Rusiya XİN başçısının müavini: “Qərb Ermənistanı Moskva ilə qarşıdurmada geosiyasi alət kimi istifadə edir”

2026/02/1771141533.jpg
Oxunub: 454     11:45     15 Fevral 2026    
“Qərb Ermənistanı Moskva ilə qarşıdurmada geosiyasi mübarizə aləti kimi istifadə edir”.

Ordu.az xəbər verir ki, bu barədə TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

“Bu yaxınlarda Ermənistanın Baş naziri Nikol Paşinyan müsahibəsində qeyd edib ki, Ermənistanın xətti Rusiyanın maraqlarına zərər vurmağı nəzərdə tutmur. Buna baxmayaraq, biz görürük ki, İrəvan Qərb ölkələri və birlikləri ilə hərbi-siyasi və iqtisadi yaxınlaşmanı sürətləndirir. Biz erməni tərəfdaşlarımıza dəfələrlə demişik ki, Qərb üçün (və bunu artıq orada gizlətmirlər) Ermənistan Moskva ilə qarşıdurmada geosiyasi mübarizə alətidir”, - deyə o bildirib.

Qaluzinin sözlərinə görə, İrəvanda Moskvanın Avropa İttifaqına üzvlüklə Avrasiya İqtisadi Birliyinə üzvlüyün uzlaşmazlığı barədə prinsipial qiymətləndirmələrindən xəbərdardırlar.

“Digər inteqrasiya birliyinin tənzimləmələrinə keçid halında İrəvan AİB-in norma və qaydalarına əməl olunmasını təmin edə bilməyəcək ki, bu da müvafiq nəticələrə səbəb ola bilər.

Ümid edirik ki, ölkədə praqmatizmə üstünlük veriləcək. Ermənistan iqtisadiyyatının yüksək artım templəri, inflyasiyanın aşağı səviyyəsi, milli valyutanın sabitliyi, erməni məhsullarının geniş istehlak bazarı, bütün bunların təminatı Rusiya ilə və AİB çərçivəsində əməkdaşlıqdır”, - deyə nazir müavini qeyd edib.

Qaluzin bildirib ki, Rusiya əvvəlki kimi İrəvanı Cənubi Qafqazda Moskvanın təbii müttəfiqi hesab edir. O xatırladıb ki, Rusiya ilə Ermənistan arasında münasibətlərin strateji statusu zəngin hüquqi-müqavilə bazasında təsbit olunub.

“Biz hər zaman güclü və həqiqətən suveren Ermənistan dövlətinin tərəfdarı olmuşuq. Əminik ki, Rusiya ilə Ermənistanın müttəfiqlik qarşılıqlı fəaliyyəti alternativsizdir. Ölkələrimiz və xalqlarımız arasında möhkəm əlaqələr ölkənin və bütövlükdə regionun sabit inkişafının əsasını böyük ölçüdə formalaşdırır. İkitərəfli əməkdaşlıq və ümumi Avrasiya qurumları çərçivəsində əlaqələndirilmiş fəaliyyət Ermənistanın gələcək rifahının təminatıdır”, - deyə Qaluzin bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan   Qərb  


Bizi "telegram"da izləyin