Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Aİ Qərbyönlü qüvvələri birləşdirməyə çalışır” başlıqlı məqaləsində yazıb.
Nəşr qeyd edib ki, həftələr boyu qərbyönlü “Yevrakve” alyansına daxil olan “Respublika” və “Respublika Naminə” partiyaları seçkilərdə təkbaşına, öz partiyaları ilə iştirak etməyi planlaşdırdıqlarını bildirirdilər.
“Belə ki, “Respublika” partiyası seçkilərdə yalnız öz resursları və üzvləri ilə iştirak edəcəyini açıq şəkildə bəyan etmişdi. “Respublika Naminə” partiyası isə seçki siyahısında kifayət qədər geniş iştirakın, o cümlədən vətəndaş cəmiyyətinin müxtəlif nümayəndələrinin cəlb olunmasını istədiklərini qeyd etmişdi. Məlumatlarımıza görə, bir neçə gün əvvəl Ermənistana səfər etmiş Avropa İttifaqı nümayəndələri qərbyönlü partiyaların təmsilçiləri ilə ayrıca görüş keçirərək onlardan seçkilərdə vahid siyahı ilə iştirak etmələrini tələb ediblər. Eyni zamanda, Avropa İttifaqı qərbyönlü qüvvələrin seçkilərdə partiya siyahısı ilə iştirak etməsinə qarşı deyil”, - deyə KİV vurğulayıb.
Nəşr bildirib ki, bu yolla bəlkə də 4 faizlik baryeri keçmək mümkün olar.
“Alyansla iştirak edildiyi halda isə keçid həddi 7 faiz hesab olunur. Buna görə də Aram Sarkisyanın başçılıq etdiyi “Respublika” partiyasının vahid seçki siyahısı ilə çıxış etməyi, həmin siyahıya həm “Respublika Naminə” nümayəndələrini, həm də vətəndaş cəmiyyətinin müxtəlif təmsilçilərini daxil etməyi və siyahıların Avropa İttifaqı nümayəndələri ilə razılaşdırılmasını təklif edirlər. Bu halda Avropa İttifaqı tərəfindən kifayət qədər ciddi maliyyə və təbliğat dəstəyi vəd olunur. Əks halda, əgər qərbyönlü qüvvələri birləşdirmək mümkün olmasa, Avropa İttifaqı bütün mərcini Paşinyanın və “Vətəndaş Müqaviləsi” partiyasının üzərinə qoyacaq”, - deyə məqalədə qeyd edilib.
Alpər Mövludoğlu
Ordu.az