Ermənistan parlamentinin sədri Moskvaya səfəri zamanı Rusiya KİV-lərinin davranışını şərh edib

2025/09/1758888657.jpg
Oxunub: 391     13:50     15 Fevral 2026    
Ermənistan parlamentinin sədri Alen Simonyan “Dojd” televiziya kanalına müsahibəsində fevralın 5-də Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla keçirdiyi görüşlə bağlı sualları cavablandırıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

O, Sergey Lavrovun Moskvanın ünvanına İrəvandan səslənən tənqidlər və Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşmasından narazılığını nəzərə alaraq səfəri ağır hesab edib-etmədiyi barədə suala cavabında bildirib ki, səfər işgüzar xarakter daşıyıb.

“Mən onu ağır hesab etmirəm. İşgüzar səfər idi. Düşünürəm ki, gözlədiyim söhbət baş tutdu. Hətta deyə bilərəm ki, söhbət əslində xoşuma gəldi, çünki aqressiya yox idi, müzakirəsi mümkün olmayan və ya tərəflərdən birinin özünü narahat hiss edəcəyi vəziyyət yarada biləcək suallar yox idi. Ona görə də hesab edirəm ki, hər şey normal idi”, - deyə Simonyan bildirib.

Eyni zamanda, onun sözlərinə görə, sonrakı mərhələdə, yəni görüşü işıqlandıran mətbuat və KİV-lərə gəldikdə isə onlar daha aqressiv idilər, tamamilə başqa müstəvidə hərəkət edirdilər. “Bu məni əslində təəccübləndirmədi, amma bir qədər qəribə idi”, - deyə erməni parlament sədri qeyd edib.

“REN TV və “İzvestiya” nəşrinin reportajını görmüşəm. Orada sizdən soruşurdular ki, Rusiyanın dağılmasını istəyirsinizmi? Siz isə bunun belə olmadığını dediniz. Bəs niyə yenə də bir qədər təəccübləndiyinizi bildirirsiniz? Ümumiyyətlə, Rusiya dövlət təbliğatı tərəfindən belə qəbuledilməz münasibətin səbəbi nədir?” - deyə jurnalist soruşub.

“Bilirsiniz, mən düşünürdüm ki, rəsmi görüşlər zamanı səsləndirilənlər rəsmi televiziya kanallarında deyilənlərlə eynidir. Amma məlum oldu ki, rəsmi kanallar mənim dediklərimə və baş verənlərə daha sərt və daha çətin reaksiya verirlər. Halbuki görüşlərdə, təkrar edirəm, tamamilə başqa vəziyyət, başqa mühit var idi”, - deyə Ermənistan parlamentinin sədri bildirib.

Rusiyanın xarici işlər nazirinin ondan hər hansı tələb irəli sürüb-sürmədiyi barədə suala cavabında Simonyan qeyd edib ki, heç bir tələb olmayıb.

“Əslində efirdə olan açıq hissədə... kameralar söndürüldükdən sonra (baxmayaraq ki, onların hansı anda qoşulduğunu bilmirəm) biz bütün söhbəti sadəcə olaraq ətraflı, bənd-bənd müzakirə etməyə başladıq. Və düşünürəm ki, Ermənistanda baş verənlərlə bağlı formalaşmış təsəvvür ya təhrif olunub, ya da onlar əslində Ermənistanda baş verənləri qəbul etmək istəmirlər”, - deyə Simonyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin