilərimiz olub. Milyardlarla dollar dəyərində hərbi texnika və silah itkilərindən sonra prioritet vəzifə orduda yaranmış boşluqların doldurulması, döyüş qabiliyyətinin bərpası və sistemli yenidənqurma olmalıdır. Yalnız bundan sonra uzunmüddətli inkişaf proqramlarının hazırlanmasına və yeni, prioritet istiqamətlərin seçilməsinə keçmək olar”, - deyə o bildirib.
Xaçatryan qeyd edib ki, bundan başqa, hazırda həyata keçirilən addımların hərbi-siyasi baxımdan hansı problemlərin həllinə yönəldiyi də aydın deyil.
“Əgər dəqiq formalaşdırılmış müdafiə doktrinası, təhdidlərin qiymətləndirilməsi və onlara qarşı tədbirlərin, tam açıq olmasa belə, ictimai əsaslandırması yoxdursa, silahlanma üzrə istənilən alış strateji zərurət kimi deyil, parçalanmış və sistemsiz addımlar kimi qəbul edilə bilər. Müdafiə siyasəti yalnız bəyanatlar və ya ayrı-ayrı sövdələşmələr üzərində qurula bilməz. O, aydın baxışa, uzunmüddətli planlaşdırmaya və dövlət məsuliyyətinə əsaslanmalıdır. Yalnız bu halda demək olar ki, həyata keçirilən alışlar hesabatlardakı rəqəmlər deyil, ölkənin təhlükəsizliyinə və dövlətçiliyin möhkəmlənməsinə real töhfədir”, - deyə Xaçatryan bildirib.
O deyib ki, əslində Azərbaycanın silahlanması təəccüblü deyil.
“Bu gün beynəlxalq münasibətlərdə həlledici amil güc faktorudur. Hərbi-siyasi hesablamalarda güc balansı məntiqi üstünlük təşkil edir və dövlətlər mövqelərini ilk növbədə hərbi imkanlar vasitəsilə möhkəmləndirməyə çalışırlar. Bakının siyasəti açıq-aydın təkcə Ermənistan üzərində təzyiq rıçaqlarını qoruyub saxlamağa və artırmağa deyil, həm də daha geniş regional ambisiyalara yönəlib.
Azərbaycan həm Ermənistan üzərində davamlı hərbi-siyasi təzyiq göstərmək, həm də regionda güc mövqeyindən danışmaq və mövqe tutmaq, eləcə də mümkün qeyri-sabit inkişaflar zamanı hazır olmaq üçün silahlanır. Tarix göstərir ki, regional güc boşluqları tez-tez eskalasiya üçün zəmin yaradır.
Buna görə də Azərbaycanın silahlanmasını regional və qlobal proseslər kontekstində qiymətləndirmək lazımdır. Sülh haqqında bəyanatlar və eyni zamanda genişmiqyaslı hərbi yenidən silahlanma ziddiyyətli mənzərə yaradır. Əgər sülh qarşılıqlı etimadın formalaşmasını və gərginliyin azalmasını nəzərdə tutursa, silahlanmanın intensiv artımı, xüsusən də hücum xarakterli vasitələrin əldə edilməsi bu yolun təbii tərkib hissəsi kimi çətin qəbul olunur. Bu şəraitdə Ermənistanın öz müdafiə və xarici siyasətini bəyanatlar üzərində deyil, həm öz imkanlarını, həm də qarşı tərəfin strateji davranışını və regional mümkün inkişafları nəzərə alaraq ayıq-sayıq qiymətləndirmə əsasında qurması daha vacibdir”, - deyə o vurğulayıb.
Xaçatryanın qiymətləndirməsinə görə, şübhəsiz ki, ordu keşişləri institutunun ləğvi siyasi xarakter daşıyır və bunu hakimiyyətin kilsəyə qarşı davam edən kampaniyası kontekstində qiymətləndirmək lazımdır.
“Axı ordu keşişlərinin fəaliyyəti təkcə dini ayinlərlə məhdudlaşmırdı. Onlar hərbçilərin mənəvi-psixoloji işində iştirak edir, psixoloji dəstək göstərir, həmçinin komandanlıqla əsgərlər arasında etibarlı vasitəçi rolunu oynayırdılar. Müharibə və müharibədən sonrakı şəraitdə, ordunun ciddi itkilər və ağır psixoloji durumla üzləşdiyi vaxtlarda belə institutların rolu xüsusilə əhəmiyyətli olur. Əminəm ki, mənəvi-psixoloji boşluq yaranacaq və bu, hərbçilərin daxili sabitliyinə və kollektiv ruhuna təsir edəcək”, - deyə erməni ekspert qeyd edib.
O, “Nikol Paşinyan bu yaxınlarda bəyan edib ki, əlilliyi olan şəxslər də orduda, məsələn, pilotsuz uçuş aparatlarının operatoru kimi xidmət edə bilərlər. Hamını orduya cəlb etməyə yönəlmiş bu tendensiya Silahlı Qüvvələrdə xidmət edənlərin sayında problem olduğunu və peşəkar ordu yaratmaq istəyinin reallaşdırılmadığını göstərirmi?” sualına belə caavb verib:
“Bu bəyanatdan əslində aydın olur ki, Ermənistanda Silahlı Qüvvələrin komplektləşdirilməsi ilə bağlı ciddi çətinliklər var, bir tərəfdən peşəkar ordu yaratmaqdan danışılır, digər tərəfdən isə xidmətçi sayını doldurmaq zərurəti açıq şəkildə nümayiş etdirilir. Peşəkar ordu sadəcə müqaviləli hərbçilərlə komplektləşdirmə prosesi deyil. Anlamaq lazımdır ki, peşəkar ordunun yaradılması daha dərin və çoxşaxəli bir prosesdir və yalnız müqaviləli hərbçilərin sayının artırılması və ya yeni texnologiyaların tətbiqi ilə məhdudlaşmır. Bu proses həm də təhsil sisteminin yaxşılaşdırılmasını, infrastrukturun möhkəmləndirilməsini, kadrların komplektləşdirilməsinə yeni yanaşmaları və s. tələb edir.
Əlilliyi olan şəxslərin xidmət edə biləcəyi barədə belə bəyanatlar isə suallar doğurur: sistem bu cür dəyişiklikləri qəbul etməyə və onlara uyğunlaşmağa hazırdırmı, yoxsa bu, sadəcə say problemini həll etməyə yönəlmiş, yetərsiz bir addımdır və orduda yeni çağırışlar yaradır? Hələlik aydın deyil ki, bütün bunlar strateji planlaşdırmanın tərkib hissəsidir, yoxsa vəziyyətə uyğun müvəqqəti həllərdir. Amma aydındır ki, peşəkar ordu yaratmağın yeganə yolu təkcə müqaviləli hərbçilərin sayını artırmaq və situativ qərarlar deyil, həm də sistemin texniki, insani və mənəvi-psixoloji müstəvilərdə hərtərəfli təkmilləşdirilməsidir”.
Alpər Mövludoğlu
Ordu.az